Search
IMG_9108

BVF Azərbaycanda aparılan islahatları dəstəkləyir

İqtisadiyyat naziri Şahin Mustafayev Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycanın daxil olduğu ölkələr qrupunun icraçı direktoru və Azərbaycan üzrə missiyasının rəhbəri Məhəmməd əl-Qorçi ilə görüşmüşdür.

Görüşdə Azərbaycan və BVF arasında əməkdaşlıq, yeni iqtisadi şəraitlə bağlı ölkəmizdə makroiqtisadi vəziyyət və həyata keçirilən geniş islahatlar, o cümlədən biznes və investisiya mühitinin yaxşılaşdırılması sahəsində aparılan islahatlar, ölkə iqtisadiyyatının prioritetləri barədə müzakirələr aparılmışdır.

Nazir Şahin Mustafayev qeyri-neft sektorunun inkişafının prioritet olduğunu vurğulamış, Azərbaycan iqtisadiyyatı, son zamanlar iqtisadiyyatın müxtəlif sahələrində həyata keçirilən tədbirlər barədə məlumat vermişdir. Bildirilmişdir ki, sahibkarlığın stimullaşdırılması məqsədilə sahibkarlıq sahəsində yoxlamalar dayandırılmış, lisenziyaların və icazələrin sayı kəskin azaldılmış, gömrük prosedurları sadələşdirilmiş, Apelyasiya Şuraları yaradılmış, maliyyə bazarlarına nəzarət gücləndirilmiş, investisiyaların təşviqi sahəsində bir sıra tədbirlər həyata keçirilmişdir. Belə tədbirlər davamlı olacaqdır.

Azərbaycanın beynəlxalq maliyyə institutları, o cümlədən BVF ilə əməkdaşlığa önəm verdiyini qeyd edən nazir Şahin Mustafayev ölkəmizdə həyata keçirilən islahatlarda, makroiqtisadi sabitliyin qorunması, qanunvericiliyin və biznes mühitinin təkmilləşdirilməsi, özəl sektorun mövcud durumda maliyyə resurslarına çıxışının genişləndirilməsi sahəsində beynəlxalq maliyyə qurumlarının da rolunun olduğunu bildirmişdir.

Beynəlxalq Valyuta Fondunun Azərbaycan üzrə missiyasının rəhbəri Məhəmməd əl-Qorçi Azərbaycanda iqtisadi sahədə aparılan çevik islahatlar barədə fikirlərini bildirmiş, Fondun bu addımları dəstəklədiyini vurğulamışdır. Qeyd edilmişdir ki, hökumət tamamilə doğru olaraq hazırkı dövrdə özəl sektorun dəstəklənməsini prioritet istiqamət kimi müəyyənləşdirmişdir.

Görüşdə cari ilin gözlənilən makroiqtisadi göstəriciləri barədə fikir mübadiləsi aparılmışdır.

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir