Search
aqrar_0

Bu dəyişiklik kənd təsərrüfatına ikinci nəfəs verəcək

Aprelin 18-də Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib. İclasda komitə sədri Ziyad Səmədzadə Vergilər Məcəlləsində dəyişikliklər edilməsi barədə qanun layihəsini təqdim edib. Məcəlləyə edilən dəyişikliklərdən biri kənd təsərrüfatı təyinatlı torpaqların hər hansı üzrlü səbəb olmadan təyinatı üzrə istifadə edilmədikdə ona tətbiq olunan vergi dərəcəsi ilə bağlıdır. Belə ki, dəyişikliyə əsasən, həmin torpaq üzrlü səbəb olmadan təyinatı üzrə istifadə olunmursa, vergi dərəcəsi artırılır. Hər 100 kvadratmetr üçün 10 manat müəyyən edilir. Təyinatı üzrə istifadə olunduqda torpaq vergisi yerli büdcələrə, təyinatı üzrə istifadə olunmadıqda toplanan vergi isə dövlət büdcəsinə daxil ediləcək. Məcəllənin XIV fəslində (Torpaq vergisi) nəzərdə tutulan dəyişikliklər kənd təsərrüfatı təyinatlı və bu məqsədlərlə istifadə üçün yararlı olan, lakin istifadəsiz qalmış torpaq sahələri üzrə vergi yükünün artırılması məqsədini daşıyır. Bu da öz növbəsində mülkiyyətçilər tərəfindən belə torpaqlardan geniş istifadə edilməsinə və bununla da qeyri-neft sektorunun əsas istiqamətlərindən biri olan kənd təsərrüfatı istehsalının genişləndirilməsinə zəmin yaradacaq.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir