Search
260228

Borcluya cəhənnəm yaşadan Azərbaycan bankları

Bakının özəl klinikalarından birində sanitar işləyən Məsmə xanım bir xeyli qabaq sirkə içib özünə qəsd eləmək istəmişdi. 55 yaşlı qadının başına bu bəla kredit götürərək evə xeyli mebel almasına görə gəlmişdi. Ayda 300 manat maaş alan qadın təxminən 500 manata yaxın kredit pulu ödəməli idi. Krediti rahat götürübmüş – özünün, ərinin və qızının aylıq maaşı barədə verdiyi arayışdan sonra istədiyi mebelləri rahatca ala bilmişdi. Amma pulu ödəmək vaxtı gələndə qızı da, əri də yaxasını kənara çəkmişdi.

“Mama, məndən kömək gözləmə, ingilis dili kursuna getməyi qərara almışam” deyən qızına əri də qoşulmuşdu: “Mən də uşaqlarla loto oynayıram, inşallah, pulu yayda alıb Antalyaya gedəcəm”. Hər ikisi iki ayağını bir başmağa dirəyib deyirmişlər ki, apar, mebelləri qaytar. Biçarə qadın vəziyyətdən çıxış yolunu sirkə içməkdə görür. Qadını həkim yoldaşları xilas edir – sözün hər iki mənasında.

Bu əhvalatı anspress-in əməkdaşına danışan həkimlərdən biri deyir ki, vicdansız ata-balanı həbslə qorxudublar: “Onlara dedik ki, bu qadının başına bir iş gəlsə, “İntihara səbəb olma” maddəsi ilə sizə qarşı cinayət işi qaldırılacaq. Ondan sonra kreditin ödənilməsinə yardım etməyə başladılar. İndi, min şükür, Məsmənin vəziyyəti yaxşıdır”.

Amma Bakıda kredit qalmaqallarının heç də hamısı bu cür müsbət sonluqla bitmir. anspress-in əməkdaşı ilə bu barədə söhbət edən MİS işçisi Nazim Qurbanovun dediyinə görə, bəzi hallarda bu, hətta intiharla nətiicələnir: “Adətən bank işçilərinə mənzillərin ünvanını biz göstəririk. Arvadı və uşaqları tərəfindən həddindən artıq kredit yükü altına salınmış bir kişi özünü eyvandan atırdı”.

Arvadları tərəfindən lap axmaq vəziyyətə salınmış və sonda həbsə düşmüş kişilər də az deyil. Bu sətirlərin müəllifinin yaxın bir tanışının arvadı Lökbatanda ərinə məxsus mənzili satdı və Yeni Yasamalda öz qardaşının adına yeni mənzil aldı. Təbii ki, ərinə mənzili öz adına aldığını söylədi. Sonra ərinin adına xeyli kredit götürdü və mənzili təmir elətdirdi, daha sonra boşanma ərizəsi yazdı. Məhkəmədən sonra 48 yaşlı kişi mənzilsiz, ailəsiz və boynunda 5 min manat kredit borcu ilə küçələrdə qaldı. Depressiyaya düşdüyündən iş yerini də itirdi və etdiyi çılğınlıqlar üzündən yolu həbsxanaya qədər düşdü.

Borclu olduğu bank isə arvadından heç nə istəmədi və krediti zaminlərə ödətdi. Göründüyü kimi, hiyləgər bir qadın yalnız ərini deyil, həm də ona zamin duran dostlarını aldatdı. Bu ədalətsiz soyğunçuluq həm də kredit verən bankın da gözünün qarşısında baş verdi və bank kreditin xərclənmiş ünvandan geri alınmasına çalışmadı. Əslində, bu, bankların kredit verməsi zamanı kredit götürənə zaminin məhz ailə üzvlərinin olması məsələsini gündəmə gətirir. Azərbaycan Ailə Məcəlləsinin 41-ci maddəsinə görə də ər və arvadın ödənişlər üzrə məsuliyyəti bölünür. Yəni kredit almış adamın ailə üzvləri dura-dura krediti ailəyə kənar olan zaminlər tərəfindən ödənilməsi məhz Məcəllənin bu maddəsinin pozulmasıdır. Yəni məntiqə görə, kredit alanın birinci zamini elə ailə üzvü (həyat yoldaşı, qardaşı, bacısı, atası, anası və s.) olmalıdır. Məhz bu məntiqdəndir ki, Rusiyada banklar kredit verərəkən kredit götürənin birinci zamini məhz həyat yoldaşı olur.

Amma anspress-in araşdırmasına görə, Azərbaycan bankları adətən kredit götürənə zamin kimi ailə üzvünü götürməkdən imtina edirlər. Səbəb də aydındır – həyat yoldaşlarından birinin gəlirinin azalması bütün ailənin imkanın azalması deməkdir.

Buna görə zamin kimi kredit ödəmək qabiliyyəti olan ikinci ailə cəlb edilir. “Zamin götürdükdə niyə eyni ailədən olan zaminlərdən imtina edilir? Çünki eyni ailədir və gəlirlər eyni mərkəzdən idarə edilir. Başqa ailədən olan zaminə ona görə üz tuturlar ki, bir ailədə maliyyə problemi olduqda başqa ailənin hesabına bunu həll edə bilirlər. Və burada heç bir qanun pozuntusu yoxdur, çünki kreditə zamin duran şəxs bu halı da nəzərinə aldıqdan sonra razılıq verir”, – deyə iqtisadçı ekspert Samir Əliyev anspress-ə bildirib. Amma onun sözlərinə görə, bu məsələ adətən centlmen razılaşması ilə həll edilə bilir: “Yaxın tanışımın atası kredit götürmüşdü və təbii ki, iş yoldaşları kreditə zamin durmuşdu. Kişi dünyasını dəyişdi və oğlu irəli duraraq atasının kreditini özü ödəyəcəyini dedi. Yəni bu problem adətən belə həll olunur”.

Göründüyü kimi, Azərbaycan mentaliteti də kredit götürən üçün birinci zamin kimi ailə üzvlərini qəbul edir. Və bu, İslamdan gəlir. Hədisə görə, peyğəmbər Məhəmməd əleyhisalamın səhabələrindən biri vəfat edir. Məlum olur ki, onun 100 dirhəm borcu var. Peyğəmbər əleyhisalam ailə üzvlərindən birinin borca zamin durmayacağına qədər mərhumun cənazə namazını qılmaycağını bildirib. Mərhumun qardaşı vəziyyəti belə görərək borcları öz boynuna götürüb. İslam fəlsəfəsinə görə, bu dünyanın borcu elə bu dünyada ödənilməlidir, əks halda borc axirətdə cəhənnəm əzabı ilə ödəniləcək.

Bankların kreditə ailədən kənarda zamin axtarmasının başqa səbəbi də var. “Əgər kreditlərə zamin kimi yalnız ailə üzvləri götürülərsə, onda ölkə üzrə verilən kreditlərin sayı xeyli aşağı düşər. Xüsusilə, rayon yerlərində kredit verilməsi mümkün olmaz. Sirr deyil ki, rayonlarda pulu əsasən kişilər qazanır və kreditlərə zamin kimi də əsasən kişilər götürülür. Əgər ailə üzvlərinin zamin olması tələb edilərsə, kişilər qadınları üçün gəlir arayışı təqdim edə bilməzlər və kredit ala bilməzlər. Buna görə də banklar bu məsələdə maraqlı deyillər”, – deyə bank eksperti Vüqar İsrafilov anspress-ə bildirib.

Belə görünür ki, banklar heç zaman ailə üzvlərinin zamin durmasına razı olmayacaqlar. Və bəzi zaminlər etibar etdikləri dostlarının ailə üzvləri dura-dura onlarına yerinə kredit ödəməli olacaqlar. Amma hüquqşünaslar bundan da çıxış yolu olduğunu vurğulayırlar. Onların fikrincə, zamin istənilən halda krediti ödəməlidir və bundan sonra reqres yolu ilə məhkəməyə müraciət edərək kredit götürənin ailəsindən öz pulunu ala geri ala bilər. Vəssalam…

Milli.Az




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir