Search
Blog-Featured-Image-How-to-Choose-A-Tag-Line

Bankların devizləri onların fəaliyyətinə nə dərəcədə adekvatdır ?

«Gəmiyə necə ad qoyarsan, elə də üzər». Məşhur ingilis məsəli özünü dənizçilikdə doğrultsa da, Azərbaycanın bank sektorunda hələ ki, yerinə düşməyib. Vaxtilə sürətlə korporativləşən ölkə bankları üçün bir neçə il əvvəl gurultulu deviz seçmək dəbdə idi. Prinsipcə devizlər bankın prioritetlərini, iddialarını və qismən də olsa planlarını nümayiş etdirməli idi. Bəzi devizlər doğrudan da yerinə düşür və özünü doğruldur. Bir sıra banklarda isə bunu demək çətindir.

Azərbaycanda fəaliyyət göstərən 37 bankdan 23-nün devizi var. Onların nə qədər həqiqətə uyğun olub olmadığını ən yaxşı bankların müştəriləri bilir.

 «Accessbank» – «Sizin yerli Avropa bankınız»

Etibarlı, reputasiyalı və imkanlı səhmdarın olması bankın yarısıdır. Səhmdarları beynəlxalq maliyyə təşkilatları, o cümlədən Avropa Yenidənqurma və İnkişaf Bankı olan «Accessbank» bu devizi seçəndə  əlbəttə ki, ilk növbədə bankın müasirliyini və bazara yeniliklər gətirəcəyini  nəzərdə tuturdular. Amma bu deviz həm də «xarici kökləri» olan bankın möhkəmliyi və etibarlığına işarədir. Bank sahiblərinin telefonu açıq qoyub yatdıqları indiki vaxtda isə bu amil çox vacibdir. O ki qaldı yeniliklərə – doğrudan da məhz «Accessbank»ın (həmin vaxt Mikromaliyyələşdirmə Bankı adlanırdı) bazara daxil olması ölkənın bank kreditləri bazarında monopoliyanı aradan qaldırdı və kiçik və orta sahibkarlar üçün əsl pul «nəfəsliyi» oldu.

«AFB Bank» – «Hər kəs üçün eyni»

Qüdrətli səhmdarları olan bank müştərilərinə fərq qoymadığını demək istəyir. Bununla belə, əksər banklarla müqayisədə sərfəli şərtlərlə kredit verən «AFB Bank»dan borc almaq asan deyil.

«AGBank» – «Zəngin olmaq haqqınızdır»

Vaxtilə «AGBank» doğrudan da, zənginlərin bankı sayılırdı və ölkədəki nüfuzlu bank müştərilərinin bir hissəsi burada idi. Amma sonradan rəqabətin artması sözünü dedi. Üstəlik, manatın devalvasiyasından sonra kapitalı azalmış bank hazırda ilk növbədə özünü zənginləşdirməyə çalışır. Hərçənd bank zəngin müştərilərini yaddan çıxarmayıb – bir qədər əvvəl bank zənginlər üçün «Priority Pass» adlı kart buraxıb.

«Amrahbank» – «Sizə açıq və aydın bank»

Müştərilərinə qarşı nə qədər şəffaf olduğunu deyə bilmərik, amma mətbuata qarşı elə də açıq və aydın deyil. 2015-ci ilin başa çatmasından 2 aydan artıq vaxt keçsə də, bank hələ də ötən ilin hesabatını ictimaiyyətə təqdim etməyib.

«Atabank» – «Bir addım öndə»

Vaxtilə «Atabank» rəqiblərinin əksəriyyətindən nəinki bir addım, hətta bir korpus irəlidə idi. Amma devalvasiya və kredit bazarındakı vəziyyət bu banka da təsir edib. Ən azı kredit vermək məsələsində son vaxtlar başqa banklardan geri qalır. Otən ilin ortalarından bəri bank bir nəfərə belə kredit verməyib.

«Azərbaycan Beynəlxalq Bankı» – «Uğuruna imza at»

Ökənin ən böyük bankı, əsas səhmdarı dövlət olan ABB bir qədər əvvəl üzləşdiyi problemləri sürətlə aradan qaldırmaqdadır. 3 milyard manatlıq problemli aktivini «Aqrarkredit»ə ötürən bank, inkişafa mane olan ballastdan yaxa qurtara bilib. Hazırda isə manatla ən ucuz kredit verən bankdır.

«Azərbaycan Sənaye Bankı» – «Bir bankdan daha üstün»

Bankın bu devizi seçməsi bəlkə də daxil olduğu holdinqlə bağlıdır. İqtisadiyyatın az qala bütün sahələrində təmsil olunan holdinqin bankı adi banklarla müqayisədə üstün olduğunu düşünür. Hərçənd bu banka holdinqdən kənarda olduğu halda baxmaq maraqlı olardı.

«Azər-Türk Bank»- «Etibar etdiyiniz ünvan»

«Azər-Türk Bank» əvvəllər də sabitliyi ilə seçilirdi, bankın səhmdarları arasında dövlətin payının 50%-dən 75%ə çatdırılması isə onu daha da möhkəmləndirib. Ciddi dövlət dəstəyi və təkmil menecment sayəsində bu bank doğrudan da əksər banklardan etibarlı görünür.

«Bank of Baku»- «Sizə yaxın bankçılıq»

Devizini doğrultmağa çalışan bank kreditləri elə səxavətlə paylayırdı ki, ölkədə şəxsiyyət vəsiqəsilə kredit verən ilk banka çevrilmişdi. Amma bu yaxınlıqdan həm müştərilər, həm də bank zərər çəkdi. Əvvəla, bankın istehlak kreditəri çox yüksək faizlə verilirdi – bəzi kreditlərin illik faiz dərəcəsi bəzən 80%-i keçirdi. Manatın devalvasiyasından sonra isə bu çətinliklər bumeranq kimi, bankın üstünə qayıtdı – dollar kreditlərini yığmaq getdikcə çətinləşir. Nəticədə indi «Bank of Baku» dollar kreditlərini 1 dollar 1,35 manat məzənəsi ilə də bağlanmasına razıdır.

«Bank Respublika»- «Sizə faydalı»

Ölkənin ən ehtiyatlı banklarından biri olan «Bank Respublika» çətin ki, deviz axtarmağa çox vaxt sərf etsin – əsas məsələ işdir. Hərçənd indi bank müştərilərə verdiyi faydanın zərərini görməkdədir – onun da problemli kreditlərinin sürətlə artdığı bildirilir.

«Bank Standard»- «Mənim bankım»

Əslində bu səhmdarlarının fikridir.  Amma bankda istəyirlər ki, müştərilər də belə düşünsünlər. Bunun üçün isə müştərilərə çoxsaylı və keyfiyyətli xidmətlər göstərmək lazımdır. Bankda bunu bilirlər və hazırda ölkədə ən müasir və geniş imkanlı internet bankinq xidmətini məhz  «Bank Standard» təqdim edir.

«Bank VTB (Azərbaycan)» – «Birgə məqsədlərdən etibarlı tərəfdaşlığa doğru»

Bankın ölçülüb-biçilmiş, puldan çox siyasət qoxuyan diplomatik devizi, çox güman ki, Moskvadakı baş ofisin məhsuludur. Birgə məqsədlər deyəndə Azərbaycan-Rusiya müştərək bankı olduğunu  nəzərdə tutur.

«Caspian Devolopment Bank»– «Etimada sədaqətlə»

«Caspian Devolopment Bank»ın sələfi olan başıbəlalı «Kövsərbank» ölkənin bank tarixində daha çox islam bankçılığına cəhdi və lisenziyasını ləğv etdiyinə görə, Azərbaycan Mərkəzi Bankı ilə mübahisəsi ilə yadda qalıb. «Kövsərbank» AMB-yə məhkəmədə qalib gəlib lisenziysını bərpa etdirsə də bundan artığına gücü çatmadı və bankı yeni səhmdarlara satdı. «Caspian Devolopment Bank»ın yeni sahibləri isə daha ciddi və iddialıdırlar. Amma istənilən halda 1 yaşı tamam olmamış bankın ona göstərilmiş etimadı necə doğruldacağını zaman göstərər. Bankın devizi  deyir ki, bu məsələdə problem olmayacaq

«Expressbank» – «İşiniz irəli getsin»

Son illər bankın gətirdiyi irili-xırdalı yenilikləri və kampaniyaları saymaqla bitməz. Bank kreditlərdə müştərilərinin işinin irəli getdiyini deyir, amma özü də yerində saymır – filiallarının sayını artıraraq böyüyür.

«Xalq Bank» – «Uğurla birlikdəyik»

Uğur qazanmaq əladır, özü də belə bir bankla birlikdə – necə deyərlər, bu qədər sadə. Amma bir xırda məsələ var. «Xalq Bank» 1 ildir ki, maliyyə göstəricilərini açıqlamır. Ona görə də bankın fəaliyyətinin uğurlu olub-olmadığı sadəcə məlum deyil.

«Kredo Bank»- «21 il sizinlə»

«Kredo Bank» isə bank bazarında keçirdiyi illəri sayır. Devizini yaşına uyğun  müəyyən edən bankın fəaliyyəti bazarda bir o qədər hiss olunmur. Sonuncu dəfə «NBC Bank» və «Parabank»la konsolidasiyaya gedəcəyi ilə gündəmə gəlib.

«NBC Bank» – «Hər zaman yanınızda»

Bank var gücü ilə devizinə əməl etməyə çalışır və hələlik buna nail olur. Yalnız bu ilin əvvəlində cəmi 6 gün müştərilərinin yanında olmayıb. Səbəbi Mərkəzi Bank tərəfindən lisenziyasının yanvarın 26-da ləğv edilməsi, fevralın 1-də isə bərpa edilməsidir.

«Parabank» – «Paranızın etibarlı evi»

Bu bank son vaxtlar vəziyyəti ilə bağlı ictimaiyyətə hesabat vermədiyi üçün onun müştəriləri üçün nə dərəcədə «etibarlı ev» olduğu məlum deyil. Minoritar səhmdarları üçün isə bank çoxdan «etibarlı ev» deyil.

«PAŞA Bank»- «Zirvələrə doğru birlikdə»

Ölkənin ən böyük özəl bankının devizi əslində onun korporativ bank olduğuna işarə edir. İndiyədək «PAŞA Bank»ın əsas kredit partnyorları sahibkarlar və özəl şirkətlər olub. Amma bazardakı tendensiyalar öz sözünü deyir, «PAŞA» istehlak kreditləri bazarına da daxil olmağa hazırlaşır. Görünür, təkcə biznes kreditləri ilə zirvələrə doğru getməyin çətin olduğunu anlayıb.

«Rabitəbank»- «Orta və kiçik biznesin tərəfdaşı»

Deviz müəllifinin rasionallığı adamı əsəbiləşdirir. Bank sadəcə bildirir ki, işinin əsas hissəsi sahibkarlarladır. Amma bankın yüzlərlə fərdi müştərisi də var. Bu günlərdə onların birinin zamininin həbs edilməsi «Rabitəbank»ı gündəmə gətirmişdi.

«Turanbank» – «Bizimlə etibarlı»

Son illərin təcrübəsi göstərir ki, «etibar» sözü banklara düşmür. (Çünki son aylar bağlanan 6 bankdan ikisinin devizində etibar sözü var). Çox güman ki, «Turanbank» deviz seçəndə bu fakt məlum deyildi. Hələlik bankın vəziyyəti pis deyil, amma bank sektorundakı islahatların qarşıdakı illərdə «Turanbank»a necə təsir edəcəyi çox maraqlıdır.

«Dəmirbank»- «Sadəcə etibarlı»

Həmin məsələdir. Hərçənd 26 ildir ki, bazarda olan və ehtiyatlığı ilə seçilən bank üçün belə deviz artıq sayılmır. Devizin qısa olması problem deyil – «Dəmirbank»ın hətta korporativ mahnısı da var.

«Unibank» – «Hər kəsin bankı»

«Unibank»ın devizi son bir neçə ildə bankın apardığı siyasəti tam əks etdirir. Kredit yarışına aludə olan bank nəinki işləyən vətəndaşlara, hətta pensiyaçılara da kredit verməkdən çəkinmirdi. Belə davam etsəydi, bazarda ilk məktəbli kreditlərinin də şahidi ola bilərdik, amma indi vəziyyət dəyişib. Kreditlərin qaytarılmasında yaranan vəziyyət bankı daha ehtiyatlı olmağa vadar edib –indi bank yalnız köhnə müştərilərinə kredit verir.

«Zaminbank»- «22 il xidmətinizdə»

«Zaminbank» rəhbərliyi deviz seçəndə çox baş sındırmayıb. İdeya belədir ki, bankın ömrü uzandıqca möhkəmliyi də artır. Əslində normal yanaşmadır, amma bank son 22 ildə ən çətin günlərini bəlkə də bu il, manatın təkrar devalvasiyasından sonra yaşayıb. İlin əvvəlində əmanətçiləri bankdan pullarını götürməyə başlayıb.

 Bağlanan banklar

Bu ilin əvvəlində Azərbaycanda bağlanmış 6 kommersiya bankından 4-nün devizi olub. Bunlar «Bank of Azerbaijan», «Gəncəbank», «Atrabank» və «Texnikabank» idi. Qalan 2 bank – «Qafqaz İnkişaf Bankı» və «United Credit Bank» isə özünə deviz seçməyib.

«Texnikabank» – «Etibarlı bank»

Son bir neçə ildə bankın yaşadığı problemlər, üstəlik, 2 dəfə rebrendinq olunması bankın istənilən devizini şübhə altına alırdı. Sonuncu dəyişiklikdən və əvvəlki rəhbərinin banka qayıtmasından sonra «Texnikabank»ın gələcəyinə ümid artsa da, bank ikinci devalvasiyanın təsirinə davam gətirə bilmədi. Bankın üzləşdiyi aqibət onu göstərir ki, «Texnikabank»ın devizindəki «Etibarlı» sözü yalnız onun rəhbərinin adının Etibar (Əliyev) olması ilə bağlı imiş.

«Atrabank» – «Etibarlı dəstəkçiniz»

Bu bankın bağlanması nəinki əhali və bankın müştəriləri, hətta «Atrabank»ın öz menecmenti üçün də gözlənilməz oldu. Hazırda «Atrabank» «Qafqaz İnkişaf Bankı» ilə birləşərək müştərilərinin ona olan etibarını bərpa etmək istəyir.

«Bank of Azerbaijan»- «20 il sizinlə»

«Bank of Azerbaijan» üçün devizin müəllifinin əsəblərinə həsəd aparmaq olar. Az qala yarandığı gündən qalmaqallar və problemlər yaşayan bankın 20 il davam gətirməsinin özü möcüzədir, o ki qaldı hər il optimist deviz fikirləşmək. Deviz öz yerində, amma bankın son illəri yalnız müştərilərinə zərər vurmaqla keçdi. Faktiki olaraq iki il fəaliyyətsiz qalsa da, buradakı əmanətçilər öz pullarını yalnız bu il alacaqlar. Özü də Əmanətlərin Sığortalanması Fondunun şərtləri ilə, yəni maksimum 30 min manat olmaqla. Baxmayaraq ki, iki devalvasiyadan sonra buradakı manat əmanətləri 2 dəfə ucuzlaşıb. Ümumiyyətlə, «Bank of Azərbaycan»la baş verənlər və bu barədə vaxtında tədbir görülməməsi bank sektoruna nəzarətçi qurumun (Yəni Azərbaycan Mərkəzi Bankının) hərəkətsizliyi ilə bağlı ən parlaq nümunə sayıla bilər. Baş verənlər nəinki belə gurultulu devizlərə, ümumiyyətlə, bütün bank seketoruna inamı azaltdı.

«Gəncəbank» – «Gələcəyə bizimlə»

Azərbaycanın yeganə regional bankının gələcəklə bağlı planlarını da AMB pozub. AMB-nin qərarı ilə «məcmu kapitalın minimum məbləği tələbinə əməl etmədiyinə, kreditorları qarşısında öhdəliklərini icra edə bilmədiyinə, cari fəaliyyətini etibarlı və prudensial qaydada idarə etmədiyinə» görə «Gəncəbank” ASC-nin lisenziyası ləğv edilib. Hərçənd, bankın səhmdarları bank sektoruna yenidən qayıtmaq fikrindədirlər. Üstəlik, bankın menecmenti AMB-nin iddiası ilə onların müflis elan edilməsi qərarını da Apellyasiya Məhkəməsində  ləğv etdirə bilib. Yəni «gələcək» uğrunda mübarizə hələ davam edir.

 

 

 

Kommersiya bankının adı

 

 

Bankın devizi

 

1 «Accessbank» Sizin yerli Avropa bankınız
2 «AFB Bank» Hər kəs üçün eyni
3 «AGBank» Zəngin olmaq haqqınızdır
4 «Amrahbank» Sizə açıq və aydın bank
5 «Atabank» Bir addım öndə
6 «Azərbaycan Beynəlxalq Bankı» Uğuruna imza at
7 «Azərbaycan Sənaye Bankı» Bir bankdan daha üstün
8 «Azər-Türk Bank» Etibar etdiyiniz ünvan
9 «Bank Avrasiya»
10 «Bank of Baku» Sizə yaxın bankçılıq
11 «Bank BTB»
12 «Bank Respublika» Sizə faydalı
13 «Bank Silk Vey»
14 «Bank Standard» Mənim bankım
15 «Bank VTB (Azərbaycan)» Birgə məqsədlərdən etibarlı tərəfdaşlığa doğru
16 «Caspian Development Bank» Etimada sədaqətlə
17 «Dekabank»
18 «Dəmirbank» Sadəcə etibarlı
19 «Expressbank» İşiniz irəli getsin
20 «Günaybank»
21 «Xalq Bank» Uğurla birlikdəyik
22 «Kapital Bank»
23 «Kredobank» 21 il sizinlə (hər il dəyişir)
24 İran Milli Bankının Bakı filialı
25 «Muğanbank»
26 «Naxçıvanbank»
27 «NBC Bank» Hər zaman yanınızda
28 «Nikoyl Bank»
29 Pakistan Milli Bankının Bakı filialı
30 «Parabank» Paranızın etibarlı yeri
31 «PAŞA Bank» Zirvələrə doğru birlikdə
32 «Rabitəbank» Orta və kiçik biznesin tərəfdaşı
33 «Turanbank» Bizimlə etibarlıdır
34 «Unibank» Hər kəsin bankı
35 «Yapı Kredi Bank (Azərbaycan)»
36 «Zaminbank» 22 il xidmətinizdə (hər il dəyişir)
37 «Zıraat Bank (Azərbaycan)»

Mənbə: Fins.az




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir