Search
ipoteka5(02.05.2014)

İpoteka Fondu tərəfindən verilən kreditlər heç də hamının tələbini ödəməyə kifayət etmir!

Bilindiyi kimi, ölkədə İpoteka Fondu tərəfindən verilən kreditlər heç də hamının tələbini ödəməyə kifayət etmir. Məhz bu səbəbdən hesab edilir ki, İpoteka Fondunun xəttilə ayrılan maliyyə vəsaitlərinin həcminin artırılması istiqamətində addımlar atılmalıdır. Eyni zamanda, bankların öz xətti ilə ayırdığı ipoteka kreditlərinin həcminin azaldılması da zəruri tələb kimi çıxış edir.
Qeyd edək ki, Azərbaycanda mənzil problemini dövlət xəttilə ayrılan ipoteka kreditləri hesabına həll edə bilməyənlər bankların daxili ipoteka proqramından yararlanmağa çalışır. Hazırda Azərbaycanda 11 bank müştərilərə öz ipoteka proqramını təqdim edir. Bu banklardan ipoteka kreditlərini illik 10%-dən 22%-dək kreditlə 5 -25 illiyə götürmək mümkündür. İlkin ödəniş isə 20-30%-dən başlanır. Araşdırmalar göstərir ki, müştəriyə ayrılan kredit 20 min manatdan az olanda faiz dərəcəsi 20-22% olur. Kreditin məbləği 20-80 min manat arasında dəyişdikdə illik faiz dərəcəsi 14-18% olur. 80-100 manat civarında dəyişən kreditləri isə illik 12%-lə götürmək mümkündür. İpoteka predmeti olan mənzilin dəyərinin azı 50%-ni ödəyənlərə mümkün qədər aşağı faiz dərəcəsi təklif olunur. Lakin istənilən halda bu dərəcələr İpoteka Fondunun dərəcələri ilə müqayisədə yüksək sayılır. Bu səbəbdən hesab edilir ki, əsas məsələ İpoteka Fondunun vəsaitlərinin artırılmasıdır. Bunun üçün isə Fondun maliyyə mənbələrinin çoxaldılması zəruri şərt kimi çıxış edir.
Məlumat üçün bildirək ki, ölkədə ipoteka kreditləri dörd mənbə üzrə maliyyələşir. Bunlar dövlət büdcəsindən ayrılan birbaşa maliyyə, İpoteka Fondunun ipoteka kreditlərinin təkrar maliyyələşdirilməsi, banklara yerləşdirilən istiqrazlar və kommersiya məqsədli ipotekadır. Burada bir məqamı da qeyd edək ki, bankların verdiyi ipoteka kreditlərini almaq Fondla müqayisədə daha asandır. İpoteka Fondunun faiz dərəcələri qat-qat aşağı olsa da, prosedurlar kifayət qədər çətindir. Lakin kommersiya banklarında isə ilkin ödənişlərlə bağlı şərtlər dövlətinki ilə müqayisədə daha ağırdır. Hətta 50 faiz ilkin ödəniş tələb edən banklar var. Sadəcə olaraq, prosedurların azlığı və daha yüksək məbləğin verilməsi imkan verir ki, vətəndaşlar kommersiya banklarına üz tutsun.
Digər tərəfdən, hazırkı şərtlərlə İpoteka Fondundan müştərinin 50 min manatdan çox vəsait ayırmaq imkanı yoxdur. Amma banklardan daha yüksək məbləğ əldə etmək olur. Lakin burada məbləğ adətən qısa müddətə verilir və faiz dərəcələri yüksəkdir. Adi vətəndaşlar üçün bu kreditlər çox baha başa gəlir. Yuxarıda qeyd olunduğu kimi, ən yaxış hal İpoteka Fondunun ayırdığı məbləğlərin həcminin artırılmasıdır. Hesab olunur ki, ipoteka kreditləşməsinin alternativ mexanizmləri kimi İpoteka Fondunun istiqrazlarının, müxtəlif qiymətli kağızların yerləşdirilməsi, hətta xarici kapitalın cəlbi çıxış edə bilər. Başqa sözlə, söhbət ipoteka kreditləşməsində yükün hökumətdən digər iştirakçılara ötürülməsindən gedir. Hesab olunur ki, kreditlərin verilməsi ilə bağlı əsas problemlərdən biri ipoteka kreditləşməsi fondunun maliyyə mənbələrinin məhdud olmasıdır. Baxmayaraq ki, ölkə Prezidentinin 2005-ci ildə Azərbaycanda ipoteka sisteminin yaradılması və inkişafı haqqında imzaladığı sənəddə xüsusi qeyd olunur ki, Mərkəzi Bank ipoteka kreditləşməsinin, maliyyə mənbələrinin gücləndirilməsi, eləcə də bütövlükdə kreditləşmə sisteminin inkişafı üçün digər mənbələrin, sığorta şirkətlərinin kreditlərin verilməsinə cəlb edilməsi yolu ilə maliyyə mənbələrini genişləndirməlidir. Amma çox təəssüf ki, İpoteka Fondu bununla bağlı əsaslı fəaliyyət həyata keçirə bilməyib. Xatırladaq ki, hazırda İpoteka Fondunun şərtlərinə görə, hazırda Azərbaycanda adi ipotekanın verilməsinin maksimum həddi 50 min manat təşkil edir və 8 faiz dərəcə ilə 25 il müddətinə verilir. Sosial ipoteka 50 min manat təşkil edir və dörd faiz dərəcə ilə 30 il müddətinə verilir. Güzəştli kreditlər üçün ilkin ödəniş 15 faiz, adi kreditlər üçün isə 20 faiz təşkil edir. Qeyd edək ki, hazırda İpoteka Fondunun 26 müvəkkil bankı var. Fond tərəfindən ayrılan məbləğin həcmi isə artan tələb fonunda az hədd hesab olunur.
Mənbə:  baki-xeber.com
Tahir TAĞIYEV




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir