Search
euro dollar

Banklardakı manat qıtlığının səbəbi nədir? – AÇIQLAMA

“Hazırkı şəraitdə riskləri daha yaxşı idarəedən banklar fəaliyyətini davam etdirə biləcək”.
Bu barədə iqtisadçı Qubad İbadoğlu bildirib. O qeyd edib ki, hazırda banklarda manat qıtlığının əsas səbəbi dollarla olan əmanətlərin artımıdır:
“Bu ilin ilk 2 ayı ərzində əhalinin bank əmanətlərin valyuta tərkibindəki dəyişikliklər bu prosesi daha da kəskinləşdirib. Bu da milli iqtisadiyyatda dollarlaşma səviyyəsinin sürətli artımı ilə bağlıdır. Belə ki, Mərkəzi Bankın martın 1-ə açıqladığı məlumata görə, yalnız fevral ayında banklardan 1 milyard 288 milyon 500 min manat vəsait milli valyuta ilə geri çəkilib. Onun müqabilində həmin ay ərzində banklara 2 milyard 99 milyon dollar vəsait xarici valyuta ilə yerləşdirilib. Yəni fevral ayında manatla olan əmanətlər əvvəlki ayla müqayisədə 30 faiz azaldığı halda, dollarla əmanətlər 73,5 faiz artıb.
Beləliklə də bu ilin mart ayının 1-nə, əhalinin ümumi əmanətlərin 37,5 faizini manatla, 62,5 faizini isə dollarla olan əmanətlər təşkil edib”.
Ekspert fikrincə, ötən ilin oktyabr ayında bu göstərici tamamilə əksinə idi:
“Yəni, fiziki şəxslərin o zamana olan cəmi əmanətlərində manatla əmanətlərin payı 63 faiz, dollarla əmanətlərin payı isə 37 faiz təşkil edirdi. Ötən 4 ay ərzində bu nisbətin sürətlə dəyişməsi ilk növbədə də bankların işini xeyli çətinləşdirir. Belə ki, parnik şəraitində bəslənən banklar dollarla yığdığı vəsaitləri həmin valyuta ilə kredit verməkdə çətinliklər və risklərlə üzləşirlər. Çünki, martın 1-ə olan digər məlumata görə, vaxtında geri qaytarılmayan borcların məbləği 1 milyard 138 milyon 200 min manatı ötüb. Yalnız fevral ayında bu qəbilədən olan borclar 107,3 milyon manat artıb”. faktxeber.com



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir