Search
66794

Aztəminatlı ailələrin kiçik ailə təsərrüfatları yaradılacaq

Hazırda qarşıda duran əsas vəzifələrdən biri Azərbaycan Prezidentinin “Əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında” 2016-cı il 7 aprel tarixli Sərəncamının icrasını, aztəminatlı ailələrin əmək qabiliyyətli üzvlərinin aktiv əmək bazarı tədbirlərinə cəlb olunmasını, onların özünüməşğulluğunu yüksək səviyyədə təşkil etməkdir.

Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Nazirlikdə keçirilmiş müşavirədə bildirib

“Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlət başçısının qeyd etdiyi kimi, insanlara daha çox imkanlar yaradılmalıdır ki, onlar özləri öz məşğulluğunu təmin etsinlər”.

Nazir diqqətə çatdırıb ki, Sərəncamın icrası ilə əlaqədar elə ilk vaxtlardan məqsədyönlü işlər aparılıb, müvafiq normativ-hüquqi aktların layihəsinin hazırlanması və digər zəruri tədbirlərin həyata keçirilməsi üçün işçi qrup yaradılıb, özünüməşğulluq layihələrinin həyata keçirilməsinə dair konsepsiya hazırlanıb. Həmçinin “İşaxtaran vətəndaşların özünüməşğulluq fəaliyyətinin təşkili Qaydaları”nın layihəsi hazırlanaraq nazirliyin kollegiyasının müvafiq qərarı ilə təsdiq edilib. Həmin Qaydalar proqrama cəlb olunacaq ailələrin seçilməsi, onların öz təsərrüfatlarını qurmalarının təşkili, bu sahədə onların maddi dəstəklə yanaşı, təsərrüfatçılıqla bağlı müəyyən bilik və bacarıqlara yiyələnmələrinin təmini və s. üçün bütün prosedurları dolğun şəkildə əhatə edir və tənzimləyir.

S.Müslümov özünüməşğulluq layihələrinə cəlb olunacaq vətəndaşlara biznesin təşkili ilə bağlı təlimlərin keçirilməsi və onlara biznes fəaliyyətinin inkişaf etdirilməsi ilə bağlı məsləhətlərin verilməsi üçün hər bir rayon və şəhər üzrə təlimçilərin hazırlanması məqsədilə Beynəlxalq Əmək Təşkilatı (BƏT) ilə əməkdaşlıq şəraitində görülən işlərdən də bəhs edib. Artıq yaxın vaxtlarda bu istiqamətdə praktik işlərə başlanılacağını, proqram çərçivəsində 1400 aztəminatlı ailənin kiçik ailə təsərrüfatlarının yaradılacağını bildirən S.Müslümov vurğulayıb ki, əsas vəzifə bu ailələrin potensiallarının düzgün qiymətləndirilməsi, yaradılacaq ailə təsərrüfatlarının inkişafına nail olunmasıdır. Çünki məqsəd təkcə o ailələrin yoxsulluq vəziyyətindən çıxarılması deyil, həm də onların gələcəkdə biznes fəaliyyətlərinin getdikcə genişləndirilməsidir”.

Müşavirədə aktiv məşğulluq tədbirlərinin icra vəziyyəti nəzərdən keçirilərək, aztəminatlı ailələrlə bağlı özünüməşğulluq proqramının praktik icrası sahəsində görüləcək işlər, məşğulluq orqanlarının bu sahədə üzərinə düşən vəzifələr diqqətə çatdırılıb, aidiyyəti üzrə konkret tapşırıqlar verilib.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir