Search
Dermannnn

Azərbaycanda dərman istehsalı bazarda stabillik, ucuzluq yaradacaq

Ekspertlər hesab edirlər ki, ölkəmiz bu sahədə yüksək nailiyyət əldə edə bilər.

Azərbaycanda dərman preparatlarının istehsalı üçün ciddi proqram hazırlanır. Bu proqramın tətbiqi ilə Azərbaycan dərman bazarında problemlərin çözülməsi, qiymətlərin aşağı düşməsi ilə yanaşı keyfiyyətin artması gözlənilir.

Prezident İlham Əliyev iyulun 10-da Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında bu məsələyə toxunaraq bildirib ki, Azərbaycanda bu sahə heç inkişaf etməyib. “Həm özəl sektor maraq göstərməyib, həm də dövlət bu sahəni bir qədər diqqətdən kənarda saxlayıb. Biz demək olar ki, 100 faiz idxaldan asılıyıq. Düzdür, son vaxtlar bu sahədə görülmüş tədbirlər nəticəsində dövlət tənzimləyici rolunu oynayır. İqtisadiyyat Nazirliyi Səhiyyə Nazirliyi ilə birlikdə artıq bir ildən çoxdur ki, bu məsələ ilə məşğuldur. Nəticədə dərman preparatlarının qiymətində çox ciddi azalma müşahidə olunur. Eyni zamanda, artıq keyfiyyətə də çox ciddi nəzarət edilir. Baxmayaraq ki, manatın məzənnəsi aşağı düşüb və biz idxaldan tam asılıyıq, görülmüş tədbirlər, dövlətin müsbət mənada müdaxiləsi nəticəsində burada qiymətlərdə sabitləşmə var. Bir çox dərman preparatlarının qiymətləri aşağı düşüb. Ancaq indi vaxt gəlib çatıb ki, Azərbaycanda dərman preparatlarının istehsalına başlansın”.

Prezident bildirib ki, müvafiq göstərişlər verilib, bir neçə xarici şirkətlə danışıqlar aparılır, böyük maraq var: “Çünki Azərbaycan bazarı kifayət qədər böyük bazardır. Azərbaycan əhalisinin sayı 10 milyona yaxınlaşır və dinamika da müsbətdir. Ona görə xarici firmalar böyük maraq göstərirlər. Biz bundan istifadə etməliyik. Dərman preparatlarının istehsalı üçün indi ciddi bir proqram hazırlanır və bir klastr yaradılmalıdır. Beləliklə, həm bu sahədə sənaye potensialı inkişaf edəcək, idxaldan asılılıq azalacaq və həm də vətəndaşlarımızı daha keyfiyyətli dərmanlarla təmin edə bilərik. Hesab edirəm ki, ilin sonuna qədər bütün danışıqlar prosesi, bütün təşkilati məsələlər öz həllini tapmalıdır. Bu il artıq biz dərman fabriklərinin tikintisinə başlamalıyıq”.

Tibb sahəsi üzrə ekspert Adil Qeybulla “Ekspress”ə bildirib ki, Azərbaycan dərmanlarının istehsalının təşkil olunması böyük bir iş olardı: “Əvvəla, ölkədə milli dərman sənayəsinin əsası qoyulardı. Bu sahədə qərb təhsilli mütəxəssislər yetişərdi. Azərbaycanda yerli dərman istehsalına başlanılsa, yüksək keyfiyyətli dərmanların hazırlanmasına nail olarıq. Yerli bazarda stabillik, həm də ucuzluq yaranar. Eyni zamanda, tibb sığortası paketinə yerli dərmanları daxil etməklə bundan yararlanmaq olar”.

Onun sözlərinə görə, Azərbaycanda Avropa standartlarına uyğun dərman istehsal etmək üçün dünyanın aparıcı şirkətləri ilə iş qurulsa, daha yaxşı olar: “Dərmanların keyfiyyətinə nəzarət etmək lazımdır. Bu iş düzgün qurulsa, yerli keyfiyyətli dərman istehsalı inkişaf edəcək”, – deyən ekspert əlavə edib ki, Abşeron yarımadasında və Sumqayıt şəhəri ərazisində dərman istehsal edəcək zavodların tikilməsi mümkündür.

“İqtisadi Resursların Öyrənilməsi Mərkəzi”nin sədri Ruslan Atakişiyevin qəzetimizə dediyinə görə, Azərbaycanda dərman istehsalı məsələsi ciddi nəzərə alınmalıdır: “İlkin dərman istehsalı üçün dövlət tərəfindən alınan və əhaliyə pulsuz paylanılan dərmanların daxildə istehsal olunması daha uyğun ola bilər. Dövlət həmin dərmanları xaricdən almaq əvəzinə, məhz elə daxili sifariş nəticəsində əldə etsin”, – deyən müsahibimiz hesab edir ki, bu, dövlət vəsaitinin daxili iqtisadiyyata yönəlməsinə köməklik göstərən bir addım ola bilər.

Onun bildirdiyinə görə, daha sonra Azərbaycanın özünün daxili bazar üçün dərman istehsalı və ixracı məsələsi gəlir. “Biz əgər ixrac məsələsindən danışırıqsa, təbii ki, burada böyük investisiyalara, kapital qoyuluşlarına ehtiyac var. Deməzdim ki, burada uzunmüddətli, iri investisiyalar mahiyyət daşıyır. Çünki dərman istehsalı üçün zavodlar, istehsal obyektləri qurulmamışdan əvvəl hədəf bazarları yaxşı öyrənilməlidir. Ümumiyyətlə, tələbat öyrənilməlidir. İqtisadiyyatda istehsal prosesi qurulmamışdan əvvəl iki suala cavab vermək lazımdır: “Kimin üçün istehsal edirik? Nə istehsal edirik və necə istehsal edəcəyik? Ümumiyyətlə, lazım olan avadanlıqlar haradan gətiriləcək? Kim bu sahəyə investisiya qoyacaq? Sahibkarlar bu işə nə dərəcədə maraq göstərəcək? Maraq göstərmələri üçün dövlət nə etməlidir? Bu kimi suallara cavab tapılmalıdır. Bununla bağlı ayrıca proqramın işlənməsi labüddür. Beynəlxalq təcrübə onu göstərir ki, inkişaf etmiş ölkələrdə istənilən sferanı inkişaf etdirməzdən əvvəl onun ayrıca proqramı işlənir. Proqram detallı, hərtərəfli öyrənilir, araşdırılır, tədqiqatlar aparılır”.

Atakişiyevin fikrincə, Azərbaycanda dərman istehsalının geniş şəkildə aparılması, artıq, ölkəmizin bu bazara iddiası deməkdir: “Bu suallara yetərincə cavablar tapılmadan, sadəcə “istehsal edək adıyla” dərman istehsalı üçün obyektlər tikilsə də, sonradan müştəri qıtlığından, bazarda rəqabət apara bilmədiyindən fəaliyyətləri dayana bilər. Bu da maddi vəsaitin səmərəsiz istifadəsi deməkdir. Ona görə də, bu məsələyə konseptual və praktik yanaşılmalıdır”.

Ekspert qeyd edir ki, bu işin uğurlu alınması üçün dərman istehsal sferasının Azərbaycanda təşkili, həmin sahənin ixtisasçı kadrlarla təmini, istehsal avadanlıqlarının gətirilməsi məsələsi, lazım olan kapital, kapital üçün lazım olan investitiya mənbələri, investisiya mənbələrinin ora maraq göstərməsi, istehsal olunacaq məhsulların bazarda yeridilməsi, rəqiblərin kim olması, onlarla nə dərəcədə rəqabətin aparılmasının mümkünlüyü araşdırılmalıdır. “Bu gün dərman bazarında Rusiya, İran, Hindistan, Avropa ölkələri, Almaniya, İtaliya, Fransa öz dərmanlarını satırlar. Onlarla nə dərəcədə rəqabət apara bilərik? Ümumiyyətlə, istehsal olunan məhsulların həqiqətən də rəqabət qüvvəsi olacaqmı? Həqiqətən də qiyməti aşağı ola biləcəkmi? Ümumiyyətlə, bizdə dərman istehsalı neçəyə başa gələcək? Biz avadanlığı baha qiymətə Almaniyadan gətirəcəyiksə, ilkin işlər üçün mütəxəssisləri xaricdən dəvət edəcəyiksə, maya dəyərinə təsir edən amillər baha başa gələcəksə, vergi və digər məsələlər hesablananda son məhsul bazarda adekvat məhsullardan baha gəlib çıxır. Bu işə maliyyə ayrılmamışdan əvvəl bunlar tədqiq olunmalıdır”.

“Zəfəran” aptekinin əczaçısı Mətanət Quliyeva qəzetimizə bildirib ki, bizim alıcılar öz istehsalımızdan olan heç nəyin keyfiyyətinə əmin deyillər: “Azərbaycan dərmanlarının keyfiyyətinə əmin olmayacaqlar. Ola bilər ki, bizim öz istehsalımız olan dərmanlar keyfiyyətli olarsa, müalicədə öz müsbət nəticəsini verərsə, istehsal olunduqdan bir müddət sonra alıcı kütləsini yığa bilər. Amma birdən-birə bu, məncə, alınmayacaq”.

Onun sözlərinə görə, alıcılar əsasən Avropa istehsalı olan dərmanlara üstünlük verirlər: “Onların keyfiyyətinin yüksək olduğuna inanırlar. Alıcılar, ümumiyyətlə, bizim öz dərmanlarımızın satışda olub-olmaması, nə vaxtsa istehsal olunacağı barədə də maraqlanmırlar. Bu haqda sual verən olmayıb”.

FaktXəbər

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir