Search
2

Azərbaycan-Belarus iqtisadi əməkdaşlığı genişlənir

Bu gün Bakı Ekspo Mərkəzində İqtisadiyyat naziri Şahin Mustafayev Belarus Respublikasının Baş nazirinin müavini Mixail Rusiyanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.

Nazir Şahin Mustafayev Azərbaycan və Belarus arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu, ölkələrimiz arasında əməkdaşlığın iqtisadi sahədə də uğurla davam etdiyini vurğulamış, əlaqələrin genişləndirilməsi imkanlarını diqqətə çatdırmışdır.

Belarus Respublikasının Baş nazirinin müavini Mixail Rusıy ölkəsinin Azərbaycanla əməkdaşlığa önəm verdiyini, qarşılıqlı əməkdaşlığın bundan sonra da genişlənəcəyinə əminliyini qeyd etmişdir.

Görüşdə Belarus şirkətləri ilə birgə Azərbaycanda kənd təsərrüfatı texnikasının istehsalına, pambıq və pambıq emalı məhsullarının (pambıq ipliyi), tütünün, eləcə də bir sıra digər kənd təsərrüfatı məhsullarının Belarusa ixracına və əməkdaşlığın genişləndirilməsinə dair müzakirələr aparılmışdır.

Belarusun “Qrodniy” tütün fabrikinin baş direktoru Yuri Çernışev fabrikin hazırda Azərbaycandan tütün idxal etdiyini və idxalı artırmaqda maraqlı olduqlarını bildirmişdir.

Belarus tərəfi müzakirə edilən məsələlər barədə təkliflərini Azərbaycan tərəfinə təqdim edəcəkdir.

Görüşdə Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev, tütün, pambıq emalı, yüngül sənaye sahələrində fəaliyyət göstərən müəssisələrin rəhbərləri, Belarusun Azərbaycandakı səfiri Gennadi Axramoviç iştirak etmişlər.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir