Search
IMG_8415

Azərbaycan – Avropa İttifaqı biznes forumu keçirilmişdir

IMG_8528Mayın 18-də “ADA” Universitetində 2-ci Azərbaycan-Avropa İttifaqı biznes forumu keçirilmişdir. İqtisadiyyat Nazirliyinin, “ADA” Universitetinin, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO), “East İnvest” təşkilatının, Alman-Azərbaycan Xarici Ticarət Palatasının birgə təşkilatçılığı ilə keçirilmiş tədbirdə rəsmi şəxslərlə yanaşı, Avropa Birliyi ölkələrindən və Azərbaycandan qida, kənd təsərrüfatı, nəqliyyat, logistika, turizm, konsaltinq və sənayenin müxtəlif sahələrində fəaliyyət göstərən 300-dən çox iş adamı, o cümlədən Avropa İttifaqı ölkələrindən 70-dən çox iş adamı iştirak etmişdir.

IMG_8369Biznes forumda çıxış edən Xarici işlər nazirinin müavini, “ADA” Universitetinin rektoru Hafiz Paşayev iş adamlarının iştirakı ilə keçirilən belə tədbirlərin biznes dairələri arasında əlaqələrin genişləndirilməsi, ölkə iqtisadiyyatının tanıdılması baxımından əhəmiyyətini qeyd etmişdir. Azərbaycan və Avropa İttifaqı ölkələri arasında əlaqələrin iqtisadiyyatın müxtəlif sahələri ilə yanaşı, təhsil sahəsini də əhatə etdiyini qeyd edən Hafiz Paşayev “ADA” Universitetinin Avropa İttifaqının təhsil müəssisələri ilə uğurla əməkdaşlıq etdiyini bildirmişdir.

IMG_8446İqtisadiyyat naziri, Azərbaycan Respublikasının Avropaya İnteqrasiyası üzrə Dövlət Komissiyasının sədri Şahin Mustafayev qeyd etmişdir ki, Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri də Avropa İttifaqı ilə davamlı və səmərəli münasibətlərin qurulması və inkişaf etdirilməsidir. Bu münasibətlərin əsası 1996-cı ildə imzalanmış Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi ilə qoyulmuşdur. 2009-cu ildə Azərbaycanın qoşulduğu Şərq Tərəfdaşlığı Təşəbbüsü, Viza və Readmissiya haqqında sazişlərin imzalanması, həmçinin enerji sahəsində əməkdaşlıq Avropa İttifaqı ilə əlaqələrin daha da genişlənməsinə zəmin yaratmışdır. Avropa İttifaqının Azərbaycanın əsas ticarət tərəfdaşı olduğunu diqqətə çatdıran nazir Şahin Mustafayev ötən il Avropa İttifaqı ilə ticarət dövriyyəsinin həcminin ümumi ticarətdəki payının 47%, 2016-cı ilin I rübündə isə 43% olduğunu vurğulamışdır. Son 10 ildə Avropa İttifaqı ölkələrinin Azərbaycanda əsas kapitala yönəlmiş və qeyri-neft sektoruna qoyulmuş birbaşa investisiyalarının ümumi xarici investisiyalarda xüsusi çəkisi müvafiq olaraq 45,6% və 35% olmuşdur. Avropa İttifaqının 23 üzv ölkəsi ilə Azərbaycan arasında ikiqat vergitutmanın aradan qaldırılması, 18 ölkəsi ilə sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında sazişlər imzalanmış, 14 üzv ölkə ilə Hökumətlərarası Komissiya, 2 ölkə ilə İşçi Qrupu yaradılmışdır. 2012-ci ildən indiyədək Avropa İttifaqı ölkələri ilə 100-ə yaxın biznes forum və müxtəlif tədbirlər təşkil edilmişdir. Dünən Niderlandla keçirilən biznes forumda sənaye parkları, elmi araşdırma, İKT startap, aqrobiznes xidmətləri, təşviqat sahələrində 5 memorandum imzalanmışdır. Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində əhəmiyyətli rol oynayır və bu sahədə Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı strateji əhəmiyyət daşıyır. Cənub Qaz Dəhlizi layihəsi enerji sahəsində strateji əməkdaşlığımızın gözəl nümunələrindəndir və bu layihə Avropa İttifaqının prioritet layihələrinə daxil edilmişdir. BTC-nin Azərbaycan və Avropa İttifaqı arasında əlaqlərin inkişafında əhəmiyyətini diqqətə çatdıran Şahin Mustafayev dünən Yunanıstanda təməli qoyulmuş TAP layihəsinin də əməkdaşlığa daha bir nümunə olduğunu vurğulamışdır.

Nazir Şahin Mustafayev qeyd etmişdir ki, Azərbaycan ilə Avropa İttifaqı ölkələri investisiya, tranzit, turizm, İKT, maliyyə, əczaçılıq və tibbi avadanlıqların istehsalı, ətraf mühitin mühafizəsi, qeyri-neft məhsullarının istehsalı, qablaşdırılması və ixracı və s. sahələrdə əməkdaşlıq edə bilərlər.

IMG_8535Azərbaycan iqtisadiyyatı, son zamanlar müxtəlif sahələrdə, o cümlədən sahibkarlıq sahəsində həyata keçirilən kompleks islahatlar barədə məlumat verən nazir Şahin Mustafayev qeyri-neft sektorunun inkişafının, iqtisadiyyatın şaxələnməsinin, idxaldan asılılığın azaldılamsının, tranzit imkanlarından səmərəli istifadənin prioritetliyini qeyd etmişdir. Bildirilmişdir ki, son zamanlar iqtisadi sahədə aparılan islahatlar çərçivəsində sahibkarlıq sahəsində aparılan yoxlamalar dayandırılmış, lisenziyaların sayı kəskin azaldılmış, gömrük prosedurları sadələşdirilmiş, Apelyasiya Şuraları yaradılmış, maliyyə bazarlarına nəzarət  gücləndirilmiş, Tranzit daşımaları üzrə Koordinasiya Şurası yaradılmışdır. “ASAN xidmət” Azərbaycan brendinə çevrilmişdir. Aparılan iqtisadi islahatların mühüm istiqamətlərindən biri də investisiyaların təşviqi ilə bağlıdır. İnvestisiya təşviqi sənədini almış sahibkarlar mənfəət və gəlirin 50 faizinin vergisindən, əmlak və torpaq vergisindən, həmçinin idxal etdikləri texnika, texnoloji avadanlıq və qurğular üzrə idxalda ƏDV-dən və idxal rüsumlarından 7 il müddətinə azad edilirlər. Ölkə ərazisində sənaye parkları və məhəlləri, aqroparklar yaradılır ki, burada dövlət tərəfindən sahibkarlar üçün hər cür şərait yaradılır. Ələtdə yaradılan azad ticarət zonası da Avropalı iş adamlarına əməkdaşlıq üçü yeni imkanlar açacaqdır. Bütün bunlar isə ölkə iqtisadiyyatına investisiya qoyuluşunu və iş adamları arasında əlaqələrin genişləndirilməsini stimullaşdırır.

IMG_8474Avropa İttifaqının Azərbaycan Respublikasındakı nümayəndəliyinin rəhbəri Malena Mard Azərbaycan ilə Avropa İttifaqı arasında əlaqələr və əməkdaşlığın genişləndirilməsi imkanlarını diqqətə çatdırmışdır.

Almaniya-Azərbaycan Xarici Ticarət Palatasının İdarə Heyətinin sədri Samir Axundov çıxışında iş adamları arasında əlaqələrin genişləndirilməsi baxımından biznes forum və işgüzar görüşlərin əhəmiyyətindən danışmışdır.

Niderland Parlamentinin keçmiş senatoru, Avropa Şurası Parlament Assambleyasının sabiq prezidenti Rene van der Linden çıxışında Azərbaycanın sürətlə inkişaf etdiyini, ötən müddət ərzində xeyli dəyişdiyini vurğulayaraq stabilliyi ilə seçilən, sülməramlı təkliflərə daim dəstək verən ölkəmizin parlaq gələcəyi olduğunu qeyd etmişdir.

Biznes forumda Avropa Ticarət Palataları Prezidentliyinin üzvü Georgi Stoev, Şərq Qonşuluğunda Regional Proqramlar Bölməsinin rəhbəri Vassilis Maragos da çıxış etmişlər.

Tədbir çərçivəsində kənd təsərrüfatı və qida, nəqliyyat və logistika, turizm sahələrində imkanlar, Azərbaycanda biznes imkanları mövzularında panel iclaslar, iş adamları arasında ikitərəfli görüşlər keçirilmişdir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir