Search
bayramov_16

Avtomobil kreditini 15 faizə endirən bankın hədəfləri ekspert təhlilində…

Vüqar Bayramov: “İlkin ödəniş yenə də yüksək olaraq qalır”
“Bir sözlə, sərt kredit siyasətindən yumşaq kredit siyasətinə keçilməsi olduqca vacibdir”

Bank VTB (Azərbaycan) “Bank komissiyasına YOX deyək!” aksiyası çərçivəsində avtokreditlər üzrə illik faiz dərəcələrini azaldıb. Belə ki, yeni aksiyanın şərtlərinə əsasən, minimal sayda sənəd təqdim etməklə, habelə komissiya tutulmadan və bankın standart şərtlərindən fərqlənən faiz dərəcələri ilə avtomobil əldə etmək mümkündür.
Beləliklə, avtomobil əldə etmək arzusunda olan hər kəs şəxsiyyəti və sürücülük hüququnu təsdiq edən sənədlər əsasında 15 dəqiqə ərzində illik faiz dərəcəsi 15%-dan başlayaraq avtokredit əldə edə bilər. Aksiya 31 iyul 2014-cü ilədək davam edəcək. Avtokrediti bankın istənilən filialında rəsmiləşdirmək mümkündür. Bu zaman ilkin ödəniş 40 faizdən başlayır.
Bank VTB (Azərbaycan) ASC-nin Pərakəndə biznes idarəsinin rəisi Tural Vəliyev mətbuata açıqlamasında bildirib ki, “Bank komissiyasına YOX deyək!” aksiyası “AvtoEkspress” krediti üzrə avtomobil əldə etmək arzusunda olan hər kəs üçün nəzərdə tutulub: “Hazırda biz əsas avtokreditorlardan biriyik və ölkənin əsas avtosalonları ilə işləyirik. Gələcəkdə biz müvafiq aksiyaları pərakəndə biznesin digər məhsulları üzrə də keçirmək niyyətindəyik”.
Məlum olduğu kimi, Azərbaycanda avtomobil kreditlərinin faiz dərəcələri kifayət qədər yüksəkdir. Belə ki, 19 faizlə verilən avtokreditlər dünyanın heç bir ölkəsində yoxdur. Dəfələrlə Mərkəzi Bankın rəhbərliyi banklara kredit faizlərinin aşağı salınmasını tövsiyə etsə də, praktiki olaraq banklar buna əməl etməyib.
Maraqlıdır, Bank VTB-nin avtomobil kreditləri ilə bağlı sözügedən kampaniyası digər bankların da analoji kampaniyalar keçirməsinə təkan verə bilərmi?
Sözügedən məsələni dəyərləndirən iqtisadçı-ekspert Vüqar Bayramov məsələyə fərqli prizmadan yanaşır. Onun fikrincə, ilkin ödənişin yüksək olması faizlərin əhəmiyyətini heçə endirir: “Birmənalı şəkildə şərtlər ağırdır. Bu şərtlər vətəndaşlara avtomobil kreditləşməsindən istifadə imkanı vermir. Çünki ilkin ödəniş yenə də yüksək olaraq qalır. Məbləğin yüksək olması vətəndaşların avtomobil kreditlərindən səmərəli istifadə etməsinə əngəllər yaradır. Bu baxımdan sözügedən dəyişikliklərdən sonra birmənalı şəkildə bankların kreditləşmə sahəsində hər hansı ciddi dəyişikliyə gedəcəyini demək mümkün deyil. Bu gün banklarda müşahidə edilən proses ondan ibarətdir ki, bankların rentabelliyində azalmalar müşahidə edilir. Çünki bankların kredit qoyuluşları aşağı düşüb. Kredit qoyuluşlarının aşağı düşməsi rentabelliyə təsir göstərib.
İlk 3 ayın yekunları göstərir ki, kreditləşmənin azaldılması bank sektoruna, bankların özünə mənfi təsir göstərib. Bir sözlə, sərt kredit siyasətindən yumşaq kredit siyasətinə keçilməsi olduqca vacibdir”.
Bakıxəbər




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir