Search

“Aqrar və innovasiya tipli yeni banklar yaranmasına ehtiyac var”

Əli Məsimli: “Bu yolla valyuta ehtiyatlarının 1-2 milyard dolları aşağı faizlə perspektivli sahələrə yönəldilə bilər”

“Bank sisteminin Azərbaycan Mərkəzi Bankından (AMB) alınan kreditlər üzrə öhdəlikləri cari ilin yanvar-may aylarında azalıb”. Belə bir açıqlama ilə çıxış edən Mərkəzi Bankın baş direktoru Rəşad Orucovun sözlərinə görə, iyun ayının 1-nə yenidənmaliyyələşdirmə çərçivəsində kommersiya banklarına 3 milyard 139 milyon 100 min manat mərkəzləşdirilmiş kredit verilib. Bu da ilin əvvəli ilə müqayisədə 27,6 milyon manat azdır. Azalma yanvar-aprel aylarında qeydə alınıb. Mərkəzi Bankın faiz dərəcəsini 4,75 faizdən 4,25 faizə endirməsindən sonra mayda aprel ayı ilə müqayisədə yenidənmaliyyələşdirmənin həcmi 15,1 milyon manat artıb.
Baş direktor vurğulayıb ki, Azərbaycanda strateji valyuta ehtiyatları 50 milyard ABŞ dollarını ötüb. O hesab edir ki, Neft Fondunun pullarını gətirib kredit kimi özəl banklara vermək iqtisadi baxımdan doğru deyil və heç bu gün buna da ehtiyac yoxdur.
Bu və digər məsələyə münasibət bildirən Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Əli Məsimli “Üç nöqtə”yə dedi ki, hazırda Mərkəzi Bank rəsmilərinin yanaşması reallığa uyğun deyil. Onun fikrincə, tezliklə bu məsələ yenidən aktuallıq kəsb edəcək: “Zamanında Azərbaycan prezidentinin ölkənin strateji valyuta ehtiyatlarından ölkə daxilində kredit kimi istifadə edilməsi məsələsini qaldırması çox müsbət və zəruri haldı. Mərkəzi Bank və digər aidiyyatı strukturlar hələ bu məsələdə tərəddüd etsələr də, kredit bazarında yaranmış vəziyyət və real sektorun inkişafının sürətləndirilməsi tələbatı gec-tez belə bir addım atılmasını zəruri edəcək”. Azərbaycanda strateji valyuta ehtiyatları 50 milyard ABŞ dolları ötdüyünü qeyd edən iqtisadçı millət vəkili həmin vəsaitin xeyli hissəsinin çox aşağı faizlə xarici banklarda saxlanıldığını söylədi: “Ona görə də həmin vəsaitdən istifadənin səmərələliyinin artırılması istiqamətində müxtəlif səpkili tədbirlər həyata keçirmək olar. Söhbət həmin vəsaitin əhəmiyyətli hissəsindən yox, etibarlı nəzarət mexanizmi və aşkarlıq şəraiti yaratmaq şərtilə, onun cəmi 1-2 milyard dollarını və ya 2-4 faizini aşağı faizlə özəl kommersiya bankları vasitəsilə perspektivli istehsal sahələrinə yönəldilməsindən gedə bilər. Ölkədə, hətta güclü Aqrar-Sənaye Bankının yaradılması və onun ucuz kredit resursları ilə təmin edilərək kənd təsərrüfatına və onunla bağlı sahələrin qalxınmasına, eləcə də İnnovasiyalı İnkişaf Bankı yaratmaq vasitəsilə ölkədə innovasiyalı inkişafa rəvac vermək olar. Daha çox əlavə dəyər yaradan, rəqabət qabiliyyətli sahələrə aşağı faizli kreditlərin verilməsi Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətinin artırılması sahəsində görülən işlərin sürətlənməsinə təkan verə bilər. Həmin vəsaitin kiçik bir bir hissəsindən “xalq evlərinin” tikintisi sahəsində çox zəruri bir layihənin həyata keçirilməsində də istifadə etmək olar”.
Ə.Məsimli deyir ki, əhalinin aztəminatlı hissəsinin evlə təmin edilməsi Azərbaycan iqtisadiyyatına güclü təkan verə bilər: “Almaniyanın müharibədən sonrakı təcrübəsin xatırlatmaq yerinə düşər. Orada insanları evlərlə təmin etmək, iqtisadiyyatın böyük irəliləyişinə səbəb oldu. Bu təcrübəni Azərbaycanda da tətbiq etməklə biz iqtisadiyyatın inkişafına nail ola bilərik. Bunun üçün ucuz qiymətə – hər kvadratmetri 50-100 manata olan “xalq evləri” tikilməlidir. Bununla biz həm aztəminatlı təbəqənin evlə təmin olunmasına nail oluruqsa, digər tərəfdən, iqtisadiyyatın güclənməsinə nail olacağıq”.
Əyalətlərin vəziyyəti haqqında danışan Ə.Məsimli bildirib ki, dövlətin qarşısında əsas bir neçə problem durur. “Bunlar elektrik, su, qaz və yol probleminin həllidir. Əgər buna nail olunarsa, o zaman regionlarımızın da sürətli inkişafına nail ola bilərik. Digər əsas məsələlərdən bir də bölgələrdə yüksək maaşlı iş yerlərinin açmaqdır”, – deyə millət vəkili vurğulayır.
Eyni zamanda mütəxəssis bildirir ki, aqrar istehsalat müəssisələrində istehsalın elmi-nəzəri-praktiki biliklərə əsaslanaraq həyata keçirilməsi, yüksək kəmiyyət və keyfiyyətli məhsuldarlıq deməkdir. Bunun üçün, bilikli mütəxəssislərin və ehtiyacı ödəyən mini laboratoriyaların olması da cox vacibdir




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir