Search
calendar

8 iyun təqvimdə

632-ci il. Sonuncu peyğəmbər, eyni zamanda, ictimai-siyasi, dini və siyasi lider olan Məhəmməd ibn Abdullah (570/571-632) vəfat edib.

İslam peyğəmbəri Məhəmməd bəzi mənbələrə görə 570-ci, bəzilərinə görə isə 571-ci ildə dünyaya gəlib. Anadan olmamışdan əvvəl atasını, 6 yaşında isə anasını itirən Məhəmmədi əmisi Əbu Talib himayəsinə götürüb. Sonrakı illərdə çobanlıq, daha sonra isə tacirlik edib. 25 yaşında olarkən 40 yaşlı Xədicə ilə evlənib. Qırx yaşında olarkən tez-tez dualar etdiyi dağlarla əhatə olunan mağarada ona vəhy gəldiyini bildirib. Bundan üç il sonra insanları İslama dəvət etməyə başlayıb. Allahın bir olduğunu, Allah tərəfindən qəbul edilmənin yeganə yolunun Allaha təslim olmaq olduğunu təlqin edib. Özünün Allahın peyğəmbəri və rəsulu olduğunu bildirib.

Əvvəllər çox az sayda insanı inandıra bilən Məhəmməd Məkkədə bəzi qəbilələrin sərt etirazları ilə qarşılanıb. Bu dövrdə tərəfdarlarının şiddətli hücumlara məruz qalması nəticəsində 622-ci ildə Mədinəyə köçüb. Mədinəyə Hicrət, eyni zamanda, Hicri təqvimi kimi tanınan İslam təqviminin başlanğıcı olaraq qəbul edilir. Məhəmməd Mədinə razılaşması ilə bu şəhərdəki qəbilələri birləşdirdi. Məkkə qəbilələri ilə davam edən səkkiz illik müharibə nəticəsində Ona inananların sayı xeyli artıb. Məkkənin mühasirəsindən sonra əldə olunan razılığa əsasən qan tökülmədən şəhərə nəzarəti ələ keçirdi və buradakı bütün bütləri məhv etdi.

632-ci ildə Vida həccindən sonra Mədinəyə qayıdıb. Bundan bir neçə ay sonra xəstələnib və vəfat edib. Məhəmməd peyğəmbər ölənə qədər Ərəbistan yarımasında yaşayan əhalinin böyük əksəriyyəti İslamı qəbul etmiş, yarımadanın ərazisi vahid dövlətin tərkibində birləşdirilmişdi.

1929-cu il. Böyük Britaniya hökumətində əmək naziri vəzifəsinə təyin edilən Marqaret Bondfild ölkə tarixində ilk qadın nazir olub.

1949-cu il. İngilis yazıçısı Corc Oruellin “1984” romanı çapdan çıxıb. Bu roman antiutopiya janrında yazılmış ən məşhur ədəbi əsərlərdən biri sayılır. 2009-cu ildə “The Times” qəzeti “1984”-ü son 60 il ərzində yaradılmış 60 ən yaxşı kitab siyahısına daxil edib, “Newsweek” jurnalı isə romanı bəşəriyyət tarixində ikinci ən yaxşı kitab adlandırıb. Romanın adı və terminologiyası geniş yayılıb və kitabdakı situasiya totalitar rejimləri təsvir etmək üçün istifadə olunur. Əsər dəfələrlə sosialist ölkələrində qadağan olunub, Qərb ölkələrinin solçuları tərəfindən tənqid obyektinə çevrilib.

1992-ci il. Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən Dünya Sammitində Kanadanın təşəbbüsü ilə hər il iyunun 8-nin Dünya Okean Günü kimi qeyd olunması barədə qərar qəbul edilib. Bu tarix 2008-ci ildə BMT tərəfindən rəsmi şəkildə Dünya Okean Günü kimi tanınmağa başlanır və əksər ölkələrdə qeyd olunur.

1978-ci il. İyirmi doqquz yaşlı Naomi Ceyms yaxta ilə Horn burnundan keçərək dünya səyahətini başa vuran ilk qadın olub. Təxminən 9 aylıq səyahəti zamanı ümumilikdə 43 min 452 kilometr məsafə qət edən N.Ceyms, eyni zamanda, özündən əvvəlki rekordu da iki gün fərqlə təzələyib.

Mənbə: Azərtac


TAG


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir