680943_489686

“Təhlükəsizlik kəməri insanı 85% ölümcül xəsarətlərdən qoruyur”

Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda ilin yekunlarına dair mətbuat konfransı keçirilib.
İnstitutun direktoru Vaqif Verdiyev bildirib ki, ən çox zədələnmələr qışda və yayda baş verir. O deyib ki, hazırda insanlarda sınıqların sayı artıb.
V. Verdiyev yol-nəqliyyat travmatizmi ilə bağlı elmi-tədqiqat işləri aparıldığını söyləyib: “Yol-nəqliyyat travmatizmindən əziyyət çəkən xəstələrin müalicəsi daha çətin olur”.
Mətbuat konfransında qeyd olunub ki, institutun klinikası 200 çarpayıdan, 7 cərrahiyyə otağından ibarətdir. Dayaq hərəkət sisteminin zədələnmələri və anadangəlmə qüsurların müalicəsində müasir texnologiyalar və üsullardan istifadə olunur.
İnstitutun Kəskin travmatologiya şöbəsinin elmi rəhbəri Qələndər Canbaxışov deyib ki, Azərbaycanda zədələnmədən ölüm 4-cü sıradadadır: “Avtomobil qəzaları zamanı insanlar ağır xəsarətlər alır. Sərxoş vəziyyətdə, yüksək sürət nəticəsində ağır qəzalar baş verir. Əksər qəzalar zamanı təhlükəsizlik kəmərinin taxılmaması ölümcül xəsarətlərə səbəb olur. Lakin diqqətinizə çatdırım ki, qəzalar zamanı təhlükəsizlik kəməri insanı 85% ölümcül xəsarətlərdən qoruyur”.
İnstitutun şöbə müdiri Fikrət Qafarov bildirib ki, bu gün “ət maşını” travmasının sayı artıb: “Sərxoş halda pəncərəyə zərbə endirilməsi hallarından zədələnmələrin sayı da azalmır”.



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir