Search
1444808222_29958

Bankomatların sayı niyə azaldılır

Azərbaycan bankları quraşdırdıqları bankomatların sayını azaldır. Bu barədə Azərbaycan Mərkəzi Bankı (AMB) xəbər verir. Qurumun açıqladığı statistikaya görə, bu ilin fevralı ayının yekununda Azərbaycanda 2562 bankomat olub. Bu, yanvar ayının yekunu ilə müqayisədə 9 ədəd azdır. Götürülmüş bankomatların hamısı regionlarda quraşdırılanlardır. Son 1 ildə isə bankomatların sayı 60 ədəd azalıb. Bunun 53-ü Bakının 7-si isə regionların payına düşüb. Yəni, ötən ilin fevral ayından bəri banklar Bakıdakı bankomatlarının sayını daha çox azaldıblar.

Bankomata qoymağa pul yoxdur

Bank sahəsi üzrə mütəxəssis Rauf Ağayev hesab edir ki, bankomatların sayının azalması bankların həmin qurğularda yerləşdirməyə pul tapmaması ilə bağlıdır: “Azərbaycanda manat kütləsi azalıb, indi banklara əvvəlki kimi bankomatlarda çoxlu pul saxlamaq sərf etmir. Bank sektorunda aktivlik zəifdir, ora qoyulmuş pul aylarla qala bilər, bu isə həmin vəsaitin dövriyyədə olmaması deməkdir. Məzənnə riski də var. Odur ki, banklar bankomatları götürürlər”. Onun sözlərinə görə, 1 bankomatda 4 kasset olur. Hər kassetə isə 2 min əskinas yerləşdirilir: “İndi təsəvvür edin ki, hər kassetdə 2 min 100-lük əskinas, 2 min 50-lik əskinas olsa bu elə 300 min manat deməkdir. Bu puldan istifadə olunmayacaqsa, bank onu niyə bankomatda saxlasın?”.

Bankomatın xərci borcunu ödəmir

Bankomatların götürülməsi həm də onun saxlanmasına çəkilən xərclərlə bağlıdır. Rauf Ağayev deyir ki, elektrik və rabitə xərcləri bir yana, banklar bankomatların quraşdırıldığı yerlərə görə aylıq icarə haqqı da ödəməyə məcburdurlar: “İstiqamətdən asılı olaraq banklar məşğul etdikləri yerə görə icarə pulu verirlər. Şəhərin mərkəzində hansısa mağazadan bankomat üçün yer alıblarsa, onun aylıq xərci 1000-1500 manata qədər ola bilər. Kənar ərazilərdə, Bakının kəndlərində isə azı 100-200 manat ödəmək lazım gəlir. Bank hesablayır, əgər bir bankomat onu bu gəliri gətirmirsə, həmin bankomatı saxlamaq lazım deyil”.

Bankomatın qarşısındakı izdiham mağaza sahibini narazı salır

Bəzən isə bankomatlar mağaza sahiblərinin istəyi ilə götürülür: “Maaş-pensiya verilən ərəfədə bankomatların qarşısında saatlarla izdiham olur. Bu isə onun yerləşdiyi mağazanın sahibinə sərf etmir. Yəni, alış-verişə mane olur, mağazaya girmək istəyən insanlar qələbəliyi görüb fikirlərindən daşınırlar. Ona görə də, bəzən elə obyekt sahibləri özləri banka deyirlər ki, bankomatı götürsün. İcarə haqqından da imtina edirlər” – deyə Rauf Ağayev bildirib.

Mənbə: Fins.az




2 şərh “Bankomatların sayı niyə azaldılır

  1. Neman

    Mən 8 il Beynelxalq Bank İsmayıllı şöbəsində əməliyyatcı vəzifəsində işləmişəm. Hal hazırda 3 aydır ki işsizem. Kapital Bank “Əməliyyat Departamentinin Sərəncamların və ödəniş tapşırıqlarının yığımı şöbəsinin Mütəxəssisi” vəzifəsi üçün CV ni onların emailine göndersem bes edirmi? Hal hazırda iş tapa bilmirem. Mene bu barede köməklik göstərməyinizi xahiş edirem

    Cavabla
    1. Bank News Post author

      Neman bəy CV-ni email ünvanına göndərməyiniz kifayət edir. Əgər göstəriciləriniz uyğun gələrsə Sizi müsahibəyə dəvət edəcəklər.

      Cavabla

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir