Search
baliq1

Bərdə xaricə qara kürü ixrac edəcək

Bərdə rayonunun Samux kəndi ərazisindəki balıqçılıq təsərrüfatında qiymətli balıq növlərindən olan nərə cinsli balıqlar yetişdirilir. 50 hektardan artıq sahədə nərə balığının 7 növü, həmçinin sazan, ağ Amur, karp, sudak (suf), naxa və sair növlərdə balıqlar bəslənilir.

Təsərrüfatın rəhbəri Vüqar Şəfiyev bildirib ki, 1992-ci ildən balıqçılıqla məşğuldur:

“İl ərzində satışa 50 tondan artıq sazan, ağ Amur, karp balığı çıxarırıq. Yuxarı Qarabağ kanalının keçdiyi ərazidə balıq yetişdirmək üçün əlverişli mühitin mövcudluğu, həmçinin sahibkarlığın inkişafına yaradılan şərait təsərrüfatı daha da genişləndirməyə imkan verir. Odur ki, 4 il əvvəl nərə cinsli balıqların da yetişdirilməsinə başlamışıq. Hazırda təsərrüfatımızda yaradılan süni göllərdə və hovuzlarda 50 minədək nərə balığı bəslənilir. Balıqlar mütəxəssislər tərəfindən süni mayalanma yolu ilə çoxaldılır. Balıqların yemlənməsi isə əsasən xarici ölkələrdən alınan yemlər vasitəsilə həyata keçirilir”.

Təsərrüfat sahibi bildirib ki, gələn ildən qara kürü istehsalına başlanılacaq:

“Qara kürü istehsalı gəlirliyinə görə neftdən sonra ikinci yerdədir. Dünya bazarında 1 kiloqram kürünün qiyməti min manatdan yuxarıdır. Odur ki, bu sahənin inkişaf etdirilməsi ölkəmiz üçün xeyli valyuta gətirə bilər. 2017-ci ilin martında xarici bazara bir tondan çox kürü çıxarmağı nəzərdə tuturuq”.

baliq5“Balıqçılıq təsərrüfatını daha da genişləndirmək, balıq sürfələrinin yetişdirilmə sexi tikmək istəyirik. Təsərrüfatda başlıca problemimiz isə yemi xaricdən baha qiymətə almağımızdır. Nərə balıqlarının yetişdirilməsi üçün yem istehsalı ölkədə həyata keçirilərsə, həmçinin balıqçılığın inkişafı üçün subsidiya ayrılarsa, respublikamız üçün gəlir gətirə biləcək bu sahəyə maraq xeyli artar”, – deyə Vüqar Şərifov qeyd edib.

Mənbə: Azərtac




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir