Search
518527_479771

Azərbaycanda turizm qanunları dəyişəcək

Azərbaycanda turizmin inkişafı məqsədi ilə çoxlu işlər görülür. Hazırda bu sahədə qanunvericlik işinin təkmilləşdirilməsinə də ehtiyac var. Ona görə də artıq Milli Məclisdə yeni “Turizm haqqında” Qanun layihəsinə baxılır.
Bunu Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şıxəmmədov bildirib.
Onun sözlərinə görə, qanun layihəsi yaxın zamanlarda parlamentdə geniş müzakirəyə çıxarılacaq: “Layihə artıq qarşıdan gələn payız sessiyası dövründə ilk oxunuşda müzakirəyə çıxarılacaq. Bundan əlavə, Azərbaycanda növbəti 10 il, 2016-2025-ci illər üçün Turizmin İnkişafı Strategiyası da Nazirlər Kabinetinə təqdim edilib”.
Qeyd edək ki, “Turizm haqqında” yeni qanun layihəsində müasir turizm sənayesinin daha effektli idarə olunması üçün mühüm institusional, tənzimləyici yeniliklər və qabaqcıl təcrübələr öz əksini tapıb.
Bundan başqa, qanun layihəsində institusional yeniliklər kimi, turizm və rekreasiya zonalarının, turizm bürolarının, sosial turizm komissiyalarının, dövlət mülkiyyətində olmayan turizm informasiya mərkəzlərinin və turizm informasiya-biznes mərkəzlərinin yaradılması, elmi tədqiqatların aparılması üçün müvafiq qurumların təsis edilməsi və s. müddəalar yer alıb.
Həmçinin, tənzimləyici yeniliklər kimi, turizm sahəsində qanunvericilik maddəsinin genişləndirilməsi, korporativ idarəetmə standartlarının hazırlanması və onların turizm sahəsində dövlət tənzimləməsinin əsas prinsiplərdən biri kimi müəyyən edilməsi, dövlət turizm reyestrinin yaradılması və aparılması, turizm sahəsində fəaliyyət və xidmət növlərinin yeni təsnifatının nəzərdə tutulması, turizm və yerləşdirmə fəaliyyətinin dövlət tənzimlənməsinin təkmilləşdirilməsi, turizm sahəsində bağlanan əqdlərin təsnifatının verilməsi, turizm təhlükəsizliyi konsepsiyasının hazırlanması və həyata keçirilməsi və s. müddəalar əks olunub.
Mütəxəssislərin fikrincə, yeni qanunun tətbiqi Azərbaycanın turizm potensialının daha da inkişaf etdirilməsi, turizm sahəsində biznes proseslərinin səmərəli idarə olunması, dövlət tərəfindən turizm fəaliyyətinin tənzimlənməsi və turizm sənayesinə verilən dəstəyin artırılmasında geniş imkanlar yaradacaq.
Xatırladaq ki, Azərbaycanda 1999-cu ildə Milli Məclis tərəfindən “Turizm haqqında” Qanun qəbul edilsə də, hazırda onun günün tələblərinə cavab vermədiyi bildirilir.
Milli.az



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir