414021_490121

“ASAN qatar”ın ilk gedəcəyi məntəqə Qazax rayonu olacaq – FOTO

Azərbaycan prezidenti İlham Əliyev Bakıda 1 saylı “ASAN kommunal” Mərkəzinin açılışında iştirak edib və Biləcəri stansiyasında səyyar “ASAN qatar”la tanış olub.
Prezident Administrasiyanın hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov və Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov mərkəzdə yaradılan şərait barədə dövlət başçısına məlumat veriblər.
Pilot layihə çərçivəsində 1 saylı “ASAN kommunal” Mərkəzi paytaxtın Nəsimi, Nərimanov və Binəqədi rayonlarında qeydiyyatda olan 653 600 vətəndaşa xidmət edəcək. Mərkəzdə 3 qurum – “Azərişıq” və “Azərsu” Açıq Səhmdar cəmiyyətləri, həmçinin “Azəriqaz” İstehsalat Birliyi tərəfindən vətəndaşlara 45 növ xidmət göstəriləcək.
Prezident İlham Əliyevə “ASAN ödəniş” sisteminin mobil tətbiqi barədə məlumat verilib. Bu sistemlə istifadəçilər abonent kodlarını, bank hesablarını, protokol nömrələrini və digər ödəniş təyinatlarını tətbiqin yaddaşında saxlaya və bir toxunuşla ödəniş edə bilərlər.
Prezident İlham Əliyevə “ASAN Radio”nun 1 illik fəaliyyəti ilə bağlı da məlumat verilib.
Sonra dövlət başçısına “ASAN könüllüləri” təşkilatının fəaliyyəti, hazırda Bakı şəhərində inşa edilən 2 və 3 saylı “ASAN kommunal” mərkəzləri barədə məlumat verilib..
Dövlət başçısı mərkəzin kollektivi ilə görüşüb.
Sonra prezident İlham Əliyev səyyar “ASAN qatar”la tanış olmaq üçün “Azərbaycan Dəmir Yolları” QSC-nin Biləcəri stansiyasına gəlib. “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov görülən işlərlə bağlı dövlət başçısına ətraflı məlumat verib.
Dövlət başçısı səyyar “ASAN qatar”larda yaradılan şəraitlə tanış olub, səyyar “ASAN qatar” xidmətinin fəaliyyətə başlamasını bildirən düyməni basıb.
“ASAN qatar”ın ilk gedəcəyi məntəqə Qazax rayonu olacaq.



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir