Search
14531064

Yalama Aqroparkında rekord səviyyədə məhsuldarlıq əldə olunub

Xaçmaz rayonunda yerləşən Yalama Aqroparkının yem bazasının formalaşdırılması məqsədilə növbəli əkin sistemi tətbiq olunmaqla müxtəlif kənd təsərrüfatı bitkiləri – 128,5 hektar yonca, 228,5 hektar arpa və 100 hektar dənlik qarğıdalı əkilib. Əkin sahəsində rentabelliyin təmin olunması məqsədilə arpa biçini aparılıb və yüksək məhsuldarlıq əldə olunub. Arpa biçini aparılmış sahənin 155 hektarına ikinci əkin olaraq silosluq qarğıdalı əkilib.

Bu günlərdə aqroparkda 100 hektar sahədə qarğıdalı biçini başa çatdırılıb və respublikada rekord səviyyədə məhsuldarlıq – hər hektardan 156,4 sentner olmaqla, ümumilikdə 1564 ton yüksək keyfiyyətli dənlik qarğıdalı yığılıb.

Yaxın günlərdə isə 170 ha sahədə payızlıq arpa əkininə başlanacaq.

Qeyd edək ki, 523 hektar sahədə yaradılmış Yalama Aqroparkının birinci mərhələsi üzrə 3000 başlıq cins iri buynuzlu heyvandarlıq kompleksi, 385 hektar sahədə iri taxılçılıq təsərrüfatı, gücü saatda 5 ton olan yem zavodu, tutumu 4,5 min ton olan taxıl anbarı kompleksi və digər zəruri infrastrukturlar yaradılıb.

İkinci mərhələdə isə aqroparkda müasir texnologiyanın tətbiqi ilə gündəlik emal gücü 100 ton olan süd emalı zavodu tikiləcək. Zavodda istehsal olunacaq kərə yağı, quru süd və pendir daxili bazarla yanaşı, xarici ölkələrə də ixrac ediləcək.

Hazırda aqroparkda 150 nəfər çalışır. Layihələrin növbəti mərhələsinin icrası nəticəsində yaradılacaq yeni iş yerlərinin sayı 300-ü ötəcəkdir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir