Search
photo_55366

Xarici avtomobillərin yol vergisi və dövlət rüsumundan azad olunması qaydası təsdiqlənib

Nazirlər Kabineti “Xarici dövlətlərin yük avtomobillərinin, qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələrinin yol vergisindən və dövlət rüsumundan azad olunması Qaydası”nı təsdiqləyib. Bu qərar 2016-cı il iyun ayının 1-dən etibarən tətbiq edilir və 3 (üç) il müddətində qüvvədədir.

Xarici dövlətlərin yük avtomobilləri, qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələri dəmir yolu ilə nəql edilən yüklər Azərbaycan Respublikası ərazisindəki bu Qaydanın 2.2.1-ci və 2.2.2-ci yarımbəndlərində göstərilən son dəmir yolu stansiyasında xarici dövlətlərin yük avtomobillərinə, qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələrinə aşırılaraq ən yaxın gömrük sərhəd buraxılış məntəqəsindən keçirilməklə digər dövlətə daşındıqda; xarici dövlətlərin yük avtomobilləri, qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələri ilə yüklər digər dövlətin ərazisindən Azərbaycan Respublikası ərazisindəki bu Qaydanın 2.2.3-cü və 2.2.4-cü yarımbəndlərində göstərilən ilk dəmir yolu stansiyasına ən yaxın gömrük sərhəd buraxılış məntəqəsindən keçirilməklə daşındıqda yol vergisindən və dövlət rüsumundan azaddır.

Bu Qayda Azərbaycan Respublikası ərazisində dəmir yolu ilə nəql edilən yüklərin Azərbaycan Respublikasının vahid gömrük ərazisindən (bundan sonra – gömrük ərazisi) Türkiyə Respublikasına və ya İran İslam Respublikasına, habelə Türkiyə Respublikasından və ya İran İslam Respublikasından gömrük ərazisinə daşınan yüklərin Azərbaycan Respublikasının ərazisində dəmir yolu ilə nəqlinə davam etdirilməsi məqsədi ilə gömrük ərazisinə daxil olan və bu ərazini tərk edən xarici dövlətlərin yük avtomobillərinə, qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələrinə şamil edilir.

Avtonəqliyyat vasitələri Azərbaycan Respublikasının ərazisində dəmir yolu ilə nəql edilən yük son dəmir yolu stansiyası hesab edilən Astara dəmir yolu stansiyasında avtonəqliyyat vasitəsinə aşırılaraq İran İslam Respublikasına və ya onun ərazisindən keçməklə üçüncü dövlətə daşındıqda; Naxçıvan Muxtar Respublikasının ərazisində dəmir yolu ilə nəql edilən yük son dəmir yolu stansiyası hesab edilən Şərur dəmir yolu stansiyasında avtonəqliyyat vasitəsinə aşırılaraq Türkiyə Respublikasına və ya onun ərazisindən keçməklə üçüncü dövlətə daşındıqda; İran İslam Respublikasının ərazisindən avtonəqliyyat vasitəsi ilə Azərbaycan Respublikasının gömrük ərazisinə daxil olan yük ilk dəmir yolu stansiyası hesab edilən Astara dəmir yolu stansiyasında vaqona (vaqonlara) aşırılaraq dəmir yolu ilə nəql edildikdə; Türkiyə Respublikasından avtonəqliyyat vasitəsi ilə Naxçıvan Muxtar Respublikasının ərazisinə daxil olan yük ilk dəmir yolu stansiyası hesab edilən Şərur dəmir yolu stansiyasında vaqona (vaqonlara) aşırılaraq dəmir yolu ilə nəql edildikdə; avtonəqliyyat vasitəsi Türkiyə Respublikasından və ya İran İslam Respublikasından gömrük ərazisinə yüklə daxil olaraq, həmin yükü ilk dəmir yolu stansiyasında aşırdıqdan sonra, həmin dəmir yolu stansiyasından digər yükü müvafiq olaraq Türkiyə Respublikası və ya İran İslam Respublikası istiqamətində geri daşıdıqda yol vergisindən və dövlət rüsumundan azad olunur.

Bəyannaməçi bu Qaydanın 3.1-ci bəndində göstərilənlərdən əlavə, müvafiq gömrük orqanına bu Qaydanın 1 və 2 nömrəli əlavələri ilə müəyyən olunmuş formada “Yük haqqında bildiriş”i (bundan sonra – bildiriş) təqdim edir. Bildiriş kağız üzərində yazılı formada və ya elektron formada təqdim edilə bilər.

Bildiriş gömrük orqanına avtonəqliyyat vasitələrinin və (və ya) yükün bəyan edildiyi vaxt verilməlidir. Gömrük orqanı Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə əsasən bəyannaməçinin təqdim etdiyi sənəd və məlumatlarda aradan qaldırılması mümkün olmayan çatışmazlıqlar aşkar etdiyi halda, bildirişin qəbul edilməsindən imtina edir. Bildirişin Azərbaycan və ingilis dillərində formaları Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin rəsmi internet səhifəsində yerləşdirilməlidir və bəyannaməçinin həmin səhifədən bildirişi ödənişsiz qaydada əldə etmək imkanı olmalıdır.

İran İslam Respublikasının və ya Türkiyə Respublikasının ərazisindən avtonəqliyyat vasitəsi ilə müvafiq olaraq Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının ərazisinə daxil olan yük ilk dəmir yolu stansiyası hesab edilən Astara və ya Şərur dəmir yolu stansiyasında vaqona (vaqonlara) aşırılaraq dəmir yolu ilə nəql edildikdə, bəyannaməçi bu Qaydanın 3-cü hissəsinin tələbləri nəzərə alınmaqla, bu Qaydanın 1 nömrəli əlavəsində müəyyən edilmiş formada bildirişi və “Nəqliyyat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq daşıyıcı ilə bağlanmış müqaviləni gömrük orqanlarına təqdim etməlidir.

Avtonəqliyyat vasitəsi Türkiyə Respublikasından və ya İran İslam Respublikasından gömrük ərazisinə yüklə daxil olaraq, həmin yükü ilk dəmir yolu stansiyasında aşırdıqdan sonra, həmin dəmir yolu stansiyasından digər yükü müvafiq olaraq Türkiyə Respublikası və ya İran İslam Respublikası istiqamətində geri daşıdıqda, bəyannaməçi bu Qaydanın 3-cü hissəsinin tələbləri nəzərə alınmaqla, bu Qaydanın 1 və 2 nömrəli əlavələrində müəyyən edilmiş formalarda bildirişi və müvafiq müqaviləni gömrük orqanlarına təqdim etməlidir.

Azərbaycan Respublikasının və ya Naxçıvan Muxtar Respublikasının ərazisində dəmir yolu ilə nəql edilən yük son dəmir yolu stansiyası hesab edilən Astara və ya Şərur dəmir yolu stansiyasında avtonəqliyyat vasitəsinə aşırılaraq İran İslam Respublikasına və ya Türkiyə Respublikasına və ya onların ərazisindən keçməklə üçüncü dövlətə daşındıqda, bəyannaməçi bu Qaydanın 3-cü hissəsinin tələbləri nəzərə alınmaqla, bu Qaydanın 2 nömrəli əlavəsində müəyyən edilmiş formada bildirişi, 3 nömrəli əlavəsində müəyyən olunmuş formada təsdiq edilmiş təhvil-təslim aktını və “Nəqliyyat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq daşıyıcı ilə bağlanmış müqaviləni yük gömrük ərazisindən çıxarılarkən gömrük orqanlarına təqdim etməlidir.

Avtonəqliyyat vasitəsi gömrük ərazisinə daxil olarkən, müvafiq gömrük orqanı bəyannaməçinin təqdim etdiyi sənədlərdə göstərilən məlumatları, eləcə də bildirişi və bildirişdə göstərilən məlumatları gömrük xidmətinin vahid avtomatlaşdırılmış idarəetmə sisteminə daxil edir.

Avtonəqliyyat vasitəsi gömrük ərazisini tərk edərkən, müvafiq gömrük orqanı təhvil-təslim aktında qeyd edilən məlumatların gömrük xidmətinin vahid avtomatlaşdırılmış idarəetmə sistemində öz əksini tapan məlumatlara, habelə bildirişə uyğunluğunu yoxlayır. Təqdim edilmiş sənədlərdə və məlumatlarda çatışmazlıq və ya ziddiyyət aşkar edilmədikdə, avtonəqliyyat vasitəsinin gömrük ərazisini tərk etməsinə icazə verilir.

Bəyannaməçi avtonəqliyyat vasitəsi gömrük ərazisinə daxil olarkən müvafiq gömrük orqanına təqdim edilən bildirişdə üzərinə götürdüyü öhdəliyə uyğun hərəkət etməlidir və bildirişdə qeyd edilən öhdəlikdən kənar və ya həmin öhdəliklə ziddiyyət təşkil edən hərəkətlərə yol verməməlidir.

Bəyannaməçi bildirişdə qeyd edilən öhdəliyin pozulmasına görə qanunda nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyır.

Bu Qaydada dəyişikliklər Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırıldıqdan sonra edilə bilər.

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir