Search
798537_489985

Vergi amnistiyasında borcların əsas məbləği silinməyəcək

““Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında” Qanun layihəsi artıq Milli Məclisinin plenar iclasına tövsiyyə olunub. Qəbul olunacağı təqdirdə sənəd 2017-ci ilin 1 yanvar tarixindən qüvvəyə minəcək”.
Bunu Vergilər Nazirliyinin Vergi cinayətlərinin təhlili və vergi borclarının alınması işinin təşkili baş idarəsinin rəisi Zeynalabdin Məmmədzadə bildirib.
Onun sözlərinə görə, sənəd ölkə Prezidentinin təşəbbüsü ilə hazırlanıb və ölkəmizdə sahibkarlığın inkişafının stimullaşdırılması, əlverişli biznes mühitinin formalaşdırılması və vergi yükünün optimallaşdırılması məqsədini daşıyır.
“Vergi borclarına görə amnistiyaların tətbiqi alətindən bir çox xarici dövlətlərdə geniş istifadə edilir. Məsələn, Türkiyə Respublikasında bu təcrübə mütəmadi olaraq uğurla tətbiq olunur və sonuncu belə bir qanun 2016-cı ilin avqust ayında qəbul edilib. Dünya təcrübəsinə əsasən, bu kimi layihələrin tətbiqi sahibkarlıq fəaliyyətini stimullaşdırmaqla yanaşı, sahibkarların sərəncamında kifayət qədər sərbəst vəsaitlərin qalmasına, onların işgüzar fəaliyyətlərinin genişlənməsinə, ölkənin ticarət fəaliyyətində rolunun və iqtisadi aktivliyinin artmasına əlavə imkanlar yaradır və nəticədə vergiləri vaxtında ödəmə potensialının yenidən bərpa olunmasına xidmət edir”.
Nazirlik rəsmisi deyib ki, Vergi Məcəlləsinin tələblərinə əsasən, vergi borcları vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclardan ibarətdir:
“Sözügedən qanun layihəsi vergi ödəyicilərinin yalnız faiz və maliyyə sanksiyaları üzrə 1 yanvar 2017-ci il tarixə mövcud olan borclarını tənzimləyəcək. Yəni, vergi ödəyicilərinin vergilər üzrə borclarının əsas məbləğinin silinməsi nəzərdə tutulmayıb”.
Z.Məmmədzadə bildirib ki, faiz və maliyyə sanksiyaları üzrə borcların 2 qaydada – bir dəfəyə və mərhələli şəkildə silinməsi nəzərdə tutulur. Belə ki, 1 yanvar 2017-ci il tarixə vergilərin vaxtında ödənilməməsinə görə hesablanmış faizlər və nağd pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına görə Vergi Məcəlləsinin 58.7-ci maddəsinə əsasən tətbiq edilmiş maliyyə sanksiyaları üzrə borclar bir dəfəyə istisnasız silinəcək.
Digər maliyyə sanksiyaları üzrə borcların isə mərhələli şəkildə və müəyyən şərtlər daxilində silinməsi nəzərdə tutulur. 1 yanvar 2017-ci il tarixə mövcud olan maliyyə sanksiyaları üzrə borcların 2017-ci ilin yanvar ayı ərzində 30 faizi ödənildikdə yerdə qalan borcların 70 faizi, 2017-ci ilin yanvar-fevral ayları ərzində 50 faizi ödənildikdə yerdə qalan borcların 50 faizi, 2017-ci ilin yanvar-mart ayları ərzində isə 70 faizi ödənildikdə yerdə qalan borcların 30 faizi silinəcək.
Qanunun müddəaları vergi ödəyicilərinin faiz və maliyyə sanksiyaları üzrə borclarının məcburi ödənilməsi ilə bağlı məhkəmə qərarı qəbul edilmiş hissələrinə də şamil ediləcək”.
Onun sözlərnə görə, qanun 44000-dən çox vergi ödəyicisini əhatə edəcək. Onların 97%-dən çoxu özəl sektorda çalışan sahibkarlardır.
Modern.az



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir