Search
1404826673

Tanınmış iqtisadçı-ekspert dünyanın aparıcı təşkilatlarında ölkəmizi təmsil edir

Avstriya hökuməti beynəlxalq ekspertləri öz ölkəsinə dəvət edib. 30-a yaxın ölkənin təmsilçiləri 1 həftə ərzində Vyana və Salzburq şəhərlərində görüşlər keçirib, müzakirələr aparacaqlar. Iqtisadi və Sosial İnkişaf Mərkəzindən (CESD) bildiriblər ki, azərbaycanlı alim, tanınmış iqtisadçı Vüqar Bayramov da Avstriya hökumətinin dəvət etdiyi ekpertlər arasındadır. Onun səfəri Avstriya Avropa, İnteqrasiya və Xarici İşlər Nazirliyinin dəstəyi ilə icra edilən Avstriya Liderlər Proqramı çərçivəsində reallaşıb. Bu proqram çərçivəsində ilk dəfə olaraq dünyanın aparıcı ekspertləri bir araya gəlir. Müxtəlif qlobal, o cümlədən iqtisadi və enerji mövzularında müzakirələr təşkil ediləcək. Beynəlxalq ekspertlərin Avstriyaya səfəri aprelin 24-dən mayın 1-dək davam edəcək. 

Hal-hazırda Vyanada olan Vüqar Bayramov iştirak etdiyi görüşlər barədə açıqlamasında bunları deyir: “Dünən Vyanada keçirdiyimiz görüşlərdən ikisi daha yadda qalan oldu. Avstriyanın Prezidenti cənab Heinz Fişher bizi çox səmimiyyətlə qarşıladı və hətta onunla selfi çəkdirmək istəyənləri də qırmadı. Prezident Fişer ilə yalnız qlobal deyil, həmçinin regional iqtisadi və siyasi məsələləri müzakirə etdik. Öz sarayında görüşdən sonra bizim üçün günorta yeməyi təşkil edən və bu müzakirələrə xüsusi önəm verdiyini bildirən Prezident hökumətinin ona belə görüş təklifi etdiyi zaman düşünmədən razılaşdığını da bildirdi. BMT-nin Vyanadakı ofislərində və hökumət qurumlarındakı müzakirələrdən sonra OPEK-in mənzil qərargahında bu beynəlxalq qurumun baş katibi Abdallah Salem El-Badri və onun komandası ilə görüşdük. Neft ölkələri üçün maraqli olacaq məqamlar müzakirə edildi. Təbii ki, OPEK neftin dünya bazar qiymətinin azalmasının səbəbini qeyri-OPEK ölkələrinin hasilatı artırması ilə əlaqələndirir. OPEK baş katibinin sözlərinə görə, 2008-2014-cü illər arasında OPEK gündəlik hasilatı cəmi 0.77 milyon barrel artırdığı halda, bu təşkilata üzv olmayan dövlətlərdə istehsal 7.8 milyon barel artıb. Nəticədə təklif artıqlığı müşahidə edilir. Bununla belə, 2016-cı ildə OPEK-ə üzv olmayan ölkələrdə gündəlik hasilat 0.7 milyon barel azalacaq. Eyni zamanda qlobal iqtisadi artımın 3.1 faiz proqnozlaşdırıldığını nəzərə alaraq neftə tələbin gündəlik 1.2 milyon barel yüksələcəyi gözlənilir. Bununla belə, tələb və təklifin balaslaşdırılması üçün gündəlik hasilatın 1.5 milyon barel azaldılmasına ehtiyac var. Qiymətin necə dəyişəcəyini proqnozlaşdırmaq istəməyən OPEK rəhbərliyi bir bareli orta hesabla 5 dollara başa gələn xam neftin indiki qiymətindən heç də narazı görsənmir. Belə hiss olunur ki, OPEK qiymətin yüksələcəyi halda yenidən ABŞ-da şist neftinin hasilatı üçün geniş imkanlar yaranacağından ehtiyatlanır. Neft ölkələrində düşünürlər ki, neftin qiyməti 55 dolları keçərsə o zaman şist neft istehsalı genişlənəcək və ABŞ və Kanada bazarda dominant olacaqlar. Bu isə yenidən kəskin qiymət azalmaları demək olacaq. Buna görə də, OPEK hələlik kəskin qiymət artımlarına həvəsli görsənmir. Bu gün Avstriyanın aparıcı şirkətlərinin rəhbərləri ilə görüşlər keçirəcəyik” deyə Vüqar Bayramov bildirmişdir.

Qeyd edək ki, bir həftə sürəcək müzakirələr və görüşlər yalnız Avstriya hökumət, biznes elitası və beynəlxalq qurum rəhbərləri ilə deyil, eyni zamanda ekspertlər arasında müzakirələrin təşkil edilməsinə imkan verəcək. Bunu qlobal problemlərin müzakirəsinə yeni yanaşma kimi qiymətləndirmək olar. Beynəlxalq ekspertlər həmçinin Salzburq şəhərinə səfər edərək orada dövlət və biznes nümayəndələri ilə görüşlər keçirəcəklər.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir