Search
photo_71074

TANAP-ın inşası çərçivəsində rekorda imza atılıb

Trans-Anadolu qaz boru kəmərinin (TANAP) inşası çərçivəsində tikinti podratçılardan olan “Tekfen İnşaat” şirkəti boru kəmərinin 2 min metrlik hissəsini 14 saat ərzində qaynaq edərək rekorda imza atıb.
“Tekfen İnşaat”  xəbər verir ki, indiyədək Türkiyə və dünyada 6 min kilometrdən çox boru xətti döşəyən şirkət dünyada ilk dəfə olaraq TANAP-ın 2 min metrlik hissəsini 14 saat ərzində birləşdirərək rekord müəyyənləşdirib.
Qeyd edək ki, Xəzərin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından çıxarılan qazı Türkiyəyə və bu ölkədən Avropaya nəql edəcək TANAP “Cənub Qaz Dəhlizi”nin tərkib hissəsi olan layihədir. TANAP Türkiyə-Gürcüstan sərhədində Cənubi Qafqaz Boru Kəmərinə, Türkiyə-Yunanıstan sərhədində isə TAP boru kəmərinə birləşəcək. Uzunluğu 1810 kilometr olan TANAP-ın Əskişəhərə qədər olan hissəsinin 2018-ci ilin ortasında istismara verilməsi nəzərdə tutulur. Boru kəmərinə tələb olunan kapital xərcləri 9,2 milyard dollardır.
Boru kəmərinin Gürcüstan-Türkiyə sərhədi-Əskişəhər 56 düym diametrli hissəsinin uzunluğu 1334 kilometr, Əskişəhər-Türkiyə-Yunanıstan sərhədi boyunca 48 düym diametrli hissəsinin uzunluğu isə 450 kilometrdir. Bundan başqa, TANAP 2×36 düym diametrli 18 kilometr uzunluğunda sualtı hissədən də ibarətdir. Boru kəmərinin ilkin ötürücülük qabiliyyəti 16 milyard kubmetrdir və sonradan bu həcmin 31 milyard kubmetrədək artırılması imkanı var. Layihə üzrə Azərbaycan şirkətlərinin xərclərinin 2020-ci ilədək ümumilikdə 6,2 milyard dollar olacağı nəzərdə tutulur.
TANAP-ın səhmdarlarının bu layihədə payı belədir: “Cənub Qaz Dəhlizi” QSC-58 faiz, “Botaş”-30 faiz və BP şirkəti – 12 faiz.



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir