Search
IMG_7426

Sumqayıtda müasir metallurgiya kompleksinin tikintisinə dair saziş imzalanıb

Dekabrın 20-də Bakı Biznes Mərkəzində “Metallurgiya sənayesinin inkişafı: Yeni çağırışlar və hədəflər” mövzusunda tədbir keçirilib.

IMG_7456Sənaye sahəsində fəaliyyət göstərən 50-yə yaxın sahibkarın iştirakı ilə keçirilən tədbirdə İqtisadiyyat naziri Şahin Mustafayev qeyri-neft sektorunun inkişafının Azərbaycan Respublikası Prezidentinin iqtisadi siyasətinin prioritet istiqaməti olduğunu, bu sahənin şaxələndirilməsi istiqamətində mühüm işlərin görüldüyünü və 2016-cı ilin 11 ayı ərzində qeyri-neft sənayesinin 5% artdığını qeyd edib. Sənayenin modernləşdirilməsi, qeyri-neft sənayesinin diversifikasiyası ilə bağlı sistemli tədbirlərin həyata keçirildiyini vurğulayan nazir Şahin Mustafayev bu sahədə proqram xarakterli sənədlərin qəbul olunduğunu, yeni qanunvericilik bazasının formalaşdırıldığını, biznes və investisya mühitinin yaxşılaşdırılması, sahibkarlıq fəaliyyətinin dəstəklənməsi ilə bağlı islahatların davam etdirildiyini və təşviq mexanizmlərinin tətbiqinə başlanıldığını qeyd edib. Diqqətə çatdırılıb ki, bu ilin may ayından indiyədək sahibkarlara 84 investisiya təşviqi sənədi verilib ki, bu layihələrin 50%-i sənaye sahəsinə aiddir. Bu layihələr çərçivəsində yerli istehsala 1 mlrd. manatdan çox investisiya yatırılacaq və 6 mindən çox iş yeri açılacaq.

Qeyri-neft sektorunun inkişafının dəstəklənməsinin zəruriliyini qeyd edən nazir Şahin Mustafayev sənaye parklarının və zonalarının, o cümlədən Sumqayıt Kimya, Balaxanı, Qaradağ, Mingəçevir və Pirallahı sənaye parkları, eləcə də Neftçala və Masallı sənaye zonalarında müasir tələblərə cavab verən sənaye müəssisələrinin təşkili üçün yaradılmış əlverişli imkanlar barədə məlumat verib. Qeyd olunub ki, hazırda təkcə Sumqayıt Kimya Sənaye Parkında rezidentlər tərəfindən 9 müəssisə yaradılır ki, onların bir neçəsi 2017-ci ildə fəaliyyətə başlayacaq. “Bakı Əlvan Metallar və Ferroərintilər Şirkəti” də SKSP-nın rezidentlərindəndir və hazırda  sənaye parkında ferroərintilər zavodu inşa edir. Zavod 2018-ci ildə istifadəyə veriləcək.

Şahin Mustafayev Azərbaycanda metallurgiya sənayesinin tarixi ənənələrinin mövcud olduğunu, “Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı”nda, eləcə də “Azərbaycan Respublikasında ağır sənaye və maşınqayırmanın inkişafına dair strateji yol xəritəsi”ndə bu sahənin əsas prioritetlərdən biri kimi müəyyən edildiyini vurğulayıb. Metallurgiya sənayesinin inkişafı məqsədilə Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına uyğun olaraq, ölkənin metallurgiya kompleksində sağlamlaşdırma və restrukturizasiya tədbirlərinin həyata keçirilməsi, bu sahəyə investisiyaların cəlb edilməsi məqsədi ilə “Daşkəsən Filizsaflaşdırma” ASC-nin özəlləşdirilməsi istiqamətində zəruri işlər görülür.

Şahin Mustafayev həmçinin qeyd edib ki, Sumqayıtda tikiləcək metallurgiya kompleksi yeni iş yerlərinin açılmasında, bu sahədə idxaldan asılılığın azalmasında və ixracın genişləndirilməsində əhəmiyyətli olacaqdır. SKSP-də fəaliyyət göstərəcək Peşə Tədris Mərkəzi yaradılacaq metallurgiya kompleks üçün də kadr hazırlaya bilər.

İtaliyanın “Danieli” şirkətinin İdarə Heyətinin rəhbəri və baş icraçı direktoru Gianpietro Benedetti Azərbaycanda əlverişli biznes mühitinin olduğunu, xarici investorlar üçün əlverişli şəraitin yaradıldığını bildirib, son zamanlar sahibkarlıq sahəsində aparılan islahatları yüksək qiymətləndirib. Metallurgiya kompleksi barədə məlumat verən Gianpietro Benedetti bildirib ki, bu layihənin həyata keçirilməsi nəticəsində Sumqayıtda 5 metallurgiya zavodunu özündə birləşdirən metallurgiya klasteri yaranacaq. Klasterin yaranması Azərbaycanda metallurgiyanın xammaldan tutmuş müxtəlif çeşidli ən son məhsullara qədər istehsal zəncirinin yaranmasını təmin edəcək. Gianpietro Benedetti yeni nəsil texnologiyaları əsasında inşa ediləcək kompleksin unikal layihə olduğunu, xərclər və keyfiyyət baxımından səmərəliliyini qeyd edib.

“Baku Steel Company” MMC-nin baş direktorunun müavini Ramin Kərimov metallurgiya kompleksinə daxil olacaq zavodlar barədə təqdimatla çıxış edib. Ramin Kərimov həmçinin, təmsil etdiyi qurum barədə məlumat verərək istehsal gücü 1 mln. ton olan poladəritmə zavodunda müasir istehsal sahələrinin yaradıldığını və hazırda azkarbonlu poladdan yüksək keyfiyyətli metal məmulatlarının istehsal edildiyini diqqətə çatdırıb. İstehsal edilən məhsullar daxili bazarla yanaşı, Gürcüstan, İran, Qazaxıstan, Rusiya və digər ölkələrə ixrac edilir.

Sonra Sumqayıtda müasir metallurgiya kompleksinin tikintisinə dair “Baku Steel Company” MMC ilə İtaliyanın “Danieli” şirkəti arasında saziş imzalanıb. Saziş çərçivəsində Sumqayıtda dəyəri 1,225 milyard avro olan dəmir konsentratından başlayaraq hazır polad təbəqələrinin istehsalını əhatə edən 5 müasir metallurgiya zavodunun tikilməsi nəzərdə tutulur. Kompleksin tikintisi zamanı 4000-ə yaxın, müəssisə fəaliyyətə başladıqdan sonra isə 1200 nəfər işlə təmin olunacaqdır. Bu kompleksin tikintisi metallurgiya sənayesi sahəsində müxtəlif çeşiddə məhsulların istehsalının genişləndirilməsinə və ölkənin ixrac potensialının artırılmasına töhfə verəcəkdir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir