503636569e41eea2f2c

Strateji yol xəritəsi təsdiqləndi

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” Fərman imzalayıb. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən Fərmanı şərh edərək bildiriblər ki, qeyri-resurs sektorunun davamlı və rəqabətqabiliyyətli inkişafı dövlətin iqtisadi siyasətinin prioritet istiqamətidir: “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin memarlığı ilə milli iqtisadiyyatın əsas inkişaf istiqamətləri elan edilib, uğurlu neft strategiyası həyata keçirilib, infrastruktur yaradılıb, iqtisadi təhlükəsizliyin əsas elementləri – enerji, maliyyə, ərzaq və nəqliyyat təhlükəsizliyi təmin edilib, əhalinin rifah halı yaxşılaşdırılıb, özəl sektorun rolu gücləndirilib və  Azərbaycanın dünya iqtisadi düzənində özünəməxsus mövqeyi müəyyənləşdirilib.

Möhtərəm Prezident İlham Əliyev tərəfindən uğurla aparılan davamlı islahatlar nəticəsində Azərbaycan dünya iqtisadiyyatında yeni çağırışlara cavab verir. İstər regionda, istərsə də qlobal iqtisadiyyatda gedən proseslər, neft gəlirlərinin kəskin azalması, mürəkkəb xarici iqtisadi mühit ölkənin makroiqtisadi və maliyyə sabitliyinə öz təsirini göstərməkdədir. Dünyada cərəyan edən proseslərin yaratdığı yeni çağırışlara uyğunlaşmaq və mövcud qlobal iqtisadi böhranın ölkəmizə təsirini minimuma endirmək məqsədilə iqtisadi islahatların əsas strateji hədəflərinə uyğun olaraq sistem xarakterli bir sıra tədbirlərin həyata keçirilməsi, sosial-iqtisadi inkişafın cari, orta və uzunmüddətli dövrləri arasında üzvi bağlılıq və qarşılıqlı uzlaşma yaratmaqla, iqtisadi inkişafın keyfiyyətcə yeni modelinin formalaşdırılması qarşıda duran əsas prioritet vəzifələrdəndir.

İqtisadi islahatlara sistemli yanaşmanı təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 16 mart tarixli 1897 nömrəli Sərəncamı ilə “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri” təsdiq edilib, habelə həmin istiqamətlərə müvafiq olaraq inkişaf planlarının işlənilməsini təmin etmək üçün müvafiq İşçi qrupu yaradılıb. Həmin Sərəncama əsasən, İşçi qrupu yerli və xarici ekspertlərin, təcrübəli mütəxəssislərin, məsləhətçi şirkətlərin və elmi təşkilatların iştirakı ilə, ölkədə fəaliyyət göstərən beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlıq şəraitində milli iqtisadiyyat və iqtisadiyyatın on bir əsas sektoru üzrə strateji yol xəritələrinin layihələrini hazırlayıb. Strateji yol xəritəsinin yazılmasında 400 nəfərə qədər xarici və yerli ekspert birbaşa iştirak edib. Bununla yanaşı, sənədin yazılması üçün 4 min nəfərlə 150-yə qədər görüş keçirilib. Yerli və xarici akademik dairələr, təhsil müəssisələri, özəl sektor və vətəndaş cəmiyyətinin nümayəndələri tərəfindən 1 000-dən çox yazılı təklif verilib. Strateji yol xəritəsinin hazırlanmasında Nobel mükafatçılarından başlamış, Azərbaycanın sadə vətəndaşlarına qədər ən müxtəlif insanlarla müzakirələr aparılıb. Hətta on-line qaydada təkliflər verilməsi üçün də imkanlar yaradılıb. Aparılan inklüziv müzakirələr Strateji yol xəritəsinin həqiqətən də mükəmməl bir sənəd olmasını təmin edib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 6 dekabr 2016-cı il tarixli Fərmanı ilə 2016-2020-ci illər üçün iqtisadi inkişaf strategiyası və tədbirlər planı, 2025-ci ilədək olan dövr üçün uzunmüddətli baxışı və 2025-ci ildən sonrakı dövrə hədəf baxış müəyyənləşib. Fərmana əsasən aşağıdakı istiqamətlər üzrə strateji yol xəritələri təsdiq edilib: Milli iqtisadiyyat perspektivi, neft və qaz sənayesinin (kimya məhsulları daxil olmaqla) inkişafı, kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalı, ağır sənaye və maşınqayırmanın inkişafı, ixtisaslaşmış turizm sənayesinin inkişafı, logistika və ticarətin inkişafı, uyğun qiymətə mənzil təminatının inkişafı, peşə təhsili və təliminin inkişafı, maliyyə xidmətlərinin inkişafı, telekommunikasiya və informasiya texnologiyalarının inkişafı və kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafı.

Strateji Yol Xəritəsi Azərbaycanda davamlı iqtisadi inkişaf əsasında iqtisadiyyatın rəqabətqabiliyyətliliyini, inklüzivliyin və sosial rifahın daha da artırılmasını təmin edəcəkdir. Qlobal çağırışlara cavab verərək investisiyaların cəlbi, azad rəqabət mühiti, bazarlara çıxış və insan kapitalının inkişafı nəticəsində Azərbaycanın dünya iqtisadiyyatında mövqeyi gücləndiriləcək və o, yüksək gəlirli ölkələr qrupuna daxil olacaqdır. Strateji yol xəritəsində strateji baxışa uyğun olaraq prioritetlər, tədbirlər və indikatorlar müəyyənləşdirilib.

Fərmanla müəyyən edilib ki, strateji yol xəritələrinin həyata keçirilməsinə ümumi rəhbərliyi və nəzarəti Azərbaycan Respublikası Prezidentinin Administrasiyası həyata keçirir. Eyni zamanda Fərmanla təsdiq edilən strateji yol xəritələrində nəzərdə tutulmuş fəaliyyətlərlə bağlı monitorinq, qiymətləndirmə və kommunikasiya tədbirlərinə görə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi məsul olacaq.

Azərbaycan Respublikası Prezidentinin Administrasiyası hazırlanacaq dövlət proqramlarının, inkişaf konsepsiyalarının, strategiyaların, tədbirlər planlarının layihələrinin bu Fərmanla təsdiq edilən strateji yol xəritələrinə uyğunluğunu təmin edəcək. Həmçinin Prezident Administrasiyası Fərmanla təsdiq edilən strateji yol xəritələrinin icra mexanizmləri ilə bağlı təkliflərini on beş gün müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.

Mərkəzi və yerli icra hakimiyyəti orqanları, dövlət adından yaradılan publik hüquqi şəxslər və səhmlərinin (paylarının) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər iqtisadi sahədə fəaliyyət istiqamətlərinə dair strateji planların, dövlət proqramlarının, inkişaf konsepsiyalarının, strategiyaların, tədbirlər planlarının layihələrinin hazırlanması zamanı bu Fərmanla təsdiq edilən strateji yol xəritələrinin müddəalarını rəhbər tutacaqlar.”

 

 

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir