Search
????????????????????????????????????

“Regionların inkişafı və ixrac sahəsində yaranmış yeni imkanlar” mövzusunda Konfrans keçirilmişdir

Noyabrın 15-də İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə Yevlax şəhərində Nazirliyin Aran Regional İnkişaf Mərkəzində yerli və mərkəzi icra hakimiyyəti orqanlarının, bələdiyyələrin nümayəndələrinin və sahibkarların iştirakı ilə “Regionların inkişafı və ixrac sahəsində yaranmış yeni imkanlar” mövzusunda Konfrans keçirilib. Tədbir çərçivəsində Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Pilot Regional İnkişaf Proqramının (PRİP) təqdimatı keçirilib, regionlarda istehsal olunan ixrac yönümlü məhsulların sərgisi təşkil edilib.

DSC_0009İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi ilə ölkədə sahibkarlığın inkişafı və genişləndirilməsi, biznes mühitinin daha da yaxşılaşdırılması, sahibkarlara dövlət dəstəyinin gücləndirilməsi və hüquqlarının etibarlı müdafiəsi istiqamətində islahatların həyata keçirildiyini vurğulayıb. Qeyd edilib ki, ixracın genişləndirilməsi həyata keçirilən iqtisadi siyasətin priotitetlərindəndir və qeyri-neft məhsullarının ixracının təşviqi ilə bağlı qəbul edilmiş qərarlar qeyri-neft sektoruna dəstək olmaqla, ixracın stimullaşdırılmasına əhəmiyyətli təkan verəcəkdir. Diqqətə çatdırılıb ki, sahibkarlıq sahəsində aparılan yoxlamaların iki il müddətinə dayandırılması, lisenziya tələb edən fəaliyyət növlərinin, həmçinin icazələrin sayının azaldılması, yerli istehsalın dəstəklənməsi və ixracın təşviqi tədbirlərinin həyata keçirilməsi, sahibkarların hüquqlarının qorunması ilə bağlı Apelyasiya Şuralarının yaradılması, eyni zamanda regionlarda ailə təsərrüfatlarına dəstək məqsədi ilə “ABAD” mərkəzlərinin yaradılması həyata keçirilən məqsədyönlü islahatların tərkib hissəsidir. Bundan başqa, dövlət başçısının tapşırıqlarına uyğun olaraq, rəqabətqabiliyyətli və ixracyönümlü yerli məhsulların xarici bazarlarda “Made in Azerbaijan” brendi altında təşviqi istiqamətində İqtisadiyyat Nazirliyi və AZPROMO tərəfindən kompleks tədbirlər görülür.

Yevlax şəhəri İcra Hakimiyyətinin başçısı Qoca Səmədov son dövrlərdə sahibkarlığın inkişafı ilə bağlı Yevlaxda görülmüş işlər, həyata keçirilən layihələr barədə məlumat verib, Konfransın sahibkarların maarifləndirilməsi baxımından əhəmiyyətini vurğulayıb.

Tədbirdə çıxış edən Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri, səfir Malena Mard Avropa İttifaqı tərəfindən maliyyələşdirilən PRİP layihəsinin məqsədi və layihə çərçivəsində icra olunacaq tədbirlər barədə məlumat verib. Bildirilib ki, PRİP layihəsi çərçivəsində Azərbaycanda ölkə regionlarının inkişafına dəstək verilməsi nəzərdə tutulur və bu məqsədlə Aran iqtisadi rayonu pilot region olaraq seçilib.

Konfransda həmçinin, Kənd Təsərrüfatı Nazirliyi, Dövlət Gömrük Komitəsi, “ASAN Xidmət”, “Ərzaq məhsullarının tədarükü və təchizati” ASC, biznes assosiasiyaları, Azərbaycanda fəaliyyət göstərən xarici şirkətlərin nümayəndələri və PRİP ekspertlərinin təqdimatları dinlənilib.

Sahibkarlarla kənd təsərrüfatı məhsullarının istehsalı və emalının genişləndirilməsi, keyfiyyətin yüksəldilməsi, ixracın genişləndirilməsi barədə müzakirələr aparılıb.

Konfrans iştirakçıları regionlarda fəaliyyət göstərən və ixracyönümlü məhsul istehsal edən 50-dən çox şirkətin öz məhsulları ilə təmsil olunduğu sərgi ilə tanış olublar.

Sərgidə nümayiş olunan yerli məhsullar Konfrans iştirakçıları tərəfindən maraqla qarşılanıb.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir