Search
2016-01-12-17-21-51fgh

Qeyri-neft sektorunda ilkin uğurlu nəticələr

Dünyadakı geosiyasi, geoiqtisadi vəziyyət narahatedici və ağırdır. Siyasi səbəblərdən neftin qiymətinin kəskin şəkildə ucuzlaşması dünya iqtisadiyyatına təlatümlü dövr yaşadır. Xüsusən də neft ixrac edən ölkələr tamamilə yeni bir dövrə qədəm qoyur. Dünya maliyyə bazarlarında iki mininci illərin əvvəllərindən başlayan böhranı çox cüzi itki ilə yola verməyi bacaran Azərbaycan iqtisadiyyatı da bu mənada yeni sınaqlarla üz-üzə qalıb. Ötən il neftin qiymətinin 4 dəfə ucuzlaşması ölkəmizin gəlirlərini azaldıb, tədiyyə balansında mənfi istiqamətdə dəyişikliyə səbəb olub, hökumət iki dəfə devalvasiyaya getmək qərarına gəlib.

Cari ilin əvvəlində Nazirlər Kabinetinin Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən iclasında dövlətimizin başçısı 2016-cı ildə də iqtisadi sahədə əsas prioritet kimi qeyri neft sektorunun inkişafını göstərib: “Əgər biz vaxtilə qeyri-neft sektorunun inkişafı ilə məşğul olmasaydıq, bu gün iqtisadi inkişafımız o qədər də uğurlu olmazdı. İqtisadi şaxələndirmə, qeyri-neft sektorunun inkişafı 2016-cı ildə iqtisadi sahədə əsas prioritet olacaqdır. Əminəm ki, biz bu il ərzində bu istiqamətdə daha da böyük uğurlara nail olacağıq. Ümumiyyətlə, ümumi daxili məhsulumuzun strukturu müsbətə doğru dəyişir, qeyri-neft sektorunun çəkisi artır. Bu, müsbət haldır. Neftdən asılılıq azalır. Ancaq biz bu asılılığı minimum səviyyəyə endirməliyik ki, gələcəkdə neftin qiymətindən asılı olmayaq. Vəzifə bundan ibarətdir. Hesab edirəm ki, biz düşünülmüş siyasət, gərgin iş nəticəsində buna nail ola biləcəyik”.

Təbii ki, neftdən asılılığı minimuma endirmək, qeyri-neft sektorunda inkişafa nail olmaq üçün atılan zəruri addımlardan ən önəmlisi ölkədə sənayeləşməni daha da sürətləndirməkdir. Bu istiqamətdə artıq Sumqayıtda, Neftçalada, Qaradağda, Balaxanıda böyük iqtisadi layihələrin həyata keçirilməsinə başlanılıb. Misal üçün, Sumqayıtda Kimya Sənaye Parkı (SKSP) yaradılıb. “Azertexnolayn” MMC, “SOCAR Polymer” MMC, “AzerFloat” QSC, “Azerbaijan Fibro Cement” MMC, Bakı Əlvan Metallar və Ferroərintilər Şirkəti, İsveçrənin beynəlxalq miqyaslı kimya şirkəti olan “SİKA” MMC və “MST Engineering Services” MMC-yə Sənaye parkının rezidentləri statusu verilib, onlar tərəfindən zavodların, istehsal müəssisələrinin yaradılmasına başlanılıb. Qaradağ Sənaye Parkı (QSP) da sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün zəruri infrastrukturu və idarəetmə qurumları olan, müasir texnologiyaların tətbiqi ilə rəqabətqabiliyyətli gəmiqayırma və digər sənaye istehsalı sahələrinin təşkili, xidmətlər göstərilməsi üçün istifadə edilən, sahibkarların səmərəli fəaliyyətinə və inkişafına əlverişli şərait yaradan ərazi kimi nəzərdə tutulub. QSP-nin ilk rezidenti “Bakı Gəmiqayırma Zavodu” MMC SOCAR, Azərbaycan İnvestisiya Şirkəti və Sinqapurun “Keppel Offshore & Marine” şirkəti tərəfindən yaradılıb. Müəssisə ən müasir tələblərə cavab verən müxtəlif təyinatlı gəmilərin tikintisi, təmiri və ümumilikdə dəniz və mühəndislik işlərinin yerinə yetirilməsi istiqamətində fəaliyyət göstərir.

Neftçala Sənaye Məhəlləsində (NSM) sahibkarlar tərəfindən ümumi investisiya məbləği 20 milyon manatdan çox olan 7 layihə üzrə müəssisələrin qurulmasına başlanılıb. Bunun nəticəsində 380 iş yerinin açılacağı gözlənilir. Artıq aprel ayında Bakıda Azərbaycanın “Azevrocar” və İranın “İran Khodro” şirkəti arasında müqavilə imzalanıb. Müqaviləyə əsasən, İranın “Khodro” avtomobil şirkəti Neftçalada Yaradılan Sənaye Məhəlləsində “Khodro”, “Reno” və “Pejo” avtomobillərini istehsal edəcək. Balaxanı Sənaye Parkı isə təkrar istehsal sahəsində maraqlı olan potensial sahibkarlar və investorlar üçün əlverişli şərait yaratmaq məqsədi güdür. Bu günlərdə Azərbaycan Prezidenti İlham Əliyev Masallıda da Sənaye Məhəlləsinin yaradılması haqqında sərəncam imzalayıb. Kiçik və orta sahibkarların sənaye sahəsində fəaliyyətinin dəstəklənməsi, qeyri-neft sektorunun davamlı inkişafının təmin edilməsi və əhalinin istehsal sahəsində məşğulluğunun daha da artırılması məqsədi ilə imzalanan sərəncamla Masallı Sənaye Məhəlləsinin idarə olunması, inkişafı, fəaliyyətinin təşkili və tənzimlənməsi “Azərbaycan İnvestisiya Şirkəti” ASC-yə həvalə olunub, aidiyyəti dövlət qurumlarına müvafiq tədbirlərin görülməsi tapşırılıb.

Azərbaycanda qeyri-neft sektorunun daha da inkişafını təmin etmək üçün sənayeləşməni sürətləndirməklə bərabər, kənd təsərrüfatı sahəsində də mühüm addımlar atılıb. Prezidentin tapşırığına əsasən, rayonların potensialına uyğun olaraq üzümçülüyün, meyvəçiliyin, tərəvəzçiliyin, pambıqçılığın, baramaçılığın, tütünçülüyün və sairin inkişafı da diqqət mərkəzində saxlanılıb. Misal üçün, son illərdə ölkəmizdə tərəvəz məhsullarının istehsalında artım da müşahidə olunub və yerli istehsal daxili tələbatı artıqlaması ilə ödəyib. 2015-ci ildə ölkəmizdə 1,28 milyon ton tərəvəz istehsal edilib və bu yerli istehlakdan 3 faiz çoxdur. Ötən il tərəvəz istehsalının artması məhz ixracın artımı ilə əlaqəli olub. Gözləmək olar ki, 2016-cı ildə də ixracın artması ilə əlaqədar olaraq tərəvəz istehsalında daha böyük artım qeydə alınacaq. Onu da əlavə edək ki, Azərbaycanda çoxlu sayda tərəvəz məhsulu yetişdirilsə də, daha böyük məhsul yığımı pomidor, xiyar, baş soğan və kələmdə müşahidə edilir.

İstehsal edilən tərəvəzin 39-40 faizini pomidor təşkil edir. Azərbaycanda 2015-ci ildə təxminən 500 min ton pomidor istehsal olunub. Ölkəmizdə pomidor istehsalı 2000-ci ildə 340 min tona yaxın idi. Son illərdə pomidor istehsalı xeyli dərəcədə artıb. Pomidor daha çox Lənkəranda (74 min ton), Xaçmazda (64 min ton), Biləsuvarda (48 min ton), Şəmkirdə (46 min ton) yetişdirilir. Biləsuvar və Şəmkir son illərdə pomidor istehsalını genişləndirsə də, Xaçmaz və Lənkəran ənənəvi tərəvəzçilik rayonlarından sayılır. Xiyar istehsalı təxminən 220 min tona yaxındır. 2000-ci illə müqayisədə xiyar istehsalında iki dəfədən çox artıma nail olunub. Xiyar istehsalında əsas rayonlar Lənkəran (26 min ton), Biləsuvar (19 min ton), Masallı (14 min ton), Xaçmazdır (10,5 min ton). Lənkəran, Masallı və Xaçmaz bu sahədə ənənəvi rayonlar olsa da, Biləsuvar sonradan bu sahəni inkişaf etdirib.

Bundan başqa, Azərbaycan təxminən 170 min ton baş soğan da istehsal edir. Baş soğan istehsalı da 2000-ci ildən bəri 2 dəfə artıb. Ölkəmizdə əsasən Şəmkir (28,8 min ton), Ağdam (28 min ton), Bərdə (14 min ton), Beyləqan (11 min ton), Lənkəran (7,5 min ton) rayonlarında baş soğan yetişdirilir. Şəmkir və Bərdə baş soğan yetişdirilməsi üzrə ənənəvi rayonlardır. Digər rayonlarda, xüsusilə də Ağdamda baş soğan istehsalı 2001-ci ildən sonra inkişaf etdirilib.

Azərbaycanda daha çox istehsal edilən daha bir tərəvəz məhsulu kələmdir. Ötən il təxminən 100 min tona yaxın kələm istehsal edilib. Kələm istehsalının dörddən biri Şəmkir rayonunun payına düşür. Şəmkirdə 25 min ton kələm toplanıb. Ağdaş (9,1 min ton) və Qusarda da (6,7 min ton) kələm istehsalının miqdarı çoxdur. Qeyd edilən tərəvəz növlərindən başqa Azərbaycanda təxminən 20 min ton sarımsaq, 12 min ton yerkökü, 6 min ton çuğundur, 2 min ton göy noxud və 200 min ton sair tərəvəz məhsulları yetişdirir.

Göründüyü kimi, tərəvəzçiliyin inkişafı daxili tələbatı tam ödədiyindən təsərrüfatçılar istehsal etdikləri məhsulları xarici bazarlara çıxarmaq şansı da qazanıblar. Xüsusən də indiki situasiyada Azərbaycan istehsalçılarının Rusiya bazarına çıxması üçün daha geniş imkanlar yaranıb. Beləliklə də Azərbaycanın Rusiyaya həyata keçirdiyi qeyri-neft ixracının həcmi getdikcə artıb. Bu faktı Azərbaycanda İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı da təsdiq edib. Onun sözlərinə görə, faktiki olaraq Azərbaycanın Rusiyaya ixrac etdiyi məhsulların həcmi durmadan artır: “Gələcəkdə Azərbaycanın bu istiqamətdə Rusiya bazarına həm kənd təsərrüfatı, həm də digər emal məhsulları ilə çıxmaq imkanları genişdir. Bu isə iki ölkə arasında daha da keyfiyyətli ticarət münasibətləri deməkdir. Digər tərəfdən, Rusiyanın Avropa İttifaqı və Türkiyə ilə münasibətlərinin gərginləşməsi Azərbaycan sahibkarları, istehsalçılarının Rusiya bazarına daha geniş daxil olmaq imkanı verib. Azərbaycanla Rusiyanın çox yaxşı logistika və nəqliyyat əlaqələrinin mövcud olması, məsafə yaxınlığını üçün bir üstünlük olduğunu düşünürəm. Habelə, nəzərə almaq lazımdır ki, Quba-Xaçmaz, Şəki-Zaqatala zonaları Rusiyaya meyvə-tərəvəz ixracı istiqamətində rəqabət üstünlüyünə malikdir”.

Kaspi




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir