2fdbeaddc2e1f154d594d65614ddea7c

Neftçalada istehlakçı hüquqlarına dair Konfrans keçirilib

Konfrans çərçivəsində dövlət satınalmaları mövzusunda seminar təşkil edilib

İqtisadiyyat Nazirliyinin Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin təşkilatçılığı ilə istehlakçıların hüquqlarının müdafiəsinin gücləndirilməsi sahəsində növbəti tədbir oktyabrın 28-də Neftçalada keçirilib. Tədbirdə aidiyyəti dövlət qurumlarının, sahibkarlıq subyektlərinin 100-dən çox nümayəndəsi iştirak edib.

“Hər bir istehlakçı öz hüquqlarını bilməli və tələb etməlidir” mövzusunda keçirilən konfransda çıxış edən Xidmətin rəis müavini Araz Əliyev istehlakçıların hüquqlarının qorunmasına dövlət qayğısının artdığını, bu sahədə etibarlı təminat sisteminin yaradıldığını diqqətə çatdırıb.

Dövlət Xidmətinin əməkdaşları istehlakçı hüquqlarının müxtəlif aspektləri ilə bağlı məruzələrlə çıxış edib, xidmət qaydalarının tələblərinə əməl olunması və xidmət mədəniyyətinin yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlər, istehlakçıların ərzaq malları alarkən diqqət yetirməli olduğu məsələlər barədə ətraflı məlumat veriblər.

Sonda istehlakçıların sualları cavablandırılıb, tədbir iştirakçılarına istehlakçı hüquqlarına dair maarifləndirici materiallar paylanılıb.

Dövlət Xidməti tərəfindən həmin gün Neftçala rayonunda fəaliyyət göstərən, malları və xidmətləri dövlət vəsaitləri hesabına satın alan təşkilatların nümayəndələri üçün seminar da keçirilib. “Dövlət satınalmaları sahəsində şəffaflıq, ədalət və səmərəlilik” mövzusunda keçirilən seminarda iştirakçılara dövlət vəsaitlərindən daha səmərəli istifadə, dövlət satınalmaları sahəsində mövcud qanunvericilik, satınalma prosesində rəqabət, ədalət və şəffaflığın təmini istiqamətində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verilib.

Qeyd edək ki, Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Bakıda və bölgələrdə istehlakçıların hüquqlarına dair tədbirlər mütəmadi olaraq təşkil edilir. Bu 2016-cı ildə keçirilən sayca 11-ci belə tədbirdir.

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir