Search
natiq_aliyev

Natiq Əliyev “TAP”ın təməlqoyma mərasimində iştirak edəcək

Azərbaycanın energetika naziri Natiq Əliyev Trans-Adriatik qaz boru kəmərinin (TAP) mayın 17-də Yunanıstanın Saloniki şəhərində keçiriləcək təməlqoyma mərasimində iştirak edəcək.

Energetika Nazirliyindən verilən məlumata görə, tədbirdə Azərbaycanla yanaşı, Avropa İttifaqı və ABŞ rəsmiləri, Yunanıstan, Türkiyə, Albaniya, İtaliya və Bolqarıstanın yüksək vəzifəli şəxslərinin iştirakı da nəzərdə tutulub.

İki saat davam edəcək tədbirdə nümayəndə heyətlərinin qısa çıxışlarının ardından, TAP-ın təməlinə qoyulacaq boru imzalanacaq. Bununla da “Cənub Qaz Dəhlizi”nin mühüm bir seqmentinin də reallaşmasına start veriləcək.

Xəzərin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından çıxarılan qazı Avropaya nəql edəcək TAP boru kəmərinin uzunluğu təxminən 878 kilometrdir. TAP Türkiyə ilə Yunanıstan sərhədində yerləşən Kipoi məntəqəsində Trans-Anadolu qaz boru kəmərinə (TANAP) birləşəcək. TANAP şirkəti ilə TAP şirkəti arasında tikinti zamanı əməkdaşlığa dair saziş imzalanıb və iki layihənin bir-birinə birləşdirilməsi üçün vacib şərtləri özündə əks etdirir. TAP layihəsi Azərbaycan qazının Yunanıstan və Albaniya vasitəsilə, Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna, oradan da Qərbi Avropaya nəqlini nəzərdə tutur. 2020-ci ildə fəaliyyətə başlayacaq TAP-ın ilkin ötürücülük qabiliyyəti ildə 10 milyard kubmetr olacaq və bu həcmin gələcəkdə 20 mlrd. kubmetrədək artırılması planlaşdırılır. TAP-ın genişləndirilməsi üçün yalnız iki kompressor stansiyasının quraşdırılması məqbul hesab edilir.

Mənbə: APA




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir