Search
122899_484054

“Kasıbın mövsümü” bitdi- bazarlarda payız bahalaşması…

Payızın nəfəsi duyulmağa başlayan kimi bir sıra kənd təsərrüfatı məhsullarının da qiyməti bahalaşıb. Satıcılar bahalaşmanı artıq payız mövsümünün başlaması və bir sıra məhsulların artıq mövsümünün bitməsi ilə əlaqələndirir, bir sıra satıcılar isə bunun məhsulun maya dəyərinin artması ilə əlaqəli olduğunu deyirlər. 
Qiymətlərlə bağlı son durumu öyrənmək üçün paytaxtın məşhur bazarlarından biri olan “Yaşıl bazar”a yollandıq.
“Yaşıl bazar”da məhsulların qiymətində 10 qəpik 1 manat arası bahalaşma müşahidə edilir. Məsələn, əvvəllər 50 qəpiyə satılan badımcan indi 70 qəpiyə, 50  qəpiyə satılan kələm indi 60 qəpiyə, 70 qəpiyə satılan lobya indi 2 manata, pomidor 1 manat 50 qəpik, bibər 5 ədədi 1 manata, əvvəl 50-70 qəpiyə satılan xiyar isə 1 manata satılır. Meyvələrə gəlincə isə armud 1 manat 50 qəpiyə, heyva 2 manata, nar 3 manata, şaftalı 3-5 manat arası, yerkökü 1 manata, üzüm 1 manat 50 qəpiyə, 2 manat, 50 qəpiyə təklif edilir.
Alıcılar bahalaşmadan olduqca narazıdırlar. Alıcı Lalə Vahabova artıq kasıbların  mövsümünün bitdiyini dedi: “Kasıbınkı yay idi ki, xiyardan qatıqdan alıb yemək düzəldirdi. İndi hər şey od qiymətinədir. Bu məhsulları almaqdansa, bir kilo ət alıb 3-4 dəfə bişirmək sərf edir. Amma elə məhsullar var ki, onların qiymətini tez bahalaşdırıblar. Hələ heç qış gəlməyib”.
Bahalaşmanın real səbəblərindən danışan iqtisadçı ekspert Rəşad Həsənov isə bunun müxtəlif səbəbləri olduğunu dedi: “Bazarlarda monopoliya olduğu üçün monopolist qiymətlər mövcuddur. Bu daha çox topdan və pərakəndə satışda özünü göstərir. O baxımdan ki, istehsalçıların bazara birbaşa çıxış imkanları məhduddur. Xüsusilə, Azərbaycanda istehsal olunan kənd təsərrüfatı məhsullarının 90 faizindən artığı məhz ailə təsərrüfatlarının üzərinə düşür ki, onlarında nəqliyyat  və yaxud da ki, hər hansısa bir bazarlama yeri, həmçinin öz məhsullarını saxlanma imkanları yoxdur. Məhz bu məqamda da müəyyən iş adamları dövriyyəyə girirlər. Onlar məhsulları daha aşağı qiymətə alaraq şəhərdə, xüsusilə də paytaxtda baha qiymətə satırlar. Bir səbəb də onunla bağlıdır ki, yerli istehsal olunan kənd təsərrüfatı məhsullarının maya dəyərində də müəyyən qədər artımlar baş verib. İstehsalçılar əldə etdikləri toxumu və digər dərmanları, eyni zamanda texnikanın hər birini xaricdən gətirirlər. Bu məqamda da onların xərcləri artır. Çünki bildiyiniz kimi manat dəyərini bir neçə dəfə itirib. Digər tərəfdən istehsalçının da yaşam xərcləri artıb. Əgər istehsalçı kənd təsərrüfatından əldə etdiyi gəlirlərlə  dolanırsa, o məcburdur ki, gəlirlərini artırsın ki, minimum yaşayışını təmin edə bilsin. Bildiyiniz kimi ölkə istehsalçılarının böyük bir qisminin borcları var. Bu borcların böyük bir qismi də xarici valyutadadır. Baş verən proseslər qısa müddət ərzində xarici valyutada olan borcları daha da artırıb. İstehsalçı da məcburdur ki, artan borcları müəyyən bir qismini məhz istehsal etdiyi məhsulun yolu ilə kompensasiya edə bilsin. Bütövlükdə bütün bu səbəblər son nəticədə gətirib bazarlarda qiymətlərin yüksəlməsinə səbəb olub. Bu da təbii prosesdir.
İqtisadçı-ekspert kənd təsərrüfatı məhsullarının qiymətinin artmasının mövsümlə də əlaqəli olduğunu dedi: “Ola bilsin ki, hansısa bir məqamda bu istiqamətdə “Yaşıl bazar”lar, “Yaşıl marketlər” və kənd təsərrüfatı məhsullarının yarmarkalarını təşkil edildiyi kimi müəyyən addımlar atılaraq proseslərdə rəqabət mühiti dərinləşsin. Qiymət artımının tənzimlənməsi müəyyən qədər mümkün olsun. Amma bu günə qədər atılan addımlar onu göstərir ki, hətta Yaşıl marketlərdə, Kənd Təsərrüfatı Nazirliyinin təşkil etdiyi yarmarkalarda belə əslində real istehsalçı iştirak etmir. Burada da yerlər bölüşdürülüb paylanılır. Yəni götürülən yerlər daimi insanlara verilib ki, o insanlar bu yeri məşğul edərək istehsalçıların bu bazarlara, yarmarkalara daxil olma imkanlarını məhdudlaşdırır. Son nəticədə də təbii ki, istehsalçı öz mallarını məcburən bu insanlara verir. Ümumən götürdükdə və ideya olaraq pis ideya deyil. Amma icrasında  problemlər olduğu üçün bu kimi təşəbbüslər faktiki olaraq öz nəticəsini vermir. Eyni zamanda təbii ki, kənd təsərrüfatı məhsullarının qiymətində artım baş verməsi təbii haldır. 2015-ci ildə bir çox məhsullar üzrə məhsuldarlıq aşağı oldu. Məhsullar istehsal dövründə ciddi yağıntılar oldu. Belə olduğu təqdirdə təklif olunan məhsulların həcminin az olması özü də qiymətlərin artımın təsir göstərib. Hazırda mövsümün artıq sonudur ki, bu da məhsulların qiymətinin bahalaşmasına səbəb olur”.



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir