Search
IMG_8389

İstixana sahəsinin inkişafı üçün təkliflər hazırlanır

İqtisadiyyat Nazirliyi və Azərbaycan Meyvə-Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyasının (AMTA) birgə təşkilatçılığı ilə Bakı Biznes Mərkəzində “Müasir çağırışlar və istixana sektoru” mövzusunda dəyirmi masa təşkil olunub. Tədbirdə İqtisadiyyat Nazirliyinin, istixana sahəsində fəaliyyət göstərən 50-yə yaxın aparıcı şirkətin, həmçinin qeyri-hökumət təşkilatlarının təmsilçiləri, Xəzər regionunda Xarici İqtisadi Fəaliyyət Assosiasiyasının və Beynəlxalq Avtomobil Yükdaşıyıcıları Assosiasiyasının Dağıstan və Cənub Federal Dairələri üzrə rəhbərləri, yerli və xarici ekspertlər iştirak ediblər.

AMTA sədri Bəşir Quliyev dövlət başçısının rəhbərliyi ilə aparılan iqtisadi, o cümlədən aqrar islahatların real nəticələr verdiyini və bu sektora aid sahibkarlığın inkişaf etdiyini bildirib. O qeyd edib ki, aqrar sahədə əhəmiyyətli rolu olan istixana təsərrüfatları üçün ciddi ixrac potensialı yaradılıb. B.Quliyev bu sahədə Azərbaycan üçün strateji bazar olan Rusiya və digər ölkələrə ixracın artırılmasının hədəf olduğunu bildirib. Diqqətə çatdırılıb ki, sözügedən sahədə inkişafa və ixracın artırılmasına dəstək üçün AMTA tərəfindən araşdırma və təhlillər aparılacaq.

Xəzər regionunda Xarici İqtisadi Fəaliyyət Assosiasiyasının sədri Qleb Berezskiy və Beynəlxalq Avtomobil Yükdaşıyıcıları Assosiasiyasının Dağıstan və Cənub Federal Dairələri üzrə sədri Maqomed Hacıyev Azərbaycan istehsalçı və ixracatçıları ilə əməkdaşlıq barədə fikirlərini bölüşüblər.

İqtisadiyyat Nazirliyinin Regionların inkişafı və dövlət proqramları şöbəsinin müdiri Elşən Əsədov ölkədə sahibkarlığın inkişafı istiqamətində aparılan islahatlar və bu islahatların kənd təsərrüfatı sahəsinə müsbət təsiri barəsində məlumat verib.

Tədbirdə müvafiq sahənin inkişafı üçün müxtəlif istiqamətlər üzrə müzakirələr aparılıb. Müzakirələrdə müasir tipli istixanaların yaradılması, bu sahədə peşəkar kadrların yetişdirilməsinin vacibliyi və digər mövzularda maraqlı təkliflər səsləndirilib.

Daha sonra AMTA nəzdində istixana sahəsi üzrə komissiyanın yaradılması qərara alınıb, komissiyaya rəhbərlik edəcək sədr və müavinləri təyin olunub.

Assosiasiyanın idarə heyəti növbəti görüşü regionların birində yerli kartof istehsalçıları ilə keçirməyi qərara alıb.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir