Search
6

İqtisadiyyat naziri Gürcüstana rəsmi səfər edib

İqtisadiyyat naziri Şahin Mustafayevin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti Tbilisidədir

Azərbaycan Respublikası Prezidentinin tapşırığına uyğun olaraq, Gürcüstanda səfərdə olan İqtisadiyyat naziri Şahin Mustafayevin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti oktyabrın 28-də Tbilisidə bir sıra rəsmi şəxslərlə görüşlər keçirib, Azərbaycan və Gürcüstan arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi perspektivlərini müzakirə edib.

1Səfər zamanı Azərbaycan nümayəndə heyəti Tbilisin mərkəzindəki Heydər Əliyev parkında Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin abidəsini və “Qəhrəmanlar abidəsi”ni ziyarət edərək, önünə gül dəstələri düzüblər.

2

Gürcüstan Prezidenti Giorgi Marqvelaşvili Azərbaycan nümayəndə heyətini qəbul edib. Gürcüstanın dövlət başçısı Azərbaycanla siyasi-iqtisadi əlaqələrin uğurla inkişaf etdiyini, ölkələrimiz arasında əməkdaşlığın strateji xarakter daşıdığını bildirib. Gürcüstanın Azərbaycanla əməkdaşlığın genişləndirilməsinə böyük önəm verdiyini qeyd edən cənab Giorgi Marqvelaşvili belə səfərlərin ölkələrimiz arasında bütün sahələrdə əlaqələrin inkişafına və strateji tərəfdaşlığın daha da möhkəmlənməsində əhəmiyyətini vurğulayıb.3

İqtisadiyyat naziri Şahin Mustafayev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin salamlarını Gürcüstan Prezidentinə çatdırıb, Gürcüstanda keçirilmiş demokratik parlament seçkiləri münasibəti ilə cənab Giorgi Marqvelaşvilini təbrik edib, bu seçkilərin xalqın rifah halının yaxşılaşmasına, ölkədə demokratiyanın daha da inkişafına xidmət edəcəyini qeyd edib.

Azərbaycan nümayəndə heyətinin Gürcüstanın Baş naziri Georgi Kvirikaşvili ilə keçirilmiş görüşündə Gürcüstanın dost və qardaş Azərbaycan ilə əlaqələrin inkişafında maraqlı olduğu, ölkələrimizin iqtisadi maraqlarının üst-üstə düşdüyü vurğulanıb, hər iki ölkənin iştirakı ilə reallaşdırılan layihələrin xalqlarımızın rifahına və dövlət maraqlarına xidmət etdiyi qeyd edilib, strateji tərəfdaşlığımızı daha da möhkəmləndirəcəyinə əminlik vurğulanıb. Bildirilib ki, Azərbaycan və Gürcüstan beynəlxalq təşkilatlar çərçivəsində də uğurla əməkdaşlıq edir və bütün məsələlərdə, xüsusilə də ölkələrimizin ərazi bütövlüyü ilə bağlı məsələlərdə bir-birini dəstəkləyir.

Görüşdə həmçinin, ölkələrimiz arasında müxtəlif sahələrdə əməkdaşlığa və əlaqələrin daha da genişləndirilməsinə, eləcə də qarşılıqlı maraq doğuran məsələlərə dair müzakirələr aparılıb.4

Tbilisiyə səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti Gürcüstanın baş nazirinin birinci müavini, İqtisadiyyat və Davamlı İnkişaf naziri Dmitri Kumsişvili ilə də görüşüb. Azərbaycanın İqtisadiyyat naziri Şahin Mustafayev Azərbaycan və Gürcüstan arasında iqtisadi sahədə də uğurlu əməkdaşlığın həyata keçirildiyini və əlaqələrin inkişafı üçün geniş imkanların olduğunu vurğulayıb. Diqqətə çatdırılıb ki, uğurla həyata keçirilən Cənub Qaz Dəhlizi layihəsi həm də mövcud Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsinə imkan verir. 2017-ci ildə istifadəyə veriləcək Bakı-Tbilisi-Qars dəmir yolu Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin inkişaf etdirilməsi üçün xüsusilə əhəmiyyətlidir. Azərbaycan və Gürcüstanın birgə tarif siyasəti nəticəsində tranzit yükdaşımaları əhəmiyyətli dərəcədə artıb. Belə ki, bu ilin yanvar-sentyabr aylarında ötən ilin müvafiq dövrü ilə müqayisədə neftin nəqli 4 dəfə, avtomobil nəqliyyatı ilə yükdaşımalar 2,3 dəfə artıb. Azərbaycan və Gürcüstanın birgə layihəsi olan “Enerji körpüsü” uğurla həyata keçirilir. 1995-2016-cı illərdə Azərbaycan tərəfindən Gürcüstana 3,4 mlrd. dollar investisiya yatırılıb, 2015-2016-cı illərdə Gürcüstana investisiya qoyuluşu üzrə Azərbaycan lider olub. Hazırda Gürcüstanda 250-dən çox Azərbaycan şirkəti fəaliyyət göstərir, Azərbaycanda isə artıq 243 Gürcüstan şirkəti qeydiyyatdan keçib. “SOCAR Georgia” son bir neçə ildə Gürcüstanda ən çox vergi ödəyən şirkətdir. Şahin Mustafayev ticarət əlaqələrinin genişləndirilməsinin əhəmiyyətini qeyd edərək, 3 tərəfli formatda növbəti Azərbaycan-Gürcüstan-Türkiyə biznes forumunun noyabr ayında Türkiyədə keçirilməsinin nəzərdə tutulduğunu qeyd edib.5

Gürcüstanın baş nazirinin birinci müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Dmitri Kumsişvili Gürcüstanın Azərbaycanla iqtisadi əlaqələrin genişləndirilməsində maraqlı olduğunu, əməkdaşlığın inkişafı üçün böyük potensialı qeyd edib. Son iki ildə Azərbaycanın Gürcüstana ən çox investisiya yatıran ölkə olduğunu vurğulayan Dmitri Kumsişvili ölkəsinin Azərbaycan investisiyasına açıq olduğunu və bu istiqamətdə ölkəmizi dəstəklədiyini deyib.

Görüşdə hər iki ölkənin böyük turizm imkanlarının olduğu vurğulanıb və bu sahədə əməkdaşlığın genişləndirilməsi üçün birgə tədbirlərin həyata keçirilməsinin əhəmiyyəti qeyd edilib. Həmçinin, görüşdə qarşılıqlı investisiya qoyuluşu, ticarət və s. sahələrdə əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə edilib, ikitərəfli ticarətin təşviqi ilə bağlı işçi qrupunun yaradılması barədə razılıq əldə olunub.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir