Search
881811_489369

İlin son ayı da Mərkəzi Bank üçün heç də asan olmayacaq

Federal Ehtiyatlar Sistemi (FES) uçot stavkasının artırılması barədə qərar qəbul etdi. Son 10 ildə ikinci artımları şərtləndirən FES qərarı elan edildikdə sonra qlobal valyuta və əmtəə bazarları bu addıma dərhal reaksiya verdi. Dollara nisbətən dəyərsizləşən Avropa pulu dünya bazarında 1 avro 1.048-dək ucuzlaşıb. İngilis pul vahidinin də dollara nisbətən dəyər itirməsi müşahidə edilməkdədir. Neft daxil olmaqla strateji əmtəə bazarı da qərara reaksiya verməkdədir. Artıq WTI markalı neftin 1 barelinin qiyməti 51 dollardan aşağı təklif edilir.
Bəs, bu qərar Azərbaycana necə təsir göstərəcək? Iqtisadçı alim Vüqar Bayramov bununla bağlı öz fikirlərini bölüşüb.
Ekspertin fikrincə, əksər inkişaf etməkdə olan ölkələr o cümlədən Azərbaycan üçün FES-in uçot stavkasını artırması və xüsusən də möhkəm dollar iqtisadi baxımdan arzuolunan deyil: «FES-in qərarından sonra manata təzyiqin artacağı qaçılmazdır. Əslində, oxşar qərarlar əvvəllər manata psixoloji təzyiqlər formalaşdırırdısa, indi dollara olan tələbin yüksək olması səbəbindən iqtisadi təzyiqlər də müşahidə edilməkdədir. Dekabr ayında dollar tələbinin artması və bazar təklifinin azalması fonunda ABŞ-da uçot stavkasının artırılması milli valyutamıza əlavə təzyiq yaradır. Bu baxımdan, FES-in yığıncağı başlanan gün yazdığım kimi Azərbaycan Mərkəzi Bankı bütün senarilərə hazır olmalıdır. Təbii ki, Mərkəzi Bankı bu senariyə necə hazırlaşdığını yaxın günlərdə müşahidə edə biləcəyik. Xüsusən də, bu gün valyuta hərracının keçirildiyini nəzərə aldıqda ilkin reaksiyaları müşahidə və eləcə də hazırlığı etmək mükün olacaq. Bütövlükdə, əgər Mərkəzi Bank daha çevik alətlərdən istifadə edib valyuta bazarındakı psixoloji təzyiqləri aradan qaldırmazsa manatın ucuzlaşması prosesi daha sürətlənə bilər».
İqtisadçı bildirib ki, qlobal neft bazarı da FES-in qərarına reaskiya verdiyi üçün bu dövlət gəlirlərimizə də təsirsiz ötüşmür: «Möhkəm dollar strateji məhsulların qiymətindəki artım faizinə mənfi təsir göstərir və artıq sözügedən bazardakı qiymət azalmaları da bunan xəbər verir. Dolların bahalaşması fonundan ABŞ da neft ehtiyatlarını və eləcə də bazara çıxartdığı neftin həcmini artırarsa o zaman “qara qızıl”ın qiymətində daha kəksin azalmalar istisna edilmir. Bu isə OPEK-in son cəhdləri fonunda da neft ölkələrinin bazarda uyğun qiymət tarazlığı tapmasına imkan verməyəcək. Bütövlükdə, FES-in son qərarından sonra neftin qiymətlərinin necə dəyişməsi birbaşa Amerikanın mövqeyindən asılı olacaq. Söhbət isə sadəcə ABŞ-dan deyil, eyni zamanda Kanadanın hasilatından gedir».
«FES gələn il də uçot stavkasını artıracağını bildirib. Deməli, son qərar və bəyanatlar fonunda Azərbaycan Mərkəzi Bankının liberal məzənnə siyasətinə keçidi sürətləndirəcəyi gözlənilir. Artıq Mərkəzi Bankın manevr imkanları məhdudlaşmaqdadır və bu baxımdan baş bank sözün həqiqi mənasında meydanı valyuta bazarına təhvil verəcəyi gözləniləndir. Beləcə, FES-in uçot stavkasını artırması Azərbaycanda da dollara tələbi daha da artırmaqla manata təzyiqi gücləndirəcək. Deməli, ilin son ayı da Mərkəzi Bank üçün heç də asan olmayacaq», – deyə Vüqar Bayramov sözlərini yekunlaşdırıb.



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir