Search
20161220_105638

“İdeyadan biznesə doğru” müsabiqəsinə yekun vurulub

Dekabrın 20-də Quba-Xaçmaz Regional İnkişaf Mərkəzində İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin biznes inkubator iştirakçıları arasında elan etdiyi “İdeyadan biznesə doğru” müsabiqəsinin yekunlarına dair tədbir keçirilib.

Tədbirdə İqtisadiyyat, Gənclər və İdman nazirliklərinin, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının nümayəndələri, biznes inkubator iştirakçıları və Xaçmaz şəhərində fəaliyyət göstərən gənc sahibkarlar və menecerlər iştirak edib.

20161220_110234Tədbirdə çıxış edən İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi ilə ölkədə sahibkarlığın inkişafı, biznes mühitinin daha da yaxşılaşdırılması, sahibkarlara dövlət dəstəyinin gücləndirilməsi və onların hüquqlarının etibarlı müdafiəsi istiqamətində həyata keçirilən islahatlar barədə məlumat verib. Nazir müavini ölkədə gənclərin məşğulluğunun təmin edilməsinə və sosial məsələlərinin həllinə, gənclərin sahibkarlıq təşəbbüslərinin dəstəklənməsinə daim diqqət və qayğının göstərildiyini vurğulayıb. Bildirilib ki, gənclərin sahibkarlıq fəaliyyətinin dəstəklənməsi məqsədi ilə İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən indiyədək ölkəmizdə 4500-dən çox gənc sahibkara 307,9 milyon manat güzəştli kredit verilib, bu kreditlər hesabına 14200-dən çox yeni iş yerləri yaradılıb.

Biznes inkubatorların yaradılması gənclərin sahibkarlıq fəaliyyətinə cəlb edilməsində əsas mexanizmlərdəndir. İqtisadiyyat Nazirliyi tərəfindən Quba-Xaçmaz Regional İnkişaf Mərkəzində yaradılmış biznes inkubatorun fəaliyyəti gənclərin innovativ potensialının və təşəbbüskarlığının dəstəklənməsinə, məşğulluğun artırılmasına, eləcə də iqtisadi rayonun inkişafına töhfə verir. Son illər ərzində biznes inkubatorda müxtəlif tədbirlərin, o cümlədən treninqlərin, beynəlxalq ekspertlərin iştirakı ilə seminarların, müsabiqələrin keçirilməsinin gənclərin sahibkar kimi formalaşmasında mühüm rol oynadığı və bu işlərin gələcəkdə də davam etdiriləcəyi vurğulanıb. Qeyd edilib ki, bu cür tədbirlərdən olan “İdeyadan biznesə doğru” müsabiqəsinin keçirilməsində məqsəd biznes inkubator iştirakçılarının sahibkarlıq təşəbbüslərinin dəstəklənməsi, yeni biznes və məşğulluq imkanlarının yaradılması, gənclərin perspektivli və innovativ biznes ideyalarının müəyyən edilməsi və onların həyata keçirilməsinin stimullaşdırılmasıdır.

İqtisadiyyat Nazirliyinin, “ASAN Xidmət”in, Azərbaycan Gənclər Fondunun nümayəndələri və digər iştirakçılar gənclərə göstərilən diqqət və qayğının artdığını, gənclərin yaradıcılıq və məşğulluq təşəbbüslərinin daha da genişləndiyini qeyd ediblər.

Sonra Quba-Xaçmaz Regional İnkişaf Mərkəzində fəaliyyət göstərən biznes inkubator iştirakçıları arasında ən yaxşı biznes ideyaların müəyyən edilməsi məqsədi ilə elan olunmuş “İdeyadan biznesə doğru” müsabiqəsinin qalibləri elan olunub, onlara mükafatlar təqdim edilib. Biznes inkubatorun 19 iştirakçısına təlimlərdə fəal iştiraklarına görə sertifikatlar verilib, Quba-Xaçmaz Regional İnkişaf Mərkəzində fəaliyyət göstərən biznes inkubator otaqlarının açarları iştirakçılara təqdim edilib.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir