Search
14225465_1060217914032619_3906600292985392598_n

“I Beynəlxalq Startup Akademiyası – Gəncə 2016”nın açılış mərasimi keçirilib

25-30 noyabr tarixlərində Gəncə şəhərində keçirilən “Azərbaycan Startup” Festivalı çərçivəsində “ASAN Könüllüləri” Təşkilatının və “Startup Azərbaycan”ın birgə təşkilatçılığı və Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə  “I Beynəlxalq Startup Akademiyası – Gəncə 2016” layihəsinin açılış mərasimi keçirilib.

Tədbiri giriş sözü ilə açan “ASAN Könülləri” Təşkilatının sədri Bəxtiyar İslamov məlumat verərək bildirib ki, 11 ölkədən olan gənclərin qatıldığı akademiyanın əsas məqsədi Azərbaycanda startapın inkişafına dəstək vermək, yerli və xarici gənclər arasında fikir mübadiləsini artırmaq, eyni zamanda startapların yaradılmasını stimullaşdırmaq və startap ekosistemini inkişaf etdirməkdir.

Daha sonra çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ülvi Mehdiyev akademiyanın, burada iştirak edən gənclərin potensial ideyalarının reallaşdırılması və inkişaf etdirilməsi baxımından müstəsna rol oynadığını vurğulayıb.

Ülvi Mehdiyev həmçinin qeyd edib ki, artıq sayı 10 000 nəfərə yaxın olan ASAN könüllüləri bu günədək bir çox uğurlu layihələr həyata keçiriblər.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısının birinci müavini Elnur Rzayev “I Beynəlxalq Startup Akademiyası”nın Gəncə şəhərində keçirilməsinin əhəmiyyətindən danışaraq bildirib ki, bu cür tədbirlər multikultural dəyərlərin inkişafı və müxtəlif ölkələrdən olan gənclər arasında dialoqun qurulması baxımından əhəmiyyətlidir.

Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun sektor müdiri Orxan Ərəbov dövlətin gənclərə olan qayğısından söz açaraq, təmsil etdiyi qurumun hər zaman gənclərə dəstək olduğunu və onların dövlətin yaratdığı müasir imkanlardan istifadə edərək, cəmiyyət üçün daha çox faydalı ola biləcəklərini vurğulayıb.

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz və Elektron İdarəçilik və İnformasiya Cəmiyyətinin İnkişafı mərkəzinin rəhbəri Şamo Salayev öz çıxışlarında tədbirin Azərbaycanda startapın inkişafı və gənclərin bu sahəyə marağının artırılmasında böyük rol oynadığını vurğulayıblar.

Qeyd edək ki, 4 gün davam edəcək Akademiyada gənclərə peşəkar münsiflər tərəfindən təlimlər keçiriləcək və seçilmiş ən uğurlu startup ideyasının qalibi beynəlxalq startup mərkəzlərinin birində təcrübə proqramına göndəriləcək.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir