internationalBANK (1)

Hər bir banka qarşı nəzarət tədbirləri tətbiq olunacaq

Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasının növbəti iclası keçirilib.

Bank sektorunda tənzimlənmənin təkmilləşdirilməsi məqsədilə bankların MBNP-ya təqdim etdikləri hesabatlara yenidən baxılıb və yeni hesabat forması qəbul olunub. Beynəlxalq standartlara cavab verən yeni hesabatlığın məqsədi makroiqtisadi mühitə və tədiyyə balansının tarazlığına, o cümlədən milli valyutanın məzənnəsinə təsir edən amillərin ətraflı araşdırılması üçün məlumat bazasının genişləndirilməsidir.

Palatanın mütəxəssisləri tərəfindən yeni hesabat formasının kommunikasiyası və bankların daxili informasiya texnologiyaları sistemlərinə inteqrasiyası məqsədilə bank ictimaiyyəti üçün xüsusi təlimlərin keçirilməsi barədə qərar qəbul edilib.

Direktorlar Şurasının iclasında həmçinin cari ilin 1-ci yarımilliyinin yekunları üzrə maliyyə sisteminin dayanıqlığı və bütövlükdə maliyyə sabitliyi məsələləri müzakirə edilib.

İctimaiyyətə məlumat verildiyi kimi, 1-ci rübün nəticələrinə əsasən, bankların maliyyə göstəriciləri qiymətləndirilmiş və maliyyə dayanıqlığının möhkəmləndirilməsi, kapital və likvidlik mövqelərinin gücləndirilməsi ilə əlaqədar banklara fərdi göstərişlər verilmiş, hər bir bank üzrə icra planları hazırlanmışdır. İclasın gedişatında ayrı-ayrı banklar tərəfindən sağlamlaşdırma planlarının icrası durumu müzakirə edilmişdir.

Müzakirələrin nəticəsi olaraq bir sıra bankların aktivlərinin keyfiyyəti və likvidlik mövqeyinin bərpası işinin qiymətləndirilməsi və kapitallaşma planlarının realizasiya vəziyyətinin dəqiqləşdirilməsi üçün qısamüddətli diaqnostik yoxlamaların aparılması barədə qərar qəbul olunmuşdur.

Bunun nəticəsi olaraq hər bir banka qarşı tətbiq olunacaq nəzarət tədbirləri müəyyən olunacaq.

Həmçinin, Direktorlar Şurasının qərarına əsasən, Asim Zülfüqarov baş icraçı direktorun müavini-Strateji xidmətlər departamentinin direktoru vəzifəsinə, İmran Məmmədov isə Bank fəaliyyətinə nəzarət departamentinin direktoru vəzifəsinə təyin olunmuşlar. Xatırladaq ki, onlar bu vəzifələri müvəqqəti icra edirdilər.

Trend

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir