Search
772160_438681

Göyçayda logistik mərkəz tikilir

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin investisiya layihələrinin maliyyələşdirilməsini davam etdirir.

Noyabrın 17-də bu istiqamətdə növbəti tədbir – sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forum Göyçay rayonunun Ləkçıplaq kəndində keçirilib.

80-ə yaxın sahibkarın iştirak etdiyi forum çərçivəsində Göyçay rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan ixtisaslaşdırılmış “yaşıl market”in, müasir heyvandarlıq kompleksinin, intensiv bağçılıq, cins heyvandarlıq və istixana təsərrüfatlarının yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanıb.

Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev bildirib ki, bu ilin ötən dövrü ərzində 2145 sahibkara 135,8 milyon manat güzəştli kredit verilib ki, bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 6400-ə yaxın yeni iş yerinin yaradılmasına imkan verir. Qeyd edilib ki, ümumilikdə, indiyədək Aran iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 12700-ə yaxın investisiya layihəsinin maliyyələşdirilməsinə 496,4 milyon manat güzəştli kredit verilib.

İşgüzar forum çərçivəsində Göyçay və ətraf rayonlardan olan 47 sahibkara 1,7 milyon manat güzəştli kredit verilib. Verilən kreditlər əsasən, heyvandarlıq, quşçuluq, bağçılıq, tara, qənnadı məmulatları və kişmiş, mebel istehsalı və s. sahələrin inkişafına yönəldiləcəkdir. Bu kreditlərin reallaşdırılması hesabına 100-dən çox yeni iş yerinin açılması mümkün olacaq.

Forum çərçivəsində Göyçayın Şəhadət kəndində güzəştli kredit ayrılmış 2 min tonluq logistik mərkəzin fəaliyyətinə və Yalman kəndində logistik mərkəzdə aparılan tikinti-quraşdırma işlərinə baxış keçirilib. Ümumilikdə, indiyədək tutumu 333,4 min ton olan 51 logistik mərkəzin yaradılmasına 162,6 milyon manat güzəştli kredit verilib. Artıq tutumu 294 min ton olan 45 logistik mərkəz istifadəyə verilib. Bu mərkəzlər əhalinin ilboyu keyfiyyətli yerli məhsullarla təminatında, istehsal olunan meyvə-tərəvəzin tədarükü, saxlanması və satışı məsələlərinin həllində mühüm rol oynayır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir