photo_69693

Dünyanın ən ilhamverici cümləsi

Amerikalı biznesmen və bir neçə biznes kitabının müəllifi Gary Vaynerçuk düşünür ki, bu üç sözü insan hər səhər özünə təkrarlasa, həyatda ən vacib olan şeylər barədə xatırlamağa kifayət edər. Bəs bu möcüzəli sözlər hansılardır?

“Dünyanın ən ilhamverici cümləsi üç sözdən ibarətdir: “Sən əbədi deyilsən”. Bu sözlərlə sizi qorxuzmaq və mövzudan uzaqlaşdırmaq fikri qətiyyən güdmürəm. Xoşbəxt olmaq üçün cəmi bir həyatımız var. Bundan başqa əlimizdə şansımız olmayacaq. Yerinizdə oturub, ətrafınızda baş verənlərdən şikayət etmək, sevmədiyiniz işlərlə məşğul olmaq əvəzinə hərəkətə keçmək lazımdır.

Başqalarının xoşbəxtliyinin qeydinə qalan insan yer üzündə kifayət qədərdir. Belə insanlara öz xoşbəxtliklərinin qeydinə qalmaq heç də pis olmazdı. Bilirsinizmi, bəzi insanlar niyə başqalarını ilhamlandırmağa və xoşbəxt olmağa həvəsləndirir? Çünki onların özləri də xoşbəxtdirlər.

Sizdən özünüzə bu sualları verməyinizi istəyirəm: Hal-hazırda məşğul olduğunuz şey sizi daha uğurlu olmağa doğru aparırmı? Bu təkcə biznes uğuru yox, şəxsi həyatınızın da uğuru deməkdir. Xoşbəxt insanlar başa düşür ki, həqiqi xoşbəxtlik onun nə qədər pul qazanmasında deyil, bunu necə etməsindədir.

Mənim 20 yaşım olanda yaşı 90-dan artıq olan insanların ətrafında xeyli vaxt keçirirdim. Onları necə və harada gördüyümün heç bir əhəmiyyəti yoxdur – hər zaman onların həyat hekayələrini dinləmək istəyirdim. Onların demək olar ki, hər biri bu sözlə cümləyə başlayırdı: Təəssüf ki…Bəziləri vaxtında çox çalışmadıqları üçün, digərləri isə sevdikləri ilə kifayət qədər vaxt keçirmədiklərinə görə təəssüf hissi keçirirdilər. Onların arasında bəziləri isə valideynlərinin hər dediyini yerinə yetirdikləri üçü dərin təəssüf hissi yaşayır, öz istədikləri həyatı yaşamadıqlarını deyirdilər. Təəssüf, təəssüf, təəssüf – bunun ardı-arası kəsilmir.

Bu yaşlı insanlarla ünsiyyətdən öyrəndiyim əsas şey budur: Başlamaq üçün ən doğru zaman indinin özüdür. Gənc yaşlarınızda səyahət etməklə yanaşı, həm də çox çalışın və istədiyinizi yaratmaq üçün özünüzə ən azı 5 il vaxt tanıyın. Gəzin və gəzmədən də çox şey öyrənin. Səyahətə dostlarınızla çıxın, rok qrup yaradın, öz istedadınızı göstərə biləcəyiniz ən çılğın işlərlə məşğul olun. Bu yaşda elə də böyük məsuliyyətlərinizin olmamasından istifadə edin. Sizin 40, 50 və ya 60 yaşınızın olmasının heç bir mənası yoxdur. Əgər nəyisə öyrənmək, kəşf etmək, başlamaq istəyirsinizsə – indi edin. Xoşbəxt olmağın zamanı elə indidir. İstədiyiniz halda hər şeyi etmək mümkündür. Bəlkə də pensiyaya çıxmaq əvəzinə, həqiqətən istədiyiniz şeylərin üzərində fikrinizi cəmləmək vaxtıdır.

Bir sözlə, neçə yaşınız olmasından asılı olmayaraq, əlinizdə olan zamanı xoşbəxt olmaq üçün dəyərləndirməlisiniz. Hal-hazırda qarşımızda xeyli imkanlar açılıb və müasir dövr bizə bu imkanlardan fərqli formada istifadə etmək şəraiti yaradır. Mən bu yazını son dövrlərdə gördüklərim barədə yazmaq qərarına gəldim. Tez-tez insanların öz əllərindəki imkanlardan imtina etdiklərini görürəm. Onlar bundan nə vaxtsa istifadə edə biləcəklərini düşünürlər. İnsanlar elə yaşayır ki, sanki onların bitib-tükənməyən zamanları var.

Lakin hamımız əslində bunun belə olmadığını yaxşı bilirik. Əgər mənim bu sözlərim heç olmasa bir adama da olsa təsir edəcəksə, deməli bunları boş yerə yazmamışam. Biz əlimizdəki imkanlardan üz döndərməməliyik. Çünki cəmi bir həyatımız var. Hər səhər özünüzə “sən əbədi deyilsən” deməklə, özünüzü yataqdan qaldırmaq və istədiyiniz etmək məcburiyyətində qoyursunuz. Bu məcburiyyət isə sizi xoşbəxtliyə aparan yeganə məcburiyyətdir. İnsanın həyatını peşmanlıq hissi qədər zəhərləyən şey yoxdur. Ona görə də özünüz üçün bəhanə uydurmaqdan əl çəkin və xoşbəxtliyə gedən yolunuzu tapın.”




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir