239317

Dünya Bankının strateji başçısı Samir Suleymanov – MÜSAHİBƏ

Bu günlərdə Dünya Bankına (DB) strateji başçı təyin edilmiş azərbaycanlı Samir Suleymanov ANSPRESS-ə müsahibə verib. Müsahibədə Samir Suleymanov bu mötəbər səviyyəyə necə yüksəlməsinin sirrini açıb. Müsahibəni təqdim edirik.

39 yaşlı Samir Suleymanov 1996-cı ildən DB-da çalışır. O, Corctaun Universitetinin məzunudur. 1993-cü ildə Vaşınqtona köçüb. Daha əvvəl Suleymanov DB-nin administrasiyasının daxili siyasət idarəsinin rəhbəri vəzifəsində çalışıb. Evlidir, 3 övladı var. Yəni mühafizəkar bir azərbaycanlıdır.

– Samir bəy, xarici ölkədə yüksək vəzifəyə təyin olunan az sayda azərbaycanlılardan birisiniz. Bu nailiyyət üçün hansı yolu keçmisiniz? 

– Bu, çox uzun hekayədir. Bu, müxtəlif zamanlarda verilən qərarlar və bir çox insanların oynadığı müxtəlif rollardan qurulan bir yol olub. Amma təsadüfsüz, daha dədiq, istənilən şəraitdə mütəmadi səylər göstərərək.

– Qərib ölkədə uğur qazanmaq üçün nə etmək lazımdır?

– Əmək bazarı da daxil olmaqla Qərb – azad rəqabətin hökm sürdüyü yerdir, ona görə uğur əldə etməyin hər hansı bir xüsusi sirri yoxdur. Burada da hər yerdə olduğu kimi əsas dəyərlər – məqsədyönlülük, çalışqanlıq, dünya görüşü və s. Əlbəttə ki, uşaqlıqda düzgün kitablar oxumaq lazımdır. Daha peşəkar mərhələdə isə əsas məsələ məhdud məlumat əsasında qərarlar qəbul etməkdir və bu qərarlar düzgün olmalıdır.

– Dünya Bankında (DB) sizdən başqa azərbaycanlı çalışırmı? Ümumiyyətlə, bu bankda əcnəbilər çoxdurmu?

– Bankın bütün 5 strukturunda 30 000-dək insan çalışır. Onlar təşkilatın üzvü olan 188 ölkənin nümayəndələridirlər. Azərbaycanlılar da var. Bildiyimə görə, Dünya Bankı qrupunda və Beynəlxalq Valyuta Fondunda çalışan azərbaycanlıların sayı 20-dir.

– Ötən müsahibələrinizdən birində həyat yoldaşınızın da DB-də çalışdığını qeyd etmişdiniz. Hər iki valideynin belə məsuliyyətli işi olması övladlarınıza necə təsir edir? Sizcə, valideynlərin uğurları övladların gələcək həyatlarına dair stimul verirmi?

– Çox maraqlı sualdır, biz ailəmizlə bunu tez-tez müzakirə edirik. Bəli, nəinki uğur, həmçinin valideynlərin xasiyyəti və dünya görüşündəki standartları da uşaqların üzərinə böyük məsuliyyət qoyur. Biz də həyat yoldaşımla belə ailələrdə böyümüşük.

Düşünürəm ki, valideynlərin edəcəyi yeganə bir şey uşaqlara kifayət qədər sərbəstlik verməkdir ki, onlar özlərini tapa bilsinlər və xasiyyətini müəyyən edə bilsinlər. Ən əsası isə uğurun təkcə karyera və pulla ölçülmədiyini anlamaqdır – yaxşı insan olmaq özü də bir uğurdur. Uşaqların istənilən şəraitdə maksimum səy göstərməsinə vasitəçi olmaq lazımdır. Bizim iki böyük övladımız var – oğlumuz tələbədir, qızımız məktəbli – hər ikisi əlaçıdır və öndəgedəndir. Kiçik oğlumuzun isə 5 yaşı var – ona qarşı bütün tələblər birmənalı şəkildə aradan qaldırılıb (gülür).

– Söhbətimizi sizin yeni vəzifənizlə bağlı mövzu ilə davam etdirmək istəyirəm.  DB-nin strateji direktor vəzifəsi nə deməkdir? Onun qarşısında hansı vəzifələr durur?

– Əsas vəzifə Dünya Bankı Qrupunun (DBQ) rəhbərliyinə təşkilati strategiyanın təyin olunmasında dəstək göstərməkdir. Bundan əlavə, strateji prinsiplərin inkişafı və tətbiqi də əsas məsələlərdən biridir. DBQ mürəkkəb strukturdur. O, bütün ölkələrdə işləyir, ölkələrə və özəl sektora davamlı iqtisadi və sosial inkişafda maliyyə, analitik və texniki dəstək göstərir, iqlim dəyişiklikləri kimi bəşəriyyətin qlobal problemlərinin aradan qaldırılmasına dair işi icra edir, şok və ya ebola epidemiyası, təbii fəlakətlər kimi problemlərlə üz-üzə qalan ölkələrə təcili yardımın göstərilməsində vasitəçilik edir və eyni zamanda ölkələrin müvafiq sistemlərini növbəti böhranın öhdəsindən müstəqil şəkildə gəlmələri üçün gücləndirilməsinə dəstək olur.

– Sizin bu vəzifəyə təyin olunmağınız Azərbaycana nə isə vəd edirmi?

– DBQ və ayrı-ayrı ölkələr arasında münasibətlər şəxsi zəmində deyil, uzunmüddətli əməkdaşlıq əsasında qurulur. Ölkə ilə birbaşa əməkdaşlığı regiona görə məsuliyyət daşıyan departamentlər icra edir. Qlobal səviyyədə isə həm inkişaf etmiş, həm də inkişaf etməkdə olan dövlətlər öz vətəndaşlarının beynəlxalq qurumlarda çalışmasını, xüsusilə də rəhbər vəzifələrdə olmalarını vacib hesab edirlər. Çünki hər bir insan işinə öz mədəniyyətinin, milli dəyərlərinin və baxışlarının bir hissəsini gətirir. Bununla da ölkələr bilavasitə olaraq iri beynəlxalq strukturların fəaliyyətində iştirak etmiş olurlar və bu da legitimliyin və təşkilatın uğurunun əsasını təşkil edir.

– Hazırda dünya iqtisadiyyatında davamlı böhran hökm sürür. Sizcə, indiki böhran 2008-2009-cu illərdəkindən daha güclüdür  və onun nə vaxt başa çatacağı gözlənilir? Azərbaycan və digər neft ölkələri də bu böhrandan ilk növbədə neftin ucuzlaşmasına görə əziyyət çəkir. Sizcə, neftin ucuzlaşmasının mənfi təsirlərini kompensasiya etmək üçün başqa hansı təşəbbüslər olmalıdır?

– Bu, fərqli böhranlardır. 2008-ci ildəki böhrana maliyyə sektoru səbəb olmuşdu və bu, müəyyən nəticələrə gətirib çıxarmışdı. İndi isə xammalın qiymətinin yüksək olduğu dövrün sonunda qlobal inkişaf tempi az olan yeni iqtisadi duruma uyğunlaşmanı müşahidə edirik. Bütün bunlar iqlim və müxtəlif növ böhran və epidemiyaların artdığı bir dövrdə baş verir. Belə vəziyyətdə böhranın sonunu gözləmək yox, yeni şəraitə adaptasiya olunmağa çalışmaq lazımdır. Bu dövrün nə qədər davam edəcəyini proqnozlaşdırmaq mümkün deyil. İş yerlərinin artırılması məsələsi müxtəlif gəlirləri olan bütün ölkələrin qarşısında durub. Neftdən asılı olan bütün ölkələrin problemləri eynidir, o cümlədən milli valyutanın dəyərdən düşməsi. Hamı bundan ixrac üçün nəzərdə tutulan yerli istehsalın və kənd təsərrüfatının inkişafı üçün istifadə etmək istəyir. Uğur isə islahatların dərinliyindən və texnologiya və investisiyaların cəlb olunması ilə rəqabətədavamlı özəl sektorun inkişafı üçün mühitin yaradılmasından asılı olacaq.

– Hazırda Azərbaycana xarici banklardan, xüsusilə Dünya Bankından daha çox nə lazımdır – pul, məsləhət, texniki yardım? Sizcə, bu vəziyyət – çıxış yollarının birgə axtarılması DB ilə Azərbaycan arasındakı əlaqələri gücləndirəcəkmi?

– Bankın işi uzunmüddətli strateji əməkdaşlıq üzərində qurulub. Müxtəlif problemlər onların həlli üçün müxtəlif vasitələrdən istifadəni tələb edir. Ona görə problemlər və onların həlli istiqamətində  bankla əməkdaşlıq hökumətlə müvafiq anlaşma əsasında çoxtərəfli platforma üzərində qurulur. Ümumilikdə isə xarici tərəfdaşlarla əməkdaşlıq təcrübə, biliklər və texnologiya mübadiləsi baxımından çox vacibdir.

Son vaxtlar dünyada sürətlə yayılan terror aktları regionun iqtisadiyyatına ciddi təsir göstərməyə başlayıb. Məsələn, qonşu Türkiyənin turizm sektoru böyük zərərə düşüb. Üstəlik, İŞİD bəyan edib ki, Avropada da terror aktları davam edəcək. Sizcə, bu terror aktlarının və terror gözləntilərinin dünya iqtisadiyyatına təsiri nə dərəcədə ciddidir? Yəni terror təhlükəsi dünyanın investisiya xəritəsini dəyişdirə bilərmi?

– Əlbəttə, belə hadisələr istehlakçıların durumundan tutmuş müvafiq regionlarda risklərin idarə edilməsinə qədər hər şeyə neqativ təsir edir.  Bu, əlbəttə ki, problemli məsələlərdir və mən ümid edirəm ki, bu vəziyyət adi hala çevrilməyəcək. Bank tərəfindən biz də səlahiyyətlərimiz çərçivəsində bəzi məsələlər üzərində işləyirik. Məsələn, münaqişələrin əsas səbəblərinin aradan qaldırılması üçün ölkələrə yardım edirik. <p”> <p”>

– Dünyada ölkələrin sərmayələr üçün cəlbediciliyini müəyyən etmək üçün müxtəlif üsullar var. Bunlardan biri elə DB-nin tərtib etdiyi “Doing Business” hesabatıdır. Son illər Azərbaycan bu hesabatda irəliləyir. Yəni bu hesabat investorlara deyir ki, Azərbaycanda biznes qurmaq asanlaşır. Digər tərəfdən, reytinq agentlikləri neftin ucuzlaşmasına görə ölkənin reytinqini aşağı salırlar. Sizcə, investorlar bu iki göstəricidən hansına daha çox etibar edirlər: Dünya Bankının hesabatına, yoxsa reytinq agentliklərinin reytinqlərinə?

– “Doing Business” hesabatı ən məşhur hesabatlarındandır; o, bir sıra ölkələrdə islahatlara vasitəçi olub. Mən bilirəm ki, Azərbaycanda bu prosesə xüsusi diqqət ayrılır və yaxşı nəticələrə ümid edirəm. İnvestisiya siyasətinə gəldikdə isə bunu bir və ya iki yox, bir sıra göstəricilər təyin edir.  Bura ölkənin imici və investorlar üçün yaradılan şərait, əsaslı rəqabət keyfiyyətləri, lazımi hazırlıq və təhsilə malik insan potensialı, bazar, əhalinin alıcılıq qabiliyyəti və bu kimi digər göstəricilər daxildir.

– Azərbaycan son illər həm də ictimai-siyasi sabitliyi ilə seçilir. Sizcə, indiki dönəmdə bu amil ölkəyə investisiya cəlb etmək üçün nə qədər cəlbedicidir?

– Əlbəttə, sabitlik vacib amillərdən biridir, amma təkcə ictimai-siyasi sabitlik deyil, biznesin aparılması sabitliyi də çox vacibdir. Sabitlik çox vacibdir, amma, yəqin ki, inkişafın yeganə amili ola bilməz. Bu, mürəkkəb  prosesdir.

– Hazırda dünya iqtisadiyyatında onsuz da müəyyən gərginlik var, bir tərəfdən də ayrı-ayrı ölkələrin mərkəzi banklarının qərarları bu proseslərə bəzən mənfi təsir edir. Məsələn, ABŞ Federal Rezerv Sisteminin və Avropa Mərkəzi Bankının qərarları. Dolların və avronun uçot dərəcəsi ilə bağlı qərar bütün dünyada maliyyə bazarlarına və digər ölkələrin iqtisadiyyatlarına təsir edir. Əksər hallarda da bu təsir mənfi olur, yəni həmin ölkələrin milli valyutalarının məzənnəsi dəyərdən düşür və s. Başqa sözlə, inkişaf etməkdə olan ölkələrin iqtisadiyyatları müəyyən dərəcədə bu qərarlardan asılıdır. Sizcə, bununla bağlı nəsə etmək lazımdırmı? Yaxud digər ölkələr bu təsirləri azaltmaq üçün nə etməlidirlər?

– Öncə qeyd edim ki, ABŞ-ın pul-kredit siyasəti 2008-ci il böhranından sonra inkişafda olan ölkələrin iqtisadiyyatına kapital axınının stimullaşdırılmasına və iqtisadi aktivliyin saxlanılmasına yardımçı olub. Aparıcı valyutaların uçot dərəcəsinin qaldırılmasının neqativ təsirinin aradan qaldırılmasına gəldikdə isə ölkə bunun üçün iqtisadiyyatının ümumi davamlılığını qaldırmalı və iqtisadiyyatın daha sürətli inkişafı üçün addımlar atmalıdır. Əlbəttə, bu haqda danışmaq bunu etməkdən asandır. Bu, bir sıra strukrur islahatları tələb edir – pul siyasəti, fiskal tədbirlər və s. Xüsusən də digər problemlərin yarandığı bir vaxtda, məsələn, neftin qiymətinin düşdüyü bir vaxtda. DB bununla bağlı ötən il hesabat da dərc edib.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir