Search
1371109722_world-bank

Dünya Bankı Azərbaycan əhalisinin maliyyə savadını araşdırıb

Dünya Bankı Azərbaycanda maliyyə inteqrasiyası layihəsi əsasında əhalinin 51%-nin borc almaq istəmədiyini, borcalanların isə borcu qeyri-formal üsullarla əldə etmək istədiyini qeyd edib. “Report”un İsveçrədəki müxbirinin Dünya Bankının Azərbaycanda əhalinin maliyyə savadlılığı hesabatına istinadən verdiyi xəbərə görə, araşdırma İsveçrə hökuməti tərəfindən maliyyələşdirilən maliyyə savadlılığı və istehlakçı hüquqlarının qorunması layihəsi çərçivəsində aparılıb.

Hesabata əsasən, Azərbaycanda əhalinin 36,4%-i bank maliyyələşməsindən istifadə edir. Müqayisə üçün Gürcüstanda bu göstəricinin 39,7% təşkil etdiyi bildirilir. Azərbaycanda yetkinlik yaşına çatmış əhalinin hər 100 min nəfərinə 10,7 bank filialı düşürsə, Gürcüstanda bu rəqəm 27-yə bərabərdir. Buna baxmayaraq, Azərbaycanda şirkətlərin 27%-i investisiyaların maliyyələşdirilməsi üçün bank xidmətlərindən istifadə edirsə, Gürcüstanda bu göstərici 22%-dir. Azərbaycanın maliyyə sektorunda daxili kreditləşmənin həcmi 33% olduğu halda, Gürcüstanda 45%-ə bərabərdir.

Azərbaycanda bank xidmətlərindən xəbərdar olan əhali 98%-dir, bunların isə 84%-i indiyədək bank məhsullarından, bunun 15%-i isə bank kreditlərindən istifadə edib. Şəhər əhalisinin bank kreditlərindən istifadə sayı kənd yerlərindən 4% çoxdur. Buna baxmayaraq, əhalinin 65%-nin elektron pulların mövcudluğundan xəbəri var. Hər beş nəfərdən biri elektron pullardan istifadə etsə də, cari istifadə əmsalı 0,3% təşkil edir. Yetkinlik yaşına çatmış əhalinin 45%-i formal və ya qeyri-formal yollarla yığımlara sahibdirlər. Şəhər əhalisi kənd əhalisindən 25%, qadınlar kişilərdən 18% daha çox yığıma sahibdir.

Hesabatda, həmçinin Azərbaycan Mərkəzi Bankının əhali arasında maliyyə savadlılığının artırılması strategiyasının hazırlandığını və ilin sonuna qədər bu proqramın həyata keçiriləcəyini bildirilib.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir