Search
354033_485690

Dövlət büdcəsi 519 mln. manatdan artıq kəsirlə icra olunub

2016-cı ilin doqquz ayında dövlət büdcəsinin mədaxili 10 mlrd. 103,1 mln. manat, xərcləri 10 mlrd. 622,2 mln. manat olub.
Maliyyə Nazirliyindən verilən məlumata görə, hesabat dövründə 519,1 mln. manat məbləğində büdcə kəsiri (defisit) yaranıb.
2016-cı doqquz ayında dövlət büdcəsinin mədaxili 12 mlrd. 98,3 mln. manat proqnoza qarşı 10 mlrd. 103,1 mln. manat və ya 16,5% az icra olub.
Vergilər Nazirliyi tərəfindən mədaxil proqnozu 100,2 faiz icra edilməklə dövlət büdcəsinə 4 mlrd. 926,3 mln. manat vəsait təmin edilib. Həmin vəsaitin 78%-i (ötən ilin eyni dövrünə nisbətən 9,6 faiz-bənd çox) və ya 3 mlrd. 843,8 mln. manatı qeyri-neft sektorundan daxilolmaların payına düşür ki, bu da 2015-ci ilin eyni dövrünə nisbətən 374,6 mln. manat və ya 10,8% çoxdur.
2016-cı ilin doqquz ayında Dövlət Gömrük Komitəsi (DGK) proqnoza 125,6% əməl edərək dövlət büdcəsinə 1 mlrd. 653,8 mln. manat vəsait təmin edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 529,6 mln. manat və ya 47,1% çoxdur.
Azərbaycan Respublikasının Dövlət Neft Fondundan (ARDNF) dövlət büdcəsinə 3,26 mlrd. manat vəsait daxil olub ki, bu da proqnoza nisbətən 2 mlrd. 370,5 mln. manat və ya 42,1% azdır.
Dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən daxilolmaları 192,9 mln. manat təşkil edib.
Sair daxilolmalar üzrə büdcəyə 70,1 mln. manat vəsait daxil olub.
2016-cı ilin iyul-sentyabr ayları üzrə dövlət büdcəsinin mədaxili 3 mlrd. 969,3 mln. manat icra olunub.
2016-cı ilin doqquz ayında dövlət büdcəsinin xərcləri proqnoza nisbətən 87,5% və ya 10 mlrd. 622,2 mln. manat icra olunub.
İqtisadi təsnifata uyğun olaraq cari ilin 9 ayında dövlət büdcəsi xərclərinin 42,5%-i və ya 4,514 mlrd. manatı sosialyönlü xərclərin (əməyin ödənişi fondu, təqaüd və sosial müavinətlər, dərman və ərzaq xərcləri) maliyyələşdirilməsinə yönəldilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 406,6 mln. manat və ya 9,9% çoxdur.
Cari ilin altı ayında dövlət əsaslı vəsait qoyuluşu xərclərindən elm, təhsil, səhiyyə, sosial, mədəniyyət, idman və digər sosial-mədəni və məişət təyinatlı obyektlərin tikintisinə və yenidən qurulmasına 212,8 mln. manat, enerji, su və qaz təchizatı, nəqliyyat, kommunal, meliorasiya infrastrukturlarının tikintisinə, yenidən qurulmasına və digər sahələrə 1 mlrd. 151,7 mln. manat, o cümlədən Naxçıvan Muxtar Respublikasında həyata keçirilən investisiya layihələrinin maliyyələşdirilməsinə dövlət büdcəsinin dövlət əsaslı qoyuluşu xərclərindən 29 mln. manat vəsait yönəldilib.
2016-cı ilin 9 ayında büdcə təşkilatlarının təqdim etdikləri xərc sifarişləri üzrə xəzinədarlıq orqanları tərəfindən qəbul edilmiş öhdəliklər tam və vaxtında maliyyələşdirilib.
Cari ilin iyul-sentyabr ayları üzrə dövlət büdcəsinin xərcləri 3 mlrd. 800,7 mln. manat icra olunub.
Cari ilin doqquz ayında icmal büdcənin gəlirləri 14,951 mlrd. manat, icmal büdcənin xərcləri isə 12 mlrd. 623,4 mln. manat icra olunub İcmal büdcənin artıqlığı 2 mlrd. 327,6 mln. manat təşkil edib.
FaktXəbər



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir