Search
expert-146-81450

Böhranda biznes və ailə büdcəsi menecmenti necə olmalıdır? – EKSPERT

Müsahibimiz: Tanınmış marketoloq, biznes menecment və strateji menecment üzrə ekspert Anar Bayramov BankNews-in suallarını cavablandırır.

Böhran nədir və o hansı əlamətləri ilə şərh olunur?

–  Böhran el ilə gələn çətinlikdir. Situasiyanın, şəraitin kəskin dəyişməsidir. Standart bir tərifi olmasa da, bazarın kiçilməsi, iqtisadi aktivliyin azalması ilə xarakterizə olunur. Devalvasiyanın təsiri bizdə də ümumi aktivliyin, gəlirlərin azalması ilə nəticələndi. Bir çox bizneslərə əməlli başlı başağrısı gətirdi. Bəziləri isə daha pozitiv yanaşaraq imkan kimi baxırlar bu yeni situasiyaya.

Elə onu sual verəcəkdim. Bəziləri Böhranı Biznesin sonu, bəziləri isə Biznesin başlanğıcı adlandırır. Siz necə düşünürsünüz?

–  Baxış bucağı məsələsidir. Böhranın üstünlüklərindən danışanlar tam haqsız da deyillər əslində. Ümumi, makro səviyyədə baxanda biz nə görürük? Tələb azalıb, gəlirlər azalıb, valyutamız zəifləyib, işsizlik artıb, inflyasiya artıb və s. Amma bu sadaladığımız mənfi tendensiyalar o anlama gəlməməlidir ki, hamının gəliri azalıb, hamı işini itirib və s. Yeni şəraitdə gəlirini artıranlar, karyerasında yüksələnlər də var. Bəzi biznes sahələrinə tələbat artıb. Məsələn, biznes konsaltinq xidmətlərinə. Əvvəllər bazar konyukturası o qədər rahat idi ki, çox hesablamağa, götür-qoy eləməyə ehtiyac bilmirdilər biznes sahibləri. Kortəbii şəkildə işləyirdilər. Bu gün elə deyil. Kiçilən bazarlarda duruş gətirə bilmək üçün daha ehtiyatlı yanaşırlar, peşəkar menecerlərlə işləməyə, konsaltinq xidmətlərindən istifadə etməyə üstünlük verirlər.

Mövcud böhran vəziyyətini necə qiymətləndirirsiniz?

–  Bizneslər tərəfdən baxsaq, istisnaları çıxmaq şərtilə deyə bilərik ki, bu il mənfəətdən daha çox sağ qalmaqdır prioritet. Yeni şəraitə bütün bizneslər eyni dərəcədə “üzü ağ” şəkildə “xoş gəldin” deyə bilmirlər. Duruş gətirə bilmirlər. Öyrəşmişdilər bazarın durmadan böyüməsinə, olduqları bazarın böyüməsindən onlara bir tikə çatırdı. İndi isə situasiya kəskin dəyişib. Bu mənada deyə bilərik ki, o şirkətlər üçün böhran indi başlamayıb. Ümumiyyətlə, böhran səninçün o vaxt başlayır ki, sən böhrana hazır deyilsən. Uzunmüddətli dövrdə bazarda qalmaq istəyən bizneslər anlamalıdırlar ki, günlərin birində böhran da olacaq.

Nəzərə almaq lazımdır ki, indi qarşımızda olan müştəri 1 il əvvəlki müştəri deyil. Təkcə gəlirləri azalmayıb, müştəri davranışı da dəyişib.

Bazarda olan qeyri-müəyyənlik və bundan qaynaqlanan gözləntilər də ciddi zərbə vurur bizneslərə. Hesab edirəm ki, bunun qarşısını almaq üçün dövlət səviyyəsində vizyon təqdim olunmalıdır ki, insanlar önlərini görə bilsinlər. Qeyri-müəyyənlikdə qalmasınlar. Əks halda iqtisadi aktivlik daha da pisləşir. “Multiplikator effekti” deyilən anlayış var. Hər xərclənən qəpik iqtisadiyyata özündən çox canlanma gətirir. İnsanlar gözləyərək yığıma meylləndikcə bu effekt də kiçilmiş olur.

Sahibkar böhran vəziyyətində ayaqda qalmaq üçün nə etməlidir?

–  Strateji yanaşsaq, əslində şirkət əvvəldən elə etməlidir ki, pis vaxtlarda “yapışa” biləcəyi, güvənəcəyi rəqabət üstünlükləri, fərqlilikləri olsun.

Çox önəmli bir məqam var. Hamı üçün vəziyyət yaxşı olanda peşəkarlığın “krediti” çox da qabarıq görünməyə bilər. Hamı “kef edirdi” bazarda. Böhran vaxtı isə bu fərq açıq-aydın görünür. Peşəkarlıq ciddi fərq yaradır. Biznesə peşəkar, sistemli və planlı yanaşanlar duruş gətirirlər.

Amma heç vaxt gec deyil. Yaranmış nisbi durğunluq dövründən də səmərəli istifadə etmək lazımdır. Məsələn, şirkətlər satışa çox aludə olduqda sistem quruculuğu yaddan çıxa bilir, müştərilərlə münasibətləri inkişaf etdirmək (CRM) prioritet olmaya bilir. Bu şəraitdə isə imkan yaranıb ki, biznes proseslərin təkmilləşdirilməsinə və sistem quruculuğuna diqqət yetirsinlər.

Böhranlı situasiyanın müsbət dərsləri də az deyil. Məsələn, şirkətlər əmin olurlar ki, yeni müştəri qazanmaq xeyli çətindir. Nəticədə mövcud müştərilərin qədrini daha çox bilirlər. Heç olmasa mövcud müştərilərin qorunmasına çalışırlar.

Belə vəziyyətdə vətəndaşlar ailə büdcələrinə neçə yanaşmalıdır?

–  Ailə büdcəsi ilə bizneslərin büdcəsi arasında paralel aparmaq istəyirəm. Bilirik ki, bizneslərin panika içində qərar qəbul edərək əslində inkişafı təmin edən xərcləri (marketinq, təlim, motivasiya və s.) kəsməyi onlara zərbə vurur. Ailədə də bu belədir. Panikaya girərək idman, sağlamlıq, təhsil, mədəniyyət, əyləncəyə yönəlik xərcləri kəssən, həyatın ya özü qısalır, ya da keyfiyyəti, marağı. Bu mənada diqqətli olmaq lazımdır. Hər bir qəpiyin yaradacağı “əlavə dəyər”ə baxmaq lazımdır.

Yekun olaraq – Böhran nə zaman bitəcək?

–  Konkret vaxt demək qeyri-ciddilik və məsuliyyətsizlik olar. Vəziyyətin tezliklə 2 il əvvəlki kimi olmasını gözləmək sadəlöhvlük olar. Situasiya kəskin dəyişib. Daha əvvəlki kimi olmayacaq. Yeni, daha real biznes münasibətləri və mühiti formalaşacaq. İnkişaf sürəti isə bir çox amillərdən – siyasi, iqtisadi, qlobal, sosial və s. asılıdır.

Banknews




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir