Search
442452_489467

Bank olmayan yeni maliyyə institutları yaranacaq

2020-ci ilədək olan dövrdə maliyyə institutları, xüsusilə də banklar sağlamlaşdırılacaq, maliyyə institutlarının likvidlik və kapitallaşma problemləri həll ediləcək, qeyri-işlək aktivlərin restrukturizasiyası üzrə tədbirlər həyata keçiriləcək.
Bu barədə “Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”ndə qeyd olunub.
Emitentlərin və investorların qiymətli kağızlar bazarında iştirakı üçün zəruri şərait yaradılacaq, infrastruktur genişləndiriləcək və təşviqedici tədbirlər müəyyənləşdiriləcək.
2025-ci ilədək maliyyə xidmətləri sektoru güclü və diversifikasiya olunmuş maliyyə institutlarından təşkil olunacaq, davamlı artım və mənfəətlilik nümayiş etdirəcək. Eyni zamanda, bank sektorunda konsolidasiya prosesinin sürətlənməsi, bankların maliyyə nəticələri arasında fərqlərin azalması müşahidə ediləcək. Nəticədə banklar böyüyəcək, xidmət portfeli diversifikasiya olunacaq və bank olmayan yeni maliyyə institutları yaranacaq. Bank olmayan yeni maliyyə institutlarının təqdim edəcəyi əlavə kredit məhsulları istehlak kreditlərinə alternativ çıxış imkanları yaradacaq və sektorda rəqabəti gücləndirəcək. Korporativ müştərilər üçün də yeni kredit növləri təklif ediləcək.
2025-ci ilədək Azərbaycanda səhm və istiqraz bazarları artıq səmərəli fəaliyyət mərhələsinə çatacaq.
Maliyyə institutları səmərəliliyin artırılmasını və rəqəmsallaşmanı 2025-ci ilədək olan dövrdə də davam etdirəcəklər. Bu dövrdə tənzimləmədə dəyişikliklər və texnoloji inkişaf nəticəsində banklar proses və əməliyyatlarını daha çox rəqəmsallaşdıracaqlar. Yüksək nəticə əldə edilməsi, sərf olunan vaxtın və əməyin optimallaşdırılması məqsədilə bir sıra funksiyalar vahid struktur bölmədə cəmləşəcək və bank əməliyyatlarının 90 faizindən çoxu alternativ xidmət kanalları vasitəsilə aparılacaq. Filiallar əlavə dəyər yaratmaqla, yeni və daha dərin müştəri münasibətləri quracaqlar. 2025- ci ildən sonrakı dövrdə bank sektorunun rəqəmsallaşdırılması tamamlanacaq.
Report



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir