Search
taraz.az

Bank BTB-nin Müşahidə Şurasının Sədri cənab Rza Sadiq müsahibə vermişdir

    “Banking Baku” Bank BTB-nin Müşahidə Şurasının Sədri cənab Rza Sadiqlə Azərbaycan maliyyə sistemi və bankın strateji hədəfləri haqqında müzakirə aparmışdır. Çox maraqlı və analitik yönümlü müsahibəni Sizlərə təqdim edirik:

  • BB:Cənab Sədr, bu gün Azərbaycan maliyyə sisteminin vəziyyətini necə qiymətləndirərdiniz? Maliyyə sistemi, xüsusilə bank sistemi üçün əsas çağırışlar və perspektivlər hansılardır? Bankların fəaliyyətində, xüsusilə iqtisadiyyatın kreditləşməsi istiqamətində canlanma nə zaman başlaya bilər?

RS: Bu gün biz çox maraqlı bir dövrdə yaşayırıq, nəinki Azərbaycanda elə bütün dünyada gedən əhəmiyyətli proseslərin şahidi olmuşuq. Bunlar hamısı son iki ildə iqtisadiyyatımıza ciddi şoklar yaşatdı, bu da əlbəttə ki, maliyyə sisteminə təsirsiz ötüşə bilməz. Artıq bu gün biz maliyyə sistemi üçün hansısa nəticələrdən danışa bilərik, bəzi bazar iştirakçıları oyundan çıxdı, bəziləri əksinə güclənməyə başladı, bir çoxları üçün isə bu yeni fazanın başlanğıcı oldu. Hesab edirəm ki, yaşadığımız dövrün həm bank sektoru üçün həm də bütövlükdə maliyyə sistemi üçün çox ciddi müsbət təsirləri də olmuşdur. Buna tərbiyəvi əhəmiyyət desək, bəlkə də yanılmarıq. Əslində Azərbaycanın bank sistemi üzləşdiyi çətinliklər qarşısında kifayət qədər dayanıqlıq nümayiş etdirdi. Eyni dövrdə qonşu ölkələrdə və Avropada bağlanan bankların sayı da az deyildi. Sektorun məcmu göstəricilərini bu gün üçün yaxşı qiymətləndirə bilərik, halbuki problemlər hələ də az deyil. Belə şəraitdə bankların qarşısında duran əsas məsələlərdən biri bu günün problemlərinə qapılmamaq, perspektivlər haqqında düşünməkdir. İqtisadiyyatımızda ciddi transformasiya prosesi proqnozlaşdırılır və bir gün biz bankların artıq dəyişmiş iqtisadi sistemə uyğunlaşmadığının şahidi ola bilərik. Maliyyə sistemi də bütöv iqtisadi sistemin bir hissəsidir və əhəmiyyətli dəyişikliklər fonunda dialoqu daha da intensivləşdirmək, ümumi problemlərin üzərində birgə işləmək vacibdir. Konkret olaraq kreditəşməyə gəlincə isə onu deyərdim ki, iqtisadiyyatın ən sağlam subyektləri bu baxımdan bir korluq çəkmirlər. Əlbəttə manat resurslarının az olması kreditləşmənin istənilən səviyyədə olmasına mane olur, lakin həm milli valyutamızın stabilləşməsi, həm də Cənab Prezidentimizin başladığı yeni iqtisadi təşəbbüslərin bəhrəsini verməyə başladığı dövrdə bankların da fəaliyyətində, həmçinin kreditləşmə sahəsində irəliləyişlər olacaqdır.

  • BB:Bank BTB-nin strateji hədəfləri və biznes modeli necə formalaşıb? Bankın fəaliyyətinin nəticələri və dayanıqlıq göstəriciləri sizi qane edirmi?

RS: İndiki şəraitdə strateji hədəflərdən fokusun itirilməməsi nə qədər çətin olsa da, biz Bank BTB olaraq çalışırıq ki, perspektivləri düşünək və sabahki günə daha hazırlıqlı, daha güclü və daha motivləşdirilmiş şəkildə çıxaq. Qeyd etdiyim ki, bu gün ən təhlükəli tendensiya gündəlik problemlərə qapılmaqdır və ona görə də biz artıq bu ilin əvvəlindən növbəti üç il üçün strateji planlaşma prosesinə başladıq. Hara və necə getməyimizi anlayırıq. Bunun üçün bizim kifayət qədər resurslarımız da vardır, həm maliyyə, həm insan, həm də infrastruktur formalaşdırılmışdır. Böhran şəraitində requlyatorun görəcəyi ən əsas işlərdən biri nəzarətin gücləndirilməsi, prudensial normativlərə riayət olunmasını təmin etməkdir. Biz də bu təşəbbüsü dəstəkləyirik və ona tam riayət olunmasına nail olmuşuq. Bununla yanaşı bankın inkişafına da yer ayırırıq. Bu il xidmət şəbəkəmizi həm regionlar istiqamətində, həm də Bakıda genişləndirmişik. İl ərzində aktivlərimizin həcmində də ciddi artıma nail olmuşuq. Ona görə deyə bilərəm ki, bəli, mən bankın fəaliyyətindən razıyam.

  • BB:Son illərdə qlobal və milli səviyyədə baş vermiş dalğalanmalar əhalinin bank sisteminə etimadını müəyyən qədər zədələyib. Sizcə sektora inamın bərpası üçün hansı işlər görülməlidir?

RS: Mən deməzdim ki, banklara əhalinin inamı yoxdur. Banklar özləri üçün ən çətin dövrdə əhalinin əmanətlərini dəyərsizləşmədən qorumuş oldular, əmanətçilərin devalvasiyadan çəkə biləcəyi zərəri özlərinin mənfəəti və kapitalı hesabına üzərinə götürdülər. Bəzi banklar buna tab gətirə bilmədi və hətta belə olan halda dövlət tərəfindən bütün qorunan əmanətlər tam həcmdə və yubadılmadan əhaliyə kompensasiya olundu. Eyni şəkildə valyuta məzənnəsinin kəskin şəkildə dəyişməsindən əziyyət çəkən borcalanlara qarşı da bankımız da daxil olmaqla bir çox banklar müəyyən güzəştlər tətbiq etməyə başladılar. Və bütün bunlar yenə də öz vəsaitləri, kapitalı hesabına. Digər məsələlərdə də biz böyük həcmdə yükü öz üzərimizə götürməli olduq. Doğrudur bir sıra islahatlar artıq aparılmışdır, əmanətlərin tam həcmdə qorunması, onlar üzrə əhali gəlirlərinin vergidən azad edilməsi kimi və s. Lakin görüləcək hələ bir sıra işlər vardır. Sektora inamın bərpa edilməsi üçün onun gücləndirilməsi lazımdır. İlk növbədə kreditlərin ödənişində intizamın bərpa edilməsi istiqamətində məhkəmə-icra mexanizmlərinin çevikliyinin artırılması, təminat qismində götürülmüş daşınar və daşınmaz əmlakların realizasiya mexanimzlərin inkişaf etdirilməsi, vergi qanunvericiliyi çərçivəsində bankların etdiyi güzəştləri nəzərə alaraq onlara qarşı vergi yükünün azaldılması və s. Ümumilikdə, bank sektoru iqtisadiyyatın qan-damar sistemidir. Bu o deməkdir ki, iqtisadi orqanizmin sağlam fəaliyyəti qan-damar sistemini də işə salar və o da öz növbəsində orqanizmin inkişafının təmin etməyə başlayar.

  • BB:Dünya ölkələrində, xüsusilə inkişaf etmiş maliyyə bazarlarına malik ölkələrdə “Fintech” əsas həllidici amillərə çevrilir. Bu tendensiyaların Azərbaycan bank sisteminə orta və uzunmüddətli perspektivdə təsirləri necə ola bilər? Bank BTB-nin rəqəmsallaşma (digitization) üzrə planları nədən ibarətdir?

RS:Fintech məfhumu çox geniş mənaya malikdir və bu gün dəbdədir. Halbuki, artıq neçə illərdir elə Azərbaycanın özündə də banklar Fintech-in müxtəlif baza ünsürlərini tətbiq edirlər. Bu prosesin dərinləşməsi və dünya səviyyəsinə çıxması labüddür. Birincisi, ökəmiz həmişə texnoloji yeniliklərin tətbiqinə çalışır, eyni şəkildə əhalimiz də həmişə innovativ düşüncəyə malik olub, ən yeni qadjetlərdən istifadə etməyə can atıb. İkincisi, bank sektoru respublika müstəqillik əldə edən gündən bu yana iqtisadiyyatın ən korporativ və texnoloji inkişaf etmiş sektoru olmuşdur. Və nəhayət Azərbaycanın qeyri-neft sektorunu inkişaf etdirmək planları, yeni investorların ölkəyə cəlb olunması ölkənin maliyyə texnologiyalarının (Fintech) daha inkişaf etdiyi qlobal iqtisadi sistemə inteqrasiyasını sürətləndirəcək. Bütün bunlar bank sisteminə ciddi təsir edəcək. Banklar idarəetmə sistemlərini təkmilləşdirməli, marjaların sıxılması şəraitində əməliyyat operativliyini artırmalı, uzunmuddətli perspektivdə “artificial intelligence” sistemlərinin tətbiqi aktuallaşacaq. Bank sahəsində çalışan kadrların bilik və bacarıqlarına tələblər xeyli dəyişəcəkdir və bu haqda artıq bu gün bankirlər, təhsil mütəxəssisləri, gənclərlə işləyən qurumlar düşünməlidir. Bu perspektivlər ən vacib aspekt olan məlumat təhlükəsizliyinin yeni səviyyəyə çıxarılmasını labüd edir. Təsəvvür edin ki, bu qədər kompleks dəyişmələr bank sektorunu necə inkişaf etdirəcəkdir. Bunun üçün isə bu gün bankların dayanıqlığının təmin edilməsi olduqca vacibdir. Bank BTB ən gənc bank olmasına baxmayaraq texnoloji inkişaf baxımından xeyli irəliləmişdir. Bizim İT-infrastrukturumuz öz çeviklik və təhlükəsizlik göstəricilərinə görə ölkədə ən qabaqcıllardandır və biz bununla kifayətlənmirik, çünki bu bazadır, bunun üzərində böyük planlar qurmaq olar. Planlarımız isə çoxdur. Bura həm internet-bankinqin tam fərqli səviyyəsi, yeni innovativ hesablaşma məhsulları, daxili proseslərin rəqəmsalaşdırılması və s. Bütün bu işlərin reallaşdırılmasını biz uzunmüddətli inkişafa hazırlıq mərhələsi kimi qiymətləndiririk.

  • BB:Ölkəmizin post-neft dövrünə daxili olması yeni iqtisadi inkişaf modelinə transformasiyasını zəruri edir. Azərbaycan bank sisteminin bu transformasiyaya töhvəsini necə görürsünüz?

RS:Yeni dövr hər birimiz qarşısında ciddi çağırışlar edir. Bu prosesdə dövlət, sahibkarlar, maliyyə sektoru və bütövlükdə cəmiyyət birgə fəaliyyət göstərməli, respublikada həyata keçirilən islahatları dəstəkləməlidir. Bankımız olaraq biz xeyli sayda yeni bizneslərə dəstək olmuşuq, dövlətin prioritet hesab etdiyi sahələrə həm fondlar vasitəsilə, həm də öz resurslarımız hesabına kredit qoyuluşları etmişik. Bankın işi təkcə maliyyə vəsaitinin ayrılması ilə bitmir, biz kreditləşdirdiyimiz sahibkarlarla öz təcrübəmizi bölüşürük, analitik məlumatlarla paylaşırıq. Bunun əsasları onunla bağlıdır ki, bir tərəfdən banklar həmişə korporativ idarəetmədə ən yaxşı dünya təcrübəsinin daşıyıcıları olmuşlar, digər tərəfdən biz peşəmizlə əlaqədar olaraq həm müxtəlif əhali qrupları, həm fərqli sahələrdə çalışan sahibkarlar, həm də dövlət qurumları ilə ünsiyyətdə oluruq. Beləliklə, banklar və biznes arasında olan ünsiyyət genişləndirilməlidir, təkcə kreditləşmə və digər bank xidmətləri çərçivəsindən daha geniş olmalıdır. Dövlətimizin prioritet seçdiyi sahələri inkişaf etdirməkdə də bankların rolu əvəzsizdir, biz bizneslərə daha yaxın olmaqla bərabər, onları risk baxımından qiymətləndirmə mexanizmləri formalaşdırmışıq ki, bu da dövlətin güzəştli maliyyələşmə prosesinin effektivliyini və obyektivliyini artıra bilər.

  • BB:Korporativ Sosial Məsuliyyətlilik çərçivəsində, sosial layihələrin həyata keçirilməsi bankınız üçün nə dərəcədə prioritetdir?

RS:Bankımızın strateji baxışının əsasında cəmiyyətlə münasibətdə KSM siyasəti durur. Bu bizim bu mövzuya nə qədər dəyər verdiyimizin göstəricisidir. Bu il qarşımızda duran çətinliklərə baxmayaraq, ilin KSM tədbirlər planı tam həcmdə həyata keçirilmişdir. İrili xırdalı 10-a yaxın layihə həyata keçirilmişdir ki, onlar haqqında ictimaiyyət məlumatlandırılır. Burada da məqsəd reklam xarakterli imicin yaradılması deyil, məhz ictimaiyyət ilə sağlam ünsiyyətin qurulması, cəmiyyətin üzləşdiyi problemləri bilmək, yeni ehtiyacları qarşılamaqdır. Yeri gəlmişkən, noyabr ayının 9-u bankımızın komandasının iştirakı ilə Bayraq günü münasibətilə kütləvi ağac əkimi aksiyası keçiriləcəkdir. Belə ekoloji layihələrlə bərabər, gənclərin təhsili, səhhətində problemi olan uşaqlara yardım ilə bağlı layihələr də həyata keçiririk və ümumiyyətlə çətinliklər yaşayan insanlara kömək əli uzatmaqdan şərəf duyuruq.

  • BB:Rza müəllim, Siz həm də, peşəkar rəssamsınız. Bu sahədəki uğurlarınız barədə oxucularımıza məlumat verməyinizi xahiş edirik

RS:Bəli, çoxları bəlkə də Azərbaycan Rəssamlar İttifaqının üzvü olduğumdan xəbərsizdir. Rəsmlə ən kiçik yaşlarından məşğulam, artıq 25 ilə yaxındır. Əsasən kətan üzərində yağlı boya ilə işləyirəm, bu mənə daha çox sərbəstlik verir. Son illərdə bir neçə fərdi sərgilərim də olub, ölkəmizdə və xaricdə. Lakin çox böyük təəssüf hissi ilə deməliyəm ki, son vaxtlar yaradıcılıqla istədiyim qədər məşğul ola bilmirəm. Amma söz verirəm ki, ona daha çox vaxt ayıracam.

  • BB:Son olaraq, sektorda yeni fəaliyyətə başlayan “Banking Baku” jurnalı haqqında tövsiyələrinizi dinləmək bizim üçün çox maraqlı olardı.

RS:Çox şadam ki, ölkəmizdə belə bir jurnal işıq üzü görmüşdür. Sektorun problemlərini, analitikasını ictimaiyyətə çatdırmağa, elə biz bankirlər arasında da daha dərin dialoqun qurulmasına böyük ehtiyac vardır. Sizin kimi gənc, proqressiv və yüksək təhsilli mütəxəssislər bu işin başında durubsa, əminəm ki, bu işlərin öhdəsindən uğurla gələcəksiniz. Sizə və komandanıza bu məsuliyyətli amma şərəfli işdə uğurlar arzulayıram!

BB:  Çox təşəkkür edirəm!



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir