Search
011c12003d78f772e548b48bdd8ccdc0

Bakıətrafı qəsəbələrdə güzəştli kreditlərdən istifadə etməklə istixanalar yaradılır

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu sahibkarlıq subyektlərinin investisiya layihələrinin güzəştli qaydada maliyyələşdirilməsi və sahibkarların maarifləndirilməsi tədbirlərini davam etdirir.

Bu məqsədlə Bakıətrafı qəsəbələrdə və regionlarda mütəmadi olaraq işgüzar forumlar təşkil edilir. Növbəti belə tədbir – sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forum sentyabrın 29-da Sabunçu rayonunun Bakıxanov qəsəbəsində keçirilib. İşgüzar forumda sahibkarlara güzəştli kreditlərin alınması mexanizmi barədə məlumatlar verilib, Sabunçuda həyata keçirilməsi məqsədəuyğun hesab olunan nümunəvi layihələr təqdim olunub, sahibkarların investisiya layihələri maliyyələşdirilib.

120-dən çox sahibkarın iştirak etdiyi işgüzar forum çərçivəsində Sabunçu rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan ixtisaslaşdırılmış “yaşıl market”in, istixana təsərrüfatlarının, ət kəsimi, üzlük daşlar, plastik qablar və corab istehsalı müəssisələrinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilmiş, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi vurğulanmış, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanmışdır.

Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev bildirib ki, 2016-ci ilin ötən dövrü ərzində ölkə üzrə 1791 sahibkarlıq subyektinin investisiya layihəsinin maliyyələşdirilməsinə 117,5 milyon manat güzəştli kredit yönəldilib. Bu kreditlər hesabına maliyyələşdirilən layihələrin reallaşdırılması 5600-ə yaxın yeni iş yerinin yaradılmasına imkan verir. Ümumilikdə isə, indiyədək Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair dövlət proqramları çərçivəsində paytaxt qəsəbələrində sahibkarlıq subyektlərinin 1300-ə yaxın investisiya layihəsinin maliyyələşdirilməsinə 342,8 milyon manat güzəştli kredit verilib.

İşgüzar forum çərçivəsində müvəkkil kredit təşkilatları vasitəsilə 18 sahibkarlıq subyektinə 5,3 milyon manat güzəştli kredit verilib. Verilən kreditlər əsasən, heyvandarlıq, quşçuluq, tərəvəzçilik, istixana kompleksinin yaradılması, un məmulatları, mebel, qapı-pəncərə istehsalı və s. sahələrin inkişafına yönəldiləcək. Bu kreditlərin reallaşdırılması 170-dən çox yeni iş yerinin yaradılmasına imkan verir.

Forum çərçivəsində Sabunçu rayonunun Maştağa qəsəbəsində tərəvəz məhsulları istehsal edən müasir istixana təsərrüfatına baxış keçirilib. Ümumilikdə, son illər Bakı qəsəbələrində 32 müasir istixana kompleksinin yaradılmasına 95.8 milyon manat güzəştli kredit verilib. Dövlətin maliyyə dəstəyi ilə tərəvəz məhsulları istehsal edən istixanaların yaradılması tərəvəz istehsalının və ixracının artırılması imkanlarını daha da genişləndirir. 

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir