Search
neriman m

Azərbaycan gənclərinin Vyanadakı uğurları

Vyana Beynəlxalq Mərkəzində (VBM) Novruz bayramı ilə əlaqədar tədbirlər çərçivəsində gənc Azərbaycan rəssamları Dilşad İmranova və Nərmin Abdullayevanın əsərlərindən təşkil olunmuş “Rənglərin əks sədası” adlı sərginin açılışı olub.

Sərgidə Azərbaycanın Avstriyadakı səfiri Qalib İsrafilov, Azərbaycan Müasir İncəsənət Mərkəzinin direktoru Çingiz Xəlilov, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin əməkdaşı Bəxtiyar Siracov, Azərbaycan səfirliyinin əməkdaşları, Vyanada təhsil alan azərbaycanlı tələbələr, Vyana şəhər sakinləri, müxtəlif ölkələri təmsil edən VBM-də əməkdaşları iştirak ediblər. Sərgidə hər iki rəssamın Novruz bayramı və vətənpərvərlik mövzusu ilə bağlı, insanın daxili aləmini, mənəviyyatını müxtəlif çalarlarla, bədii obrazlar vasitəsi ilə əks etdirən ən gözəl əsərləri nümayiş etdirilir

VBM nəzdində fəaliyyət göstərən incəsənət klubunun rəhbəri Raymond Nader sərginin Azərbaycan mədəniyyəti və incəsənətinin, xüsusilə də rəngkarlıq sənətinin gözəl nümunələrinin dünya səviyyəsində yayılmasında, təbliğ edilməsində, Azərbaycan rəssamlarının beynəlxalq aləmdə tanındılmasında əvəzsiz rolunun olduğunu vurğulayıb. Daha sonra o, Dilşad və Nərminə sərgiyə təqdim etdikləri gözəl işlərinə, sərginin hazırlanmasında fədakarlıqla çalışdıqlarına görə minnətdarlıq edib və onlara gələcəkdə daha da möhtəşəm uğurlar qazanmaları arzusunu dilə gətirib.

Azərbaycanın Avstriyadakı səfiri Qalib İsrafilov VBM incəsənət klubunun rəhbərliyinə, sərginin təşkilində əməyi keçən bütün əməkdaşlarına minnətdarlığını bildirib, kluba mədəniyyətlərarası bağların möhkəmləndirilməsində göstərdiyi əvəzsiz xidmətlərinə görə təşəkkür edib. Səfir həmçinin Azərbaycanda mədəniyyətin, incəsənətin inkişafında qazanılmış nailiyyətlərdən söhbət açıb, Novruz bayramının xalqımızın mənəvi həyatında, tarixi yaddaşında tutduğu xüsusi dəyərli yerindən bəhs edib, Dilşad və Nərminə yaradıcılıq uğurları arzulayıb.

Aprel ayının 1-dək davam edəcək sərgidə zövq oxşayan əsərlər seyrçilərin doğma vətənimizi daha dərindən tanımasına, adət-ənənələrimizin və tariximizin qədim köklərini öyrənməsinə bir vasitə olacaq. Sərgi rəngkarlıq sənətimizin, ümumiyyətlə incəsənətimizin dəyərli məziyyətlərinin təbliğ edilməsinə qiymətli bir töhfə verəcək.

Bu sərgi VBM-nin fəaliyyət göstərdiyi 50 ildən artıq bir müddət ərzində Azərbaycandan gələn ilk sərgidir.

Qeyd edək ki, Dilşad İmranova tanınmış bankir – Nəriman İmranovun qızıdır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir