Search
IMG_5584

Azərbaycanda əczaçılıq məhsullarının istehsalı zavodunun təməli qoyuldu

IMG_5515Noyabrın 2-də Pirallahı Sənaye Parkında Azərbaycanın İqtisadiyyat naziri Şahin Mustafayevin və Rusiya Federasiyasının İqtisadi İnkişaf nazirinin müavini Aleksandr Sıbulskinın iştirakı ilə “Azərbaycan İnvestisiya Şirkəti” ASC, “Vita-A” MMC və Rusiya Federasiyasının “R-Pharm” şirkətinə daxil olan “AR-Pharm” MMC şirkətləri arasında “Hayat Pharm” əczaçılıq məhsullarının istehsalı zavodunun yaradılması üzrə Səhmdarlar Sazişi imzalanıb.

Sənədi “Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin icraçı direktoru Rövşən Nəcəf, “Vita-A” MMC-nin direktoru Murad Sadıxov, “R-Pharm” şirkətinin İdarə Heyətinin sədri Aleksey Repik imzalayıblar. Sənədə əsasən, əczaçılıq zavodunun tikintisi məqsədilə yaradılmış “Hayat Pharm” birgə müəssisəsində “Azərbaycan İnvestisiya Şirkəti” ASC 10%, “Vita-A” MMC və “AR-Pharm” MMC isə hər biri 45% iştirak payına malikdir.

IMG_5547Sonra “Hayat Pharm” əczaçılıq zavodunun təqdimatı keçirilib. Bildirilib ki, investisiya dəyəri 74 mln. ABŞ dolları olan zavodda onkologiya, QİÇS, sinir sistemi, kardio-vaskulyar, diabet, sümük-əzələ və tənəffüs sistemi təyinatlı dərmanlar, antibiotiklər, virus əleyhinə, diareya və qusmaya qarşı preparatlar, həmçinin rentgen-kontrast və maqnit rezonans müayinələr üçün əlavələr istehsal ediləcək. Ümumilikdə zavodda birinci mərhələdə 58 təsiredici maddə üzrə 89 çeşiddə dərman istehsal olunacaq. Zavodun illik istehsal gücü 22,5 mln. qutu və ya 500 milyon ədəd həb və kapsul təşkil edəcəkdir. Gələcəkdə istehsalın genişləndirilməsi nəzərdə tutulur.

Layihənin reallaşdırılmasında qabaqcıl texnologiya və avadanlıqlardan, Avropanın aparıcı şirkətlərinin mühəndislik işlərindən istifadə olunacaq. Belə ki, əczaçılıq zavodu yüksək dərəcəli izolyasiya, avtomatlaşdırma və öz sinfində ən yaxşı istehsal həllərinə malik yeni nəsil dərman istehsalı GMP istehsalat praktikası, həmçinin ÜST Texniki Hesabat siyahısı, ISPE Qabaqcıl Təcrübə Təlimatının tələblərinə və digər beynəlxalq norma və qaydalara uyğun olacaq.

IMG_5567“Hayat Pharm” əczaçılıq zavodu Azərbaycanda əczaçılıq sənayesinin inkişafında və məşğulluğun təmin olunmasında əhəmiyyətli rol oynamaqla, yerli istehsal hesabına əhalini keyfiyyətli dərman məhsulları ilə təmin edəcək, bu sahədə idxaldan asılılığı azaldacaq və ixrac potensialını artıracaqdır. Layihə çərçivəsində 200-dən çox yeni iş yeri yaradılacaqdır.

Sonra Azərbaycanın İqtisadiyyat naziri Şahin Mustafayev və Rusiya Federasiyasının İqtisadi İnkişaf nazirinin müavini Aleksandr Sıbulskinın iştirakı ilə “Həyat Pharm” əczaçılıq zavodunun təməli qoyulub.

Tədbir çərçivəsində həmçinin, “Həyat Pharm” şirkətinə Pirallahı Sənaye Parkının rezidenti statusu verilib.

Qeyd: Azərbaycan Respublikasının Prezidentinin 14 sentyabr 2016-cı il tarixli Sərəncamı ilə yaradılmış Pirallahı Sənaye Parkı əsasən əczaçılıq sahəsi üzrə ixtisaslaşacaq. Artıq Pirallahı Sənaye Parkında fəaliyyət göstərəcək Rusiya və İran şirkətləri ilə ilkin razılıqlar əldə edilib. Bununla belə, ölkəmizdə əczaçılıq sənayesinə maraq göstərən bir sıra Avropa ölkələrinin, Türkiyə və Yaponiyanın aparıcı şirkətləri ilə danışıqlar aparılır.

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir