IMG_3560

Azərbaycanın Sumqayıt və İranın Ərdəbil şəhərləri bu səbəblərdən qardaş şəhərlərə çevrilə bilərlər

İqtisadiyyat naziri Şahin Mustafayev ölkəmizdə səfərdə olan İran İslam Respublikasının Ərdəbil əyalətinin valisi Məcid Xudabəxşin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Görüşdə nazir Şahin Mustafayev Azərbaycan və İran dövlət başçılarının qarşılıqlı səfərlərinin, keçirilən görüşlərin, imzalanan sənədlərin ölkələrimiz arasında əlaqələrin inkişafında mühüm əhəmiyyətini vurğulayıb. Azərbaycan-İran iqtisadi əlaqələri barədə danışan Şahin Mustafayev iki ölkənin bölgələri arasında da əlaqələrin genişləndirilməsinin vacibliyini qeyd edib. Bildirilib ki, bu ilin yanvar-avqust aylarında ölkələrimiz arasında ticarət dövriyyəsinin həcmi əhəmiyyətli dərəcədə artıb, Azərbaycan iqtisadiyyatına maraq göstərən İran şirkətlərinin sayı çoxalıb, enerji, nəqliyyat, kənd təsərrüfatı, turizm və səhiyyə sahələrində əlaqələrimiz uğurla davam etdirilir. Bununla belə, bu sahələrdə əlaqələrin inkişafı üçün böyük potensial var. Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin önəmli həlqələrindən olan Astara çayı üzərində dəmir yolu körpüsünün və Azərbaycanda 8,3 km-lik dəmir yolu xəttinin tikintisi, ölkəmizdə İran şirkəti tərəfindən dərman istehsalı zavodunun tikintisi layihəsi üzrə işlər görülür. Neftçala Sənaye Zonasında Azərbaycan-İran birgə layihəsi olan avtomobil zavodunun təməlinin qoyulduğunu qeyd edən iqtisadiyyat nazirı İran şirkətlərini, eləcə də Ərdəbil vilayətindən olan iş adamlarını sənaye zonalarında yaradılmış əlverişli imkanlardan yararlanmağa dəvət edib. Görüşdə İran şirkətlərinin əczaçılıq sahəsi üzrə ixtisaslaşacaq Pirallahı Sənaye Parkının imkanlarından da yararlana biləcəyi diqqətə çatdırılıb.

İran İslam Respublikasının Ərdəbil əyalətinin valisi Məcid Xudabəxş Ərdəbil əyalətinin iqtisadiyyatı, o cümlədən infrastukturu, kənd təsərrüfatı məhsulları istehsalı və emalı müəssisələri barədə məlumat verib, Azərbaycanın Sumqayıt və İranın Ərdəbil şəhərlərinin qardaşlaşmasını təklif edib.

Görüşdə iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsi imkanları, qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edillib.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir