1

Azərbaycan Dövlət İqtisad Universitetinin professor-müəllim heyəti Sumqayıt Kimya Sənaye Parkında olub

Dekabrın 7-də Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru Ədalət Muradov və universitetin professor-müəllim heyəti Sumqayıt Kimya Sənaye Parkında (SKSP) olub.

İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə reallaşdırılan səfər zamanı əvvəlcə Sumqayıt Kimya Sənaye Parkının ofisində görüş keçirilib, SKSP-də görülən işlər barədə məlumat verilib, təqdimat keçirilib. Bildirilib ki, Sənaye və Sosial zonalardan ibarət olan və ümumi ərazisi 295,62 hektar təşkil edən Sumqayıt Kimya Sənaye Parkının yeraltı və yerüstü infrastrukturu dövlət büdcəsi tərəfindən maliyyələşdirilir. Hazırda sənaye parkında geniş infrastrukturun və müasir sosial zonanın yaradılması istiqamətində işlər davam etdirilir.

Qonaqların nəzərinə çatdırılıb ki, Sumqayıt Kimya Sənaye Parkının yaradılmasından qısa zaman keçməsinə baxmayaraq, hazırda 9 şirkətə rezident statusu verilib. Bu rezidentlərin layihələri əsasında cəlb edilmiş investisiyaların həcmi 1,1 milyard ABŞ dolları təşkil edəcəkdir. İnfrastruktur işləri ilə yanaşı, sənaye parkına yeni rezidentlərin cəlb edilməsi və parkın təbliği istiqamətində işlər davam etdirilir.

Vurğulanıb ki, Sumqayıt Kimya Sənaye Parkının ərazisində 500 tələbənin təhsil ala biləcəyi Peşə Tədris Mərkəzi fəaliyyət göstərəcək. Mərkəzdə auditoriyalar, fənn və peşə otaqları, kitabxanalar, yaradıcılıq otaqları, tibb məntəqəsi, təqdimat otağı, arxiv, muzey, akt zalı, laboratoriyalar, yeməkxana və s. olacaq. Mərkəzdə sənayenin müxtəlif istiqamətləri üzrə 30-a yaxın (kimya, inşaat, mexatronika və s.) peşə hazırlığı həyata keçiriləcək. Tədris Mərkəzinin işini Avropa standartlarına uyğun qurmaq məqsədilə Almaniya təhsil sisteminin kurikulumlarına müvafiq olaraq “Paralel təhsil” modeli tətbiq olunacaq. Tədris prosesi təhsil-təcrübə-tətbiqetmə ardıcıllığı üzrə həyata keçiriləcək. Yaxın zamanlarda Peşə Tədris Mərkəzinin istifadəyə verilməsi və növbəti tədris ilindən fəaliyyətə başlaması nəzərdə tutulur. Eyni zamanda sənaye parkında 3 təcrübə emalatxanası tikiləcək. Mərkəzdə təhsil alanların əldə etdikləri biliklərin təcrübədən keçirilməsi üçün emalatxanalarda lazımi şərait yaradılması nəzərdə tutulur.

Görüşdə Sumqayıt Kimya Sənaye Parkının rezidentləri və onların istehsal edəcəkləri məhsullar, eləcə də Mingəçevir, Qaradağ və Pirallahı sənaye parkları haqqında məlumatlar qonaqların diqqətinə çatdırılıb. Qeyd olunub ki, sənaye parkının rezidentlərinin qeydiyyatı “bir pəncərə” sistemi ilə həyata keçirilir və rezidentlər 7 il müddətinə mənfəət, əmlak və torpaq vergilərindən, həmçinin idxal olunan texnika, texnoloji avadanlıqlar və qurğulara görə ƏDV-dən və gömrük rüsumundan azaddır. Bütün bunlar isə investisiya layihələrini daha səmərəli edir.

2 3 4




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir