Search
333532

Ağsuda güzəştli kredit hesabına yaradılmış iri fermer təsərrüfatında bol taxıl yetişdirilib

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin investisiya layihələrinin maliyyələşdirilməsini davam etdirir.

İyunun 9-da bu istiqamətdə növbəti tədbir – sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forum Ağsu rayonunun Muradlı kəndində keçirilmişdir. Tədbirdə  sahibkarlara güzəştli kreditlərin alınması mexanizmi barədə məlumat verilmiş, Ağsuda həyata keçirilməsi məqsədəuyğun hesab olunan nümunəvi layihələr təqdim olunmuş, sahibkarların investisiya layihələri maliyyələşdirilmişdir.

80-ə yaxın sahibkarın iştirak etdiyi forumda Ağsu rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan intensiv bağçılıq, cins heyvandarlıq və arıçılıq təsərrüfatlarının, pendir istehsalı və meyvə emalı müəssisələrinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilmiş, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin güzəştli kreditlər hesabına maliyyələşdiriləcəyi bildirilmiş, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanmışdır.

Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev məlumat vermişdir ki, 2016-cı ilin ötən dövrü ərzində 1100-ə yaxın sahibkara 57,3 milyon manat güzəştli kredit verilmişdir ki, bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 2200-dən çox yeni iş yerinin yaradılmasına imkan verir. Qeyd edilmişdir ki, ümumilikdə, indiyədək Dağlıq Şirvan iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 1800-ə yaxın investisiya layihəsinin maliyyələşdirilməsinə 64,3 milyon manat güzəştli kredit verilmiş, digər sahələrlə yanaşı, müasir texnologiyaların tətbiqinə əsaslanan logistika mərkəzlərin, ixtisaslaşdırılmış “yaşıl market”in, çörək zavodunun, quşçuluq fabrikinin, heyvandarlıq komplekslərinin, üzümçülük, bağçılıq təsərrüfatlarının, tikinti materialları istehsalı müəssisəsinin yaradılması və s. sahələr üzrə investisiya layihələri maliyyələşdirilmiş, 5100-dən çox yeni iş yerinin açılması imkanı yaradılmışdır.

İşgüzar forum çərçivəsində Ağsu və ətraf rayonlardan olan 51 sahibkara 371 min manat güzəştli kredit verilmişdir. Verilmiş kreditlər əsasən, heyvandarlıq, kartofçuluq, bağçılıq, arıçılıq sahələrin inkişafına yönəldiləcəkdir. Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması hesabına 50-dən çox yeni iş yerinin açılması mümkün olacaq.

Forum çərçivəsində güzəştli kreditlərdən istifadə etməklə Ağsu rayonunun Gəgəli kəndində 2000 ha ərazidə yaradılmış iri fermer təsərrüfatına baxış keçirilmişdir.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin tapşırığına uyğun olaraq, 19 rayonda 40 min hektardan artıq sahədə 30 iri fermer təsərrüfatı yaradılır. Bu təsərrüfatların yaradılmasına 72,4 milyon manat güzəştli kredit verilmişdir. Hazırda təsərrüfatlarda biçinə hazırlıq işləri aparılır.

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir